"Səbriniz nə vaxt tükənəcək?" - Rubio və Kallas Ukraynaya görə mübahisə edib
G7 xarici işlər nazirlərinin görüşündə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-ni Moskvaya kifayət qədər təzyiq göstərməməkdə günahlandırıb və ABŞ dövlət katibi Marko Rubio ona sərt cavab verib.
Bu barədə “Axios” öz mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir mübahisə Ukraynadakı müharibənin müzakirəsi zamanı baş verib. Kallas xatırladıb ki, bir il əvvəl Vaşinqton döyüşlərin uzanacağı təqdirdə tədbirləri gücləndirəcəyinə söz vermişdi və nəşrin mənbələrinə görə, o, soruşub: "Bir il keçib, Rusiya isə tərpənməyib. Səbriniz nə vaxt tükənəcək?"
Mənbələrə görə, Rubio səsini qaldıraraq cavab verib: "Müharibəni bitirmək üçün əlimizdən gələni edirik. Daha yaxşı edə biləcəyinizi düşünürsünüzsə, davam edin. Biz kənara çəkiləcəyik".
Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ hər iki tərəflə danışıqlar aparır, eyni zamanda Ukraynaya silah tədarükü və kəşfiyyat məlumatlarının verilməsi də daxil olmaqla, dəstəyini davam etdirir.
Söz atışmasından sonra bir neçə Avropa naziri vəziyyəti sakitləşdirməyə çalışıb və ABŞ-nin diplomatik səylərinin davam etdiriləcəyinə dair gözləntilərini vurğulayıb.
Dövlət Departamenti daha sonra söhbəti "səmimi fikir mübadiləsi" kimi xarakterizə edib. Rubio özü sonradan iki tərəf arasında hər hansı bir münaqişəni təkzib edib. Musavat.com