Ana səhifə / İqtisadiyyat / Avropaya neft məhsullarımızın ixracındakı kəskin artımın SƏBƏBLƏRİ – ŞƏRH

Avropaya neft məhsullarımızın ixracındakı kəskin artımın SƏBƏBLƏRİ – ŞƏRH

Hazırda Novruz bayramları ilə bağlı tətil dövrü yaşansa da, amma Azərbaycanın enerji həyatına dair həftə əvvəli kifayət qədər maraqlı hadisələr baş verib. Bundan əlavə qlobal bazarlarda həm neftin, həm də qazın qiymətlərində artımlar olub.

Qlobal bazarlar

Yola saldığımız həftə əvvəli qlobal bazarlar neft qiymətlərinin sıçrayışlı artımı və həftə sonu əvvəlki məcrasına qayıdışı ilə yadda qaldı. Bazar ertəsi London Əmtəə Birjasında (İCE) Brent markalı neftin satış qiyməti 85,32 dollar göstəricisi ilə açıldı. Elə həmin gün neftin ən baha partiyasının satışı 87,18 dollara qədər yüksəldi (artım 2,2%). Qeyd edim ki, sonuncu dəfə London birjasında 87 dollar həddində satılan neft partiyası ötən ilin 3 noyabr tarixinə təsadüf etmişdi. Martın 19-da isə Brent markalı neftin qiyməti 87,70-ə qədər yüksəldi. Növbəti gün də neft 87 dollardan baha qiymətə satılsa da, martın 22-də həftənin sonuncu hərracı 85,6 dollar göstəricisi ilə bağlandı.

Bəs neftin qiymətlərini üzü yuxaran amillər nə idi?

Birincisi, İraq və Səudiyyə Ərəbistanından neft ixracının azalmasına dair xəbərlər bazar iştirakçılarında sanki bir narahatlıq yaratdı. İraq Neft Nazirliyinin bazar ertəsi yayadığı məlumatda bildirilirdi ki, yanvar ayından bəri OPEC+ kvotasını aşdığını kompensasiya etmək üçün İraq apreldən etibarən xam neft ixracını gündəlik 130 min barel azaldacaq. OPEK-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında isə xam neft ixracının ardıcıl olaraq ikinci ay azaldığı məlum olub. Açıqlanan statistikaya əsasən, yanvarda Səudiyyədə neft hasilatı 0,2% azalaraq gündəlik 6,29 milyon barelə düşüb.

İkincisi, ABŞ-ın daha nikbin makroiqtisadi göstəriciləri enerjiyə tələbatın artmasına dair ümidləri artırıb. Və nəhayət, martın 17-ə keçən gecə Rusiya neft emalı zavodlarına Ukraynanın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində ölkənin emal potensialı təqribən 11% sıradan çıxıb. Bazar iştirakçılarında belə bir əhval yaranıb ki, Rusiya neftinə qarşı sanksiyaların gücləndirildiyi şəraitdə bazara daha az həcmdə neft və neft məhsulları çıxarıla bilər, nəticədə artan tələbatın ödənilməsində problemlər yaranar. Amma həftə sonu Çindən gələn xəbərlər ona dəlalət edirdi ki, neftə tələbat proqnoz edildiyi səviyyədə olmaya bilər. Ona görə də həftə əvvəli neftin artım qiymətləri həftə sonunda əvvəlki məcrasına qayıtmalı oldu.

Azərbaycan-İraq neft əməkdaşlığı

İqtisadiyyat naziri Mikayıl Cabbarov, o cümlədən də SOCAR rəhbəri Rövşən Nəcəf və İraqın baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani martın 18-də Bakıda keçirilən görüşdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi və neft və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar müzakirə olunub. Əbdülğani İraq hökumətinin investisiyalar cəlb etməklə neft-qaz sənayesini inkişaf etdirmək planlarından danışıb. O, Azərbaycan şirkətlərini İraqda həyata keçirilən neft-qaz layihələrində iştirak etməyə dəvət edib.

Öz növbəsində, Cabbarov Bakı ilə Bağdad arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün Azərbaycanın İraqla neft-qaz sahəsində birgə layihələr həyata keçirməkdə maraqlı olduğunu bildirib.

Onu qeyd edim ki, İraqın neft hasilatı bazarında güclü rəqabət mövcuddur, orada istər Şərqin, istərsə də Qərbin tanınmış şirkətləri təmsil edilib. Bu baxımdan da Azərbaycan Dövlət Neft Şirkətinin indiki mürəkkəb şəraitdə risk təhlükəsi olan bazarlarda yatırımlar ertməsi real görünmür.

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığı

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 19-da Azərbaycanla energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Sazişi təsdiq edib.

2023-cü il avqustun 22-də Bakıda imzalanan Saziş iki ölkə arasında enerji sektorunda qarşılıqlı fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə yönəldiləcək.

Bu beynəlxalq müqavilənin icrasına Özbəkistanın Energetika Nazirliyi cavabdeh olacaq.

Xatırladım ki, ötən il Bakıda Azərbaycan və Özbəkistan arasında imzalanmış enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi 2023-2025-ci illəri əhatə edir. 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.

Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər.

Avropaya qaz ixracı

“AvroStat”ın bu həftə açıqladığı məlumatları təhlil edərkən məlum olub ki, 2024-cü ilin yanvarında Azərbaycan Avropa İttifaqına (Aİ) boru kəməri qazının dördüncü ixracatçısı olub. Özü də ötən ilki məlumatlarla müqayisə edəndə, Azərbaycanın bir pillə irəliləyərək Böyük Britaniyanı arxada qoyduğu üzə çıxıb.

Aİ-nin Statistika İdarəsinin hesabatına əsasən, yanvarda Aİ-yə qaz ixracatçıların TOP-5-nə aşağıdakı ölkələr daxil olub:

1) Norveç – 2 mlrd avro dəyərində (-15,5%) 95,8 min teracoul (+13%);

2) Əlcəzair – 865,3 mln avro dəyərində (-37,2%) 78,9 min teracoul (+1,3%);

3) Rusiya – 545,5 mln avro dəyərində (аzalma 2,5 dəfə) 47,7 min teracoul (-9,3%);

4) Azərbaycan – 392,9 mln avro dəyərində (аzalma 2,6 dəfə) 43 min teracoul (+9,4%);

5) Böyük Britaniya – 208,3 mln avro dəyərində (azalma 7,9 dəfə) 19 min teracoul (аzalma 3,5 dəfə).

Avrostatın məlumatına görə, 2023-cü ildə Aİ ölkələri Azərbaycandan rekord həcmdə – təxminən 492,9 min teracoul təbii qaz idxal ediblər. Bunun üçün üçün isə Azərbaycana təxminən 6,2 mlrd avro ödəyiblər.

Avropaya neft ixracı

Avropa İttifaqı ölkələri 2024-cü ilin yanvarında Azərbaycandan 1 milyon tona yaxın neft idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,8% azdır. Hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri 595,6 milyon avro (azalma 44,8%) təşkil edib.

Avrostatın məlumatına görə, Aİ ölkələri 2023-cü ildə Azərbaycandan təxminən 12,4 milyard avro dəyərində (azalma 18%) 20,3 milyon tona yaxın neft (artım 2,6%) idxal etmişdi.

Avropaya neft məhsulları ixracı

Avropa İttifaqı ölkələri 2024-cü ilin yanvarında Azərbaycandan təxminən 19,7 min ton neft məhsulları idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 83 dəfə çoxdur.

AvroStat-ın məlumatına görə, dəyər ifadəsində Azərbaycandan neft məhsulları idxalı 42 dəfə (!) artaraq təxminən 11,3 milyon avroya çatıb.

İdxalda əsas alıcı Yunanıstan olub ki, bu ölkəyə yanvarda Azərbaycandan təqribən 10,5 milyon avro dəyərində 18,7 min ton neft məhsulları tədarük edilib.

2023-cü ildə Aİ ölkələri Azərbaycandan neft məhsulları idxalını 2022-ci illə müqayisədə 17,4 dəfə artıraraq 306,9 min tona çatdırmışdılar. Dəyər baxımından idxal 12,3 dəfə artaraq 186,5 milyon avro təşkil etmişdi.

Gürcüstana qaz ixracı

Gürcüstan 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 524,1 milyon kubmetr qaz idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,3% azdır. Bu barədə Gürcüstan Milli Statistika Xidməti bu həftə məlumat yayıb.

Statistik məlumatlara görə, hesabat dövründə Azərbaycandan Gürcüstana təxminən $62,6 milyon dəyərində qaz (azalma 41,7%) idxal edilib.

Xatırladım ki, 2023-cü ildə Gürcüstan Azərbaycandan təxminən $313,5 milyon dəyərində (azalma 9,2%) 2,5 milyard kubmetrə yaxın qaz (1,8 milyon ton, azalma 4%) idxal etmişdi.

Equinor Azərbaycanı nə zaman tərk edəcək?

Norveçin “Equinor” enerji şirkəti Azərbaycandakı aktivlərinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) satışı üzrə müqaviləni 2024-cü ilin ortalarında bağlamağı planlaşdırır.

“Equinor” 2023-cü ilin yekun hesabatında səhmdarlarına “Sövdələşmənin 2024-cü ilin yayında bağlanacağı gözlənilir” məlumatını çatdırıb.

Ötən ilin dördüncü rübündə “Equinor” Azərbaycandakı layihələri tərk etməsi ilə bağlı 310 milyon dollar dəyərsizləşməyə (zərərə) düşdüyünü xəbər vermişdi.

Qeyd edək ki, 2023-cü il dekabrın 22-də “Equinor” Azərbaycandakı neft və qaz aktivlərini SOCAR-a satmaq üzrə müqavilə bağlayıb. O cümlədən, “Equinor” SOCAR-a “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 7,27%, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri üzrə 8,71%, Qarabağ yatağının işlənməsi layihəsində isə 50% satacağını bəyan edib.

“Equinor” ilə sövdələşmədən əvvəl SOCAR-ın bu layihələrdə payı belə olub: AÇG-də – 25%, BTC-də – 25%, Qarabağda – 50%.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …