Bahalaşan neft idxal məhsullarının qiymətlərini artıracaq
Dünya bazarlarında neftin qiymətində dalğalanmalar davam edir. Ötən həftə “qara qızıl”ın qiymətində müəyyən enişlər müşahidə olunsa da, ABŞ Prezidenti Donald Trampın İrandakı müharibə ilə bağlı açıqladığı qərarlardan sonra bazarda volatillik (dəyişkənlik) artıb. Cümə günü Brent markalı neftin 1 barelinin qiyməti 3 dollar və ya 2,8 faiz bahalaşaraq 111,02 ABŞ dollarına qədər yüksəlib.
APA-nın məlumatına görə, “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 7,55 ABŞ dolları qalxaraq 121,25 dollara təklif edilib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycan nefti real bazar qiyməti olaraq əslində 114 dollar təşkil edib. 120 dollar qiymətində isə daşımalar və digər xərclər də daxildir. Ekspert bildirir ki, fraxtın (daşımanın) günlük qiyməti 12 dəfə, sığorta qiymətləri isə bir neçə dəfə artıb. Martın 26-da Azərbaycan nefti “Brent”ə nisbətən 5 dollar bahasına satılıb.
Qiymətlər daha baha ola bilərdi
İ.Şabanın fikrincə, neftin indiki qiyməti mövcud müharibə şəraitinə uyğundur:
“Müharibədən artıq 28 gün keçib, neftin orta qiyməti hələ indi 100 dollara çatır. Əvvəl təxminən 73 dollar idi, hazırda isə təxminən 46-47 faiz artım var. 1973-cü ilin oktyabrında baş verən Ərəb-İsrail qarşıdurması zamanı isə bir barel neft yanvarın 1-də 1,5 dollar, müharibədən öncə 2 dollar təşkil edirdi. Müharibədən beş gün sonra qiymətlər 12 dollar səviyyəsinə qalxdı, 1975-ci ildə isə 25–28 dollar arasında dəyişdi”.
İ.Şaban qeyd edir ki, 2008-ci ildə iyun ayında neftin qiyməti 148 dollar idi, lakin dekabr ayında 39 dollardan aşağı düşmüşdü. Yəni həmin ildə həm kəskin artım, həm də ciddi ucuzlaşmanın şahidi olundu.
Ekspert əlavə edir ki, indiki şəraitdə, xüsusilə Hörmüz boğazı ilə bağlı risklər nəzərə alınsa, neftin qiymətinin daha da bahalaşması ehtimalı yüksək idi:
“Hətta 200–250 dollar ola bilərdi. Ümumiyyətlə, Yaxın Şərq münaqişələrində həmişə Hörmüz boğazı ətrafında yarana biləcək risklərlə hədələyirdilər. Dünən də məlum olub ki, Hörmüz boğazı bağlanmayıb. İran mart ayında gündəlik təxminən 850-900 min barel neft daşıyıb. Təxminən 5 milyon barel neft Qırmızı dəniz istiqamətinə yönəlib, 1,8 milyon barel isə Oman körfəzi vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinə çıxarılır.
Ümumilikdə qeyd olunurdu ki, bu boğazdan gündəlik təxminən 20 milyon barel neft daşınır. Bu həcmin 15 milyonu xam neftdir və təxminən 7,5-8 milyon barel gündəlik olaraq Körfəz ölkələrindən dünya bazarına çıxarılır. Bu səbəbdən qiymətlər indi 110 dollar ətrafında ticarət edilir. Qiymətlərin pik həddi martın 9 və 16-da 119,13 dollar olub. Yəni gərginlik artanda piklərə bazar öyrəşir”.
Neftin bahalaşması idxal inflyasiyasını artıacaq
Beynəlxalq maliyyə təşkilatları mart ayına dair hesabatlarında Yaxın Şərq, xüsusilə İrana qarşı hərbi əməliyyatların neft qiymətlərinin kəskin artımına və Hörmüz boğazında yaranan böhranın qlobal istehsala və inflyasiyaya təsirinə diqqət çəkirlər. Hesabatlarda yanacaq xərclərinin artımının bütün tədarük zəncirini bahalaşdıracağı, kənd təsərrüfatı texnikalarının işlədilməsi və məhsul daşınması xərclərinin yüksələcəyi, gübrə istehsalının bahalaşacağı barədə xəbərdarlıqlar yer alır.
Azərbaycan üçün də idxal olunan malların həm daşınma, həm istehsal xərcləri artacağı üçün idxal inflyasiyasının qaçılmaz olduğu bildirilir.
İqtisadçı Natiq Cəfərli Meydan TV-yə açıqlamasında qeyd edir ki, neftin qiymətinə gündəlik, həftəlik və ya aylıq baxmağın mənası yoxdur:
“Burada əsas məsələ odur ki, uzun vadədə necə təsir edəcək. Məsələn, Azərbaycanın valyuta gəlirləri artır. Amma bu vəziyyət qalıcı olsa, idxaldan asılı ölkə kimi Azərbaycana gətirilən məhsulların qiyməti bahalaşacaq və inflyasiya yüksələcək. Ərzaq məhsullarında təxminən 70-75 faiz, qeyri-ərzaqda isə daha yüksək idxal asılılığı var. Məsələn, trikotaj məhsullarında bu göstərici 80 faizdən yuxarıdır, dərmanlarda isə 94 faizdir. Məhsulların qiyməti artdıqda idxal inflyasiyası da yüksəlir. Amma dediyim kimi, bu təsir uzun vadəli – ən azı 2–3 ay davam edərsə, belə nəticələr ortaya çıxa bilər”.
Ekspertin fikirncə, məsələyə qısa deyil, uzun vadələrdəki proseslərə uyğun baxmaq lazımdır:
“Müvəqqəti olaraq valyuta gəlirlərinin artması isə Azərbaycana faydalıdır”.
Yanacaq bahalaşacaq?
Bundan əlavə, Azərbaycan H.Əliyev adına Neft Emalı Zavodunda istifadə olunan xammalın bir hissəsi idxal olunan neft hesabına ödəniyir. Belə olan halda, bahalı neft daxili yanacaq istehsalının maya dəyərini artıra bilər.
İ. Şaban bildirir ki, may ayında Dövlət Statistika Komitəsi tərəfindən hazırlanacaq xarici ticarət bülleteninə baxaraq Azərbaycan neftinin idxal qiymətini öyrənmək mümkün olacaq:
“Neft emalı zavodu üçün xammal tələbatı 6 milyon ton neft təşkil edir, onun 1 milyon tonu idxal olunur. Bu həcmin böyük təsir gücü yoxdur. Amma alış qiymətinin artması istehsal qiymətinə təsir edə bilər. Lakin neftin qiyməti həm 148 dollar olanda, həm də 15 dollar səviyyəsinə düşəndə daxili bazarda neft məhsullarının qiyməti sabit qalıb. Çünki daxili qiymətlər hər zaman xarici bazara birbaşa bağlı olmur. İkinci mühüm amil isə dövlət tənzimlənməsidir. Dövlət müdaxiləsi olduqda, alış və satış qiymətləri müəyyən qədər sabit saxlanıla bilər”.