Ana səhifə / İqtisadiyyat / Dövlət şirkətlərinin özəlləşdirilməsi yenidən gündəmdə – hökumət nədən ehtiyat edir?

Dövlət şirkətlərinin özəlləşdirilməsi yenidən gündəmdə – hökumət nədən ehtiyat edir?

Azərbaycanda iri dövlət şirkətlərinin fəaliyyətindəki səmərəsizlik, onların əksəriyyətinin böyük zərərlə işləməsi, eyni zamanda bu şirkətlərdə korrupsiyanın yüksək həddə olması uzun illərdir müzakirə edilən iqtisadi problemlər sırasındadır. Hər bir mühüm sahədə təbii inhisarçı olan bu şirkətlər sanki bataqlığa çevrilib: dövlətin on milyardlarla manat vəsaitini udaraq bir daha geri qaytarmır. Nəinki dövlət vəsaitlərinin, həm də xaricdən dövlət zəmanəti ilə alınan kreditlərin belə səmərəli, şəffaf xərclənməsi müşahidə olunmur.

Üstəlik, həmin şirkətlər dövlət zəmanəti ilə aldıqları kreditləri belə qaytarmır, bunu da büdcə hesabına reallaşdırırlar. Məsələn, 2021-ci ilin dövlət büdcəsinin icrasına dair məlumatdan aydın olur ki, ötən il “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitindən ümumilikdə 1 milyard 373,6 milyon manat, o cümlədən 1 milyard 215,4 milyon manat, 58 milyon ABŞ dolları (98,7 milyon manat) və 29,8 milyon avro (59,5 milyon manat) istifadə edilib. Sənədə əsasən, istifadə edilmiş vəsaitin 880 milyon manatı “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanunun 2.20-ci maddəsinə əsasən dövlət büdcəsinə transfert edilib. Bununla yanaşı, bir sıra dövlət müəssisələrinin dövlət zəmanətli borcları üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən, ümumilikdə 493,6 milyon manat, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin 215,1 milyon manat, “Azərenerji” ASC-nin 101,2 milyon manat, “Azərbaycan Hava Yolları” QSC-nin 34,8 milyon manat, “Azərişıq” ASC-nin 22,5 milyon manat və “Aqrarkredit” QSC-nin 120 milyon manat məbləğindəki öhdəlikləri Təminat Fondunun vəsaiti hesabına icra olunub.

Dövlət şirkətləri niyə zərərlə işləyir: korrupsiya, yoxsa səriştəsizlik?

İri dövlət şirkətlərinin fəaliyyətindəki qeyri-səmərəlilik, onların dövlətin boynunda yükə çevrilməsi dəfələrlə ölkə rəhbərliyi səviyyəsində müzakirə olunub. 2020-ci ilin avqustunda Prezident İlham Əliyev dövlət şirkətlərinin fəaliyyətindən ciddi narazılığını dilə gətirib: “Dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı bu, bilavasitə onun işidir, onun vəzifəsidir.

Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Eyni zamanda israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir – buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır – bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik – yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs bunun səmərəsi haradadır? Axı səmərə ilə işləməlidir”.

Prezidentin bu çıxışından sonra Azərbaycan İnvestisiya Holdinqi yaradılaraq iri dövlət şirkətlərinin böyük əksəriyyəti onun idarəçiliyinə verildi. Holdinqin əsas vəzifəsi şirkətlərin idarəçiliyini şəffaf hala gətirmək, müasir idarəetmə mexanizmləri tətbiq etməklə onların fəaliyyətində səmərəliliyə nail olmaqdır. Ötən müddət ərzində bu şirkətlərdə müşahidə şuraları formalaşdırılıb, bəzilərinin rəhbərliyində dəyişiklik olunub. Ötən ilin fevralında Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında iri dövlət müəssisələrinin özəlləşdirilməsi perspektivi barədə danışıb. Bildirib ki, İnvestisiya Holdinqinin nəyə görə yarandığını hamı bilir: “Bu mənim fərmanımda da qeyd edilib ki, idarəetmə sistemini təkmilləşdirmək üçündür. Dövlət şirkətlərində idarəetmə sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların ”sağılması” məqsədilə istifadə olunur”.

Çox təəssüflər olsun ki, hələ də Azərbaycanda iri dövlət şirkətlərinin fəaliyyətində gözlənilən nəticələri əldə etmək mümkün olmayıb: hələ də onların demək olar ki, hamısı zərərlə işləyir, büdcədən külli miqdarda subsidiya alır, xarici kreditləri dövlət tərəfindən ödənilir. Buna görə də əksər mütəxəssislər çıxış yolu kimi iri dövlət şirkətlərinin özəlləşdirilməsini zəruri hesab edirlər. Bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin fikrincə, Azərbaycan büdcəsinin dövlət şirkətləri tərəfindən səmərəsiz şəkildə istifadə edilməsinin qarşısının alınmasını çox vacibdir. Deputat bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir.

Lakin Azərbaycan hökuməti iri şirkətlərin özəlləşdirilməsi ilə bağlı konkret addımlar atmağa tələsmir. Hətta bu ilin fevralında əvvəl Beynəlxalq Bankın həm də özəlləşdirilməsini nəzərdə tutan Prezident fərmanına dəyişiklik edilib. Belə ki, fevralın 12-də  Prezident İlham Əliyev Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması ilə bağlı 2015-ci ildə verdiyi fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb. 2015-ci il 15 iyul tarixində imzalanmış fərman “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» idi. Başqa sözlə, əvvəlki fərman bankın sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanmasını nəzərdə tuturdu. 12 fevral tarixli fərmana əsasən əvvəlki fərmandan 3 bənd çıxarılıb. Bu bəndlərin hamısı bankın özəlləşdirilməsi ilə bağlı idi.

Maliyyə naziri Samir Şərifov hesab edir ki, dövlət müəssisələrini dərhal özəlləşdirməklə ölkə heç nəyə nail olmayacaq: “Bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır. Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, iri inhisarçı dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyə nail olunması üçün onların özəlləşdirilməsi yeganə yoldur: “Bunun alternativi yoxdur. Bəs niyə dövlət buna getmir: hər dəfə məsələ qaldırılır, müəyyən sənədlər imzalanır, lakin iri şirkətlərin özəlləşdirilməsi baş vermir? Düşünürəm ki, burada Samir Şərifovun dediklərinin rolu böyükdür. Çünki hər biri əhalinin xərclərində mühüm payı olan bir sahəni idarə edən şirkətlərin özəlləşdirilməsi  həmin xidmətlərin bahalaşmasına gətirib çıxaracaq. Məsələn, 90-cı illərdə ”Bakıelektrikşəbəkə”nin idarəetməyə verilməsi tenderini “Siemens” uddu, lakin onunla müqavilə bağlanmadı. Çünki “Siemens” tələb qoyurdu ki, elektrik enerjisinin qiyməti artırılsın. Bu tələbi qoymayan “Barmek” şirkəti ilə müqavilə imzalandı, onun da necə nəticələndiyi hamıya məlumdur”.

Ekspert bildirir ki, bəzi şirkətlərin idarə etdiyi sahələrin xarici şirkətlərin nəzarətinə keçməsi dövlət maraqları baxımından məqsədəmüvafiq hesab olunmur: “Dəmir yolu, SOCAR, Gəmiçilik və sair belə qurumlardır. ”Azərsu”, “Azərişıq” və başqaları əhalinin sosial vəziyyətinə təsirinə görə özəlləşdirilmir. Lakin bu şirkətlərin idarəçiliyi dövlətdə qalanda da vəziyyət düzəlmir. Heç bir idarəetmə mexanizmi onların sağlamlaşmasına gətirib çıxarmayacaq, yalnız özəlləşmədən başqa. Düşünürəm ki, belə də davam edə bilməz.  Onların ağır yükü dövlətin çiyinlərindən kənarlaşdırılmalıdır. Dövlət əhalinin aztəminatlı təbəqəsi üçün etibarlı müdafiə sistemi yaratmaqla, iri şirkətlərin özəlləşdirilməsinə getməlidir. Təcrübə göstərir ki, dövlət idarəetməsi modeli heç bir halda özəl idarəetmə qədər faydalı ola bilmir”. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …