Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / “Hökumət SOCAR-a desə, benzinin qiymətini 2 manatdan 1,6 manata sala bilər”

“Hökumət SOCAR-a desə, benzinin qiymətini 2 manatdan 1,6 manata sala bilər”

“44 günlük Vətən Savaşı böyük hərbi qələbə ilə başa çatdı, 30 ilə yaxın həsrət qaldığımız yurdumuzun gözəl guşələri, o cümlədən Şuşa şəhəri düşmən işğalından azad edildi, İranla 123 km-lik sərhədimiz düşməndən təmizlənib nəzarətimizə keçdi, Ermənistanla 410 km-lik yeni sərhəd xəttimiz yarandı, Azərbaycan əsgəri Qafan şəhərinin 2 km-də qürurla öz torpağına sahib çıxdı, ən son Rusiyanın və digər dövlətlərin sərt müqavimətinə, etirazına baxmayaraq Laçında sərhəd-keçid məntəqəmiz quruldu, Azərbaycan Ordusu həm sərhədlərimizə, həm də Xankəndi və ətrafında hələ bizim idarəetməmizdə olmayan ərazilərimizi havadan və qurudan tam nəzarətə götürdü, xarici siyasətdə doğru və ardıcıl addımlar atıldı – yəni, hakimiyyətin, o cümlədən İlham Əliyevin reytinqi çox yüksəldi”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
Ekspert qeyd edib ki, məntiqlə, belə məqamlar ən ağrılı, amma çox vacib islahatlar üçün gözəl zəmin yaradır: “Hakimiyyət hərbi-diplomatik uğurlarını siyasi-iqtisadi islahatlara transformasiya etmək üçün gözəl fürsət qazandı, xalqa hərbi qələbələrin iqtisadi və sosial dividentlərini ödəmək üçün “borcu” formalaşdı. Amma hərbi qələbədən 3 ilə yaxın zaman keçməsinə baxmayaraq hökumət atdığı addımlarla etirazı, narazılığı yüksəltməklə məşğuldur – açığı, bunun rasional izahını tapmaq çox çətindir. Əslində bir neçə addım atmaqla hökumət daha sevilən, daha legitim, daha dəstək qazanan ola bilərdi, amma:
– Media Haqqında sərtləşdirici qanun qəbul etdi,
– Siyasi Partiyalar haqqında siyasətin ruhuna, məntiqinə zidd yeni qanun diktə etdi,
– Quru sərhədləri heç bir izah etmədən qapalı saxladı,
– Söyüdlü hadisələrini idarə edə bilmədi, əslində çox asanlıqla etirazları sıfıra endirə bilərdi (xoş dil, maddi yardımla),
– Nazim Bəydəmirlini həbs etdilər, Elçin Sadıxovu vəkillikdən uzaqlaşdırdılar,
– İnflyasiya və qiymət artımı ilə mübarizə aparmadılar,
– İşğaldan azad edilən torpaqlarımızın məskunlaşdırılması proqramını ciddi ictimai müzakirələrə çıxartmadan səhv yöndən icara etməyə başladılar.
Siyahını uzada bilərəm, amma mənzərəni görmək üçün, məncə, yetərlidir. Yaxşı, axı çox sadə addımlarla insanların, vətəndaşların gözləntilərinə cavab vermək, siyasi mənada daha çox “sevilmək” mümkündür, nədən bu addımlar atılmır?! Məsələn:
– Dünyada neftin qiyməti düşür, paralel olaraq da benzin ucuzlaşır, hökumət SOCAR-a desə, məsələn, Aİ-95, “Premium” markalı benzinin qiymətini dünyada da olduğu kimi ucuzlaşdıra bilər, yəni, 2 manatdan 1,6 manata sala bilər,
– Ərzaq məhsulları və dərman vasitələrində ƏDV-ni ciddi azalda, bununla da qiymətləri ən azı 15% ucuzlaşdıra bilər və bu addım zatən profisiti yüksək olan büdcəyə heç bir yük olmaz,
– Quru sərhədlərin açılması ilə bağlı qərar verə bilər, bunu mərhələli şəkildə edə bilər ki, bu da vətəndaşlarda ciddi rəğbət doğurar,
– Media və Siyasi Partiyalar haqqında qanunlara müsbət, pozitiv dəyişikliklər edə bilər,
– Siyasi islahatların pozitiv tezislərini yeni Konstitusiya referendumu ilə bəyan edə bilər,
– İxracı təşviq edən və daxili bazarı tənzimləyən qanunlar toplusu qəbul edə bilər – məsələn, ixrac tam sərbəstləşir (hətta reeksport da, burada gözəl fürsətlər var), daxili bazarda isə idxal üzərinə qoyulan məntiqsiz məhdudiyyətlər (məsələn, fiziki şəxslərə 300 dollarlıq mal sifarişi məhdudiyyəti 1000 dollara qaldırılır, şəxsi istifadə üçün gətirilən telefon, kompyuter və s. texniki avadanlıqlara tədbiq edilən mənasız vergi-rüsum yükü) ləğv edilir,
– İlk addım kimi heç olmasa hər ailədə 2-ci uşağa ayda 100 manat “uşaqpulu” verilməsi ilə bağlı qərar verilir (buna ilə cəmi 1 mlrd. manat vəsait lazımdır ki, bu da büdcədə var).
Bütün bu sadaladıqlarımın böyük əksəriyyəti siyasi qərara bağlıdır, iqtisadi yükü yox dərəcəsindədir. Vergi-gömrük endirimlərinin və uşaqpulunun büdcəyə yükü isə maksimum ilə 3 mlrd. manata yaxın olacaq ki, bu da itirilmiş vəsait sayılmaz, zatən vətəndaş vergi-gömrükdən qənaət etdiyini, aldığı uşaqpulunu yenə iqtisadiyyata qaytaracaq, ticarət və xidmət sektorunun dövriyyəsi artacaq ki, bu da pulların bir hissəsinin yenidən büdcəyə dolayı yolla qayıtmasına səbəb olacaq.
Yaxşı, cəmiyyətdə gərginlik və pessimizmin azaldılması yolu bu qədər sadə, bu qədər “ucuzdursa”, hökumət nədən bunları etmir?! Niyə etirazın və narazılığın akkumulyasiya olunması ilə məşğuldur?! Nə səbəbə göz görə-görə dövlət institutunun dəyərdən və nüfuzdan düşməsinə səbəb olan addımlar atırlar?! Məntiqlə, axı bütün bunlar ilk növbədə özlərinə ziyandır, çünki yığılın enerji itmir, günün birində transformasiya olunub, bəzən dağıdıcı güclə kənara çıxır – bəyəm bunu bilmirlər?! Axı bizim hamımız məmləkətin təkamül yolu ilə inkişafını, təlatümlərdən yan keçməsini, siyasi və iqtisadi islahatların rəvan və ağrısız olmasını istəyirik, elə deyil?! Bəs hökumət nədən bunu istəmir?!
Gəlin birlikdə bu haqda düşünək, müzakirə edək, amma lütfən, ciddi müzakirələr olsun…”

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …