Şənbə , May 18 2024
Ana səhifə / İqtisadiyyat / “Ölkədə iqtisadiyyat həyəcan təbili çalır”

“Ölkədə iqtisadiyyat həyəcan təbili çalır”

“Azərbaycanda hökumətin yeni iqtisadi komandasına müəyyən ümidlər var idi – amma, təəssüf ki, bu ümidlər özünü doğrultmadı. Ölkəmiz iqtisadi aktivlik göstəricilərinə görə kəskin geridə qalır, ÜDM artımı cəmi 0,5% olub ki, bu da artım deyil, əslində resessiyanın müjdəsidir”.
Bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
“İqtisadi komanda təşəbbüskar deyil, statik və özünüqoruma instinkti ilə davranır, iqtisadiyyat nazirliyi iqtisadiyyatda baş verənlərə aydınlıq gətirmək əzəzinə dəb sözlər işlədərək qəliz terminlərlə, dünyada trend mövzulara istinadla iqtisadiyyatda baş verən geriləməni ört-basdır etməyə çalışırlar.
Gürcüstanda ÜDM bu il 6,8%, Qazaxstanda 4,7%, Özbəkistanda 5,8%, Moldovada 2%-dən bir az çox artıb. Ermənistanı qeyd etmədim, çünki o ölkədə iqtisadi artım orqanik və dayanıqlı deyil, Rusiyanın sanksiyalardan yan keçməsinə dəstək verdiyinə görədir. Bizdə isə ÜDM cəmi 0,5% artıb, vaxt var idi hökumət ÜDM artımını “analoqu olmayan artım” kimi təqdim edirdi, indi vəziyyət dəyişib, çünki həm neft hasilatı düşür, həm də iqtisadi aktivliyin azalması müşahidə olunur ki, bu tək idarəetmənin fəsadları deyil, həm də iqtisadi komandanın günahıdır.
Hökumətin vergi-gömrük siyasəti doğru deyil, iqtisadi azadlıqlar təşviq edilmir, məhkəmə hakimiyyəti müstəqil və çevik deyil, özəl sektoru boğmaq yox, kömək etmək lazımdır. Amma yanaşmaları tərsinədir – kiçik, mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV məsələsində güzəşt etmək, ərzaq və dərmanların pərakandə satışında ƏDV-i azaltmaq istəmirlər.
Bir sözlə – iqtisadiyyat həyəcan təbili çalır, məmləkətin isə getdikcə artan xərcləri var, bir tək işğaldan azad olunan torpaqların bərpasına yaxın 5-6 ildə 60 mlrd. manat əlavə vəsait lazım olacaq. Bu vəsaiti tək büdcə hesabına qarşılamaq mümkün deyil, özəl təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır, bunun üçün isə biznes-dostu hökumətə ehtiyac var. Bizim hökumət isə özəl sektoru “yolmaq” üçün yeni yollar “icad” etməyə çalışır…”

Həmçinin oxuyun

Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? – SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 4 milyard 364 min 589,7 min dollar dəyərində …