Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Dünya Bankı Azərbaycanla bağlı proqnozunu niyə dəyişdi – ŞƏRH

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu niyə dəyişdi – ŞƏRH

Dünya Bankı Azərbaycanda 2021-ci ildə gözlənilən iqtisadi artım proqnozuna yenidən baxıb. Qurum bu ili yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyərinin ötən ilin yekunu ilə müqayisədə 5 faiz çox olacağını gözləyir. Gələn il iqtisadi artım 3,1 faiz, 2023-cü ildə isə 2,7 faiz təşkil edəcək.

Qurum ekspertləri hesab edirlər ki, bu il Azərbaycanda qeyri-neft ÜDM-i 7,1 faiz artacaq. Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq. Qeyd edilir ki, qeyri-enerji sektorunun dinamikası, dövlət investisiyaları, o cümlədən münaqişə sonrası yenidənqurma proqramları ilə birlikdə ümumi iqtisadi artımı dəstəkləyəcək: “Enerji sektorunun artımının əvvəlcədən təyin edilmiş OPEC+ kvotalarına və 2023-cü ilə qədər təbii qaz hasilatının gözlənilən artımına uyğun olaraq sabitləşəcəyi proqnozlaşdırılır, bu da enerji ilə əlaqəli istixana qazı emissiyalarını ümumi azalmasını yavaşladacaq”(APA).

Dünya Bankının iyunda açıqlanan proqnozlarında isə 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsul artımı 2,8 faiz təşkil edəcəyi, 2022-ci ildə ÜDM-in 3,9 faiz, 2023-cü ildə isə 3,4 faiz artacağı qeyd edilirdi.

Eyni zamanda Dünya Bankının iyun hesabatında Azərbaycanda 2021-ci ildə inflyasiya 3,9 faiz ölkədə inflyasiya 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 3 faizədək azalacağı proqnozlaşdırılmışdı. Lakin indiki hesabatda inflyasiya gözləntilərində də dəyişiklik edilib. Belə ki, Dünya Bankına görə, bu il Azərbaycanda istehlak qiymətləri indeksinin orta illik artımı 5,5 faiz təşkil edəcək. 2022-ci ildə inflyasiya səviyyəsi 4,5 faiz, 2023-cü ildə isə 4,1 faiz olacaq.

Xatırladaq ki, 2020-ci ildə ölkə iqtisadiyyatı 4,3, o cümlədən qeyri-neft sektoru 2,6 faiz kiçilib, orta illik inflyasiya isə 2,8 faiz təşkil edib.

Onu da bildirək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində qeyd olunur ki, ölkədə 2021-ci ildə inflyasiyanın 4 faiz civarında olması hədəflənir.

Azərbaycan hökuməti yaxın beşillik ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in orta illik real artım tempinin 4,2 faiz, qeyri-neft ÜDM-in orta illik artım tempinin isə 5,2 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dünən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVİD-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda Bakıda təşkil olunan tədbirdə çıxış edərkən deyib. Onun sözlərinə görə, bu il üçün İqtisadiyyat Nazirliyinin baxılmış proqnozları əsasında illik real artım tempinin 4,8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozlardan əhəmiyyətli dərəcədə çoxdur: “Eyni zamanda 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması, ÜDM-də özəl sektorun payının 88 faizə, qeyri-neft sektoru üzrə ÜDM-də kiçik və orta bizneslərin payının isə 35faizə çatdırılması hədəflənir”.

Göründüyü kimi, həm Dünya Bankının, həm də İqtisadiyyat Nazirliyinin hesablamalarında Azərbaycanda iqtisadi artımın əvvəlki proqnozlardan daha yüksək olacağı göstərilir. Proqnozların belə dəyişməsinin səbəbi nədir? Burada neftin dünya bazar qiymətində müşahidə olunan kəskin bahalaşma hansı paya malikdir?

Dünya Bankı həmçinin Azərbaycandakı inflyasiya gözləntilərini də xeyli artırıb. Qurumun son proqnozları hökumətin hədəfindən kifayət qədər yüksəkdir. Hansı proqnoz reallığa daha yaxındır?



Rəşad Həsənov

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Azərbaycanda indiki iqtisadi göstəricilərə baxdıqda proqnozların müsbətə doğru dəyişməsi başadüşüləndir: “Səkkiz ayda Azərbaycan iqtisadiyyatında 3,6 faiz iqtisadi artım baş verib. Bu artımın neft sektorundan qaynaqlandığını demək çətindir, çünki faktiki olaraq həmin dövr ərzində neft sektorunda 1,2 faiz azalma baş verib. Təbii ki, bu, gözlənilən azalmadan daha yaxşı nəticədir: azalmanın daha kəskin olacağı gözlənilirdi. Məsələyə bu aspektdən yanaşmış olsaq, bu faktın müəyyən qədər təsirini qiymətləndirmək olar. Neftdən əldə olunan gəlirlərin dövlət büdcəsi vasitəsilə xərclənən hissəsində də hər hansı artım olmayıb: büdcəyə yenidən baxılmayıb, Neft Fondundan transfert dəyişməyib. Yəni neft gəlirləri hesabına xərcləmələr artmayıb ki, bunun ÜDM-ə təsiri olsun. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan hökuməti iqtisadiyyatı pandemiyanın təsirlərindən qismən daha tez çıxardı. Çünki 2021-ci ilin yanvar ayından etibarən Azərbaycan hökuməti karantin tədbirlərinin yumşaldılması xətti götürdü, ardıcıl qərarlar qəbul etdi. Bu qərarlar bütün sahələrdə  – kütləvi tədbirlərin təşkilində, ictimai iaşədə, turizmdə, regionlararası nəqliyyat daşımalarında fəaliyyətlərin əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişməsini şərtləndirdi. Hazırda məhdudiyyətlərin tətbiq olunduğu çox az sahələr qalıb. Bütün bunlar ölkədə iqtisadiyyatın bərpasını və iqtisadi artımı sürətləndirdi. Burada diqqət yetirilməli  bir məqam da ondan ibarətdir ki, biz müqayisəni 2020-ci illə aparırıq. 2020-ci ildə iqtisadiyyat 4,3 faiz kiçilmişdi.  Baza kiçilirsə, onun böyüməsi  daha asandır. Böyük ehtimalla, biz ÜDM-in 2019-cu il səviyyəsinə 2022-ci ildə yəqin ki, çata bilərik”.

İnflyasiyaya gəlincə, ekspertin sözlərinə görə, 2022-ci il dövlət büdcəsi sənədindən aydın olur ki, Azərbaycan hökuməti 2021-ci il üzrə inflyasiya hədəfini 6 faizədək qaldırıb: “Bu baxımdan, Dünya Bankının inflyasiya hədəfinin 5,5 faizə qaldırması başadüşüləndir: Bu məsələyə hökumətin yanaşması ilə Dünya Bankının yanaşması arasında yaxınlıq var. Lakin reallıq hər iki proqnozdan xeyli fərqlidir. Çünki xüsusilə gündəlik tələbat, ərzaq məhsullarında qiymət dəyişməsi qat-qat yüksəkdir. Azərbaycan vətəndaşları bunu öz xərcləmələrində açıq hiss edirlər. Dünya Bankı hesablamaları daha çox Azərbaycan hökumətinin verdiyi göstəricilər əsasında aparır. Buna görə də əksər hallarda bu qurumun proqnozları reallıqdan daha çox siyasi hədəflərə uyğun formada ortaya çıxır”. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …