Ana səhifə / İqtisadiyyat / Fermerlər niyə soğana alıcı tapa BİLMİRLƏR? 

Fermerlər niyə soğana alıcı tapa BİLMİRLƏR? 

“Ağdam və Ağcəbədi rayonlarında fermerlər şikayətlənir ki, alıcı olmadığından soğanları sahələrdə və anbarlarda çürüyüb gedir. Araşdırmalarımız zamanı məlum olub ki, problem əsasən yetişdirilən soğanın keyfiyyətsiz olmasındadır. 

Əldə etdiyimiz məlumata görə, becərmə dövründə sahələrə normadan 2 dəfə artıq azot gübrəsi verilib. Belə vəziyyətdə isə məhsul bol olsa da, keyfiyyət aşağı düşür. Normadan artıq  gübrə verilən soğanı saxlamaq çox çətindir. Ona görə də adını çəkdiyimiz rayonlarda fermerlərin soğanı çürüyür”. 

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyirb. 

O bildirib ki, burada alıcı məsələsi də var:

“Etiraf etməliyik ki, fermerlərin mərkəzi bazarlara və iri ticarət şəbəkələrinə çıxışı yoxdur. Məsələn, iri ticarət şəbəkələri tədarükçüdən depozit tələb edir. Depozitin həcmi isə kifayət qədər böyükdür. Ona görə də hər bir fermer həmin depoziti ödəyə bilmədiyi üçün iri ticarət şəbəkələrinə məhsul çıxara bilmir. 

İri şəhərlərdə təşkil edilən yarmarkalar da effektiv deyil. Ən yaxşı halda şənbə-bazar günü fermer həmin bazara çıxa bilər. Həmin bazarlarda da fermer ən yaxşı halda 200-300 kiloqram məhsul sata bilir. Bundan gələn gəlir isə xərcləri ödəmir. Çünki fermerin Ağdamdan Bakıya və yaxud Sumqayıta gəlib-getməsi və 2 gecə qalması üçün ən azı 100-150 manat lazımdır. 300 kiloqram satmaqla da bu xərci qarşılamaq mümkün deyil. 

Ona görə də yarmarkalar 24/7 işləməlidir ki, fermer gətirdiyi məhsulun hamısını sata bilsin. Təsadüfi deyil ki, bu gün təşkil edilən yarmarkalarda iştirak edənlərin çoxu fermer yox, alverçidir”.

Akif Nəsirli hesab edir ki, bu məsələdə hökumət fermerlərə yardımçı olmalıdır:

“Bazar iqtisadiyyatı ilə yaşayan əksər ölkələrdə kənd təsərrüfatı məhsullarının bazar və qiymət məsələsini dövlət həll edir. Xüsusi tənzimləmə mexanizmləri düşünülüb tapılır. Məsələn, ABŞ-ın Ayova ştatında bir ildə kartof nəzərdə tutulduğundan xeyli çox istehsal edilib və bolluq nəticəsində kifayət qədər kartof alıcısız qalır. 

Belə hallarda yerli hökümət artıq kartofu fermerlərdən alır ya digər ştatlara satır, yada ki, anbarlara yığır. Məqsəd odur ki, fermer ziyana düşməsin, əli işdən soyumasın. 

Yaxud İranda hər il dövlət taxıl biçini zamanı arpa və buğdanı bazar qiymətindən bir qədər baha alır və daha sonra həmin məhsulu bir qədər ucuz qiymətə emalçılara satır. Yəni dövlət imkan vermir ki, fermerin məhsulu əlində və yaxud sahədə qalsın. Bu gün dövlət fermerə maddi və texniki dəstək göstərir. Fermer də az-çox məhsul istehsal edir”. 

Ekspert digər bir faktor kimi fermerlərlə işin qurulmasındakı problemləri ön plana çıxarıb: 

“Məsələn, bu il buğda bahadırsa, gələn il üçün fermerlər gücü buğdaya verirlər. Gələn mövsüm bolluq yarandığı üçün də buğda alıcısı az olur. Bu praktika digər kənd təsərrüfatı məhsullarında da var. Ona görə də yaxşı olardı ki, aidiyyəti qurumlar fermerlərlə bu istiqamətdə işlər aparsınlar”.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …