Neftin qiyməti 200 dollara qalxacaq
Böyük Britaniyanın Hörmüz boğazının açılması təşəbbüsündə iştirakı qlobal neft qiymətlərinin kəskin artımına səbəb ola bilər.
Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev belə deyib.
O, X hesabında qeyd edib ki, belə bir ssenari baş verərsə, neftin bir barelinin qiyməti 200 dollara qədər yüksələ bilər.
Məlumata görə, Böyük Britaniya Hörmüz boğazının açılması ilə bağlı mümkün koalisiyaya rəhbərlik etməyi nəzərdən keçirir. Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, London müttəfiqləri ilə birlikdə boğazın yenidən açılması və Yaxın Şərqdə nəqliyyatın bərpası üçün plan üzərində çalışır.
Onun sözlərinə görə, əsas məqsəd enerji bazarında sabitliyi qorumaq və regionda naviqasiya azadlığını qısa müddətdə bərpa etməkdir. Starmer vurğulayıb ki, bu proses mürəkkəbdir və Avropa tərəfdaşları da daxil olmaqla geniş əməkdaşlıq tələb edir.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ölkələrindən dünya bazarına neft və maye qazın daşınmasında əsas marşrut hesab olunur. İran ətrafında artan gərginlik fonunda boğazda yaranmış məhdudiyyətlər qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb.
Hazırda regiondakı vəziyyət və enerji bazarlarına mümkün təsirlər beynəlxalq diqqət mərkəzində qalır. AzVisuon.az