Ana səhifə / İqtisadiyyat / Aqrar subsidiyalaşma yeni mexanizm – kimə nə verəcək?

Aqrar subsidiyalaşma yeni mexanizm – kimə nə verəcək?

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmi dəyişdirilir. Yeni mexanizm Prezident İlham Əliyev tərəfindən iyunun 27-də təsdiqlənən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda əksini tapıb.

Prezidentin qaydaların təsdiqinə dair fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyi “Subsidiya” informasiya sisteminin yaradılmasını və yeni qaydalarla subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etməli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla “Subsidiya” informasiya sistemi haqqında əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməli, kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentlərini beş ay müddətində təsdiq etməlidir.

Prezidentin təsdiq etdiyi qaydalara əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilib.

Aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarları yeni yaradılacaq Şura qəbul edəcək. Şuraya rəhbərliyi kənd təsərrüfatı naziri həyata keçirəcək. Şura hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin, məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının, toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısını və onlara tətbiq edilən əmsalları və kvotaları təsdiq etməli və ictimaiyyətə bu barədə məlumat verməlidir.

Yeni qaydaya əsasən subsidiyaların verilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək.

Subsidiya almaq üçün aqrar istehsalçılar mütləq “Subsidiya” İnformasiya Sistemində(SİS) qeydiyyatdan keçməlidilər. Bunu etməyənlərə subsidiya verilməyəcək.

Bitkiçilik sahəsi üzrə subsidiyanın yalnız 25 faizini nağdlaşdırmaq mümkün olacaq

Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədi, əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri, kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri SİS-ə daxil etməlidilər.

Maraqlıdır ki, fermerlər əkinə görə aldıqları subsidiyanın hamısını kartdan çıxarıb nağd xərcləyə bilməyəcəklər. Onlar subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə Qaydalarda müəyyənləşdirilən formada istehsalın təşkili məqsədilə qeyri-nağd qaydada istifadə edə biləcəklər.

Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılacaq.

Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir.

Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür.

Təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır.

Yaşayış məntəqələrinin torpaqlarında aparılmış əkinə görə subsidiya verilmir.

Heyvandarlar subsidiyanı necə alacaqlar?

Heyvan subsidiyası hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir. Arıçılara isə indi olduğu kimi, hər arı ailəsinə görə 10 (on) manat veriləcək və bu, 2023-cü ilədək davam edəcək.

Barama subsidiyası da dəyişməyərək, istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat olacaq.

Heyvan subsidiyası yalnız o halda veriləcək ki, süni mayalanmanı bu istiqamətdə ixtisasartırma və ya kadrların yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə başa vurmuş, xüsusi sertifikat və diplom almış və SİS-də qeydiyyatdan keçmiş mütəxəssislər həyata keçirsin və bu məqsədlə yaradılmış süni mayalanma mərkəzlərində istehsal olunmuş, habelə SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə idxal olunan heyvan toxumundan istifadə edilsin. Bundan əlavə, heyvan sahibləri süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan heyvanın, habelə arı ailələrinin identikləşdirilməsi və ona dair məlumatları SİS-ə daxil etməlidilər.

Süni mayalanma xidməti mütəxəssis ilə heyvan sahibi arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir.

Heyvandarlıq sahəsi üzrə subsidiya ödənişi bu Qayda ilə müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra 15 (on beş) iş günündən gec olmayaraq həyata keçiriləcək.

Saxtakarlığın qarşısı belə alınacaq

Agentlik subsidiyalaşma prosesini monitorinq edəcək. Bu zaman çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi, yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi, yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirləri kimi metodlardan istifadə olunacaq.

Bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə veriləcək. Fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılacaq,  fərq 20–50 faiz olduqda isə cari il ərzində həmin fermerə subsidiya ödənilməyəcək. Fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir.

Arı ailələrinin bəyan edilmiş sayına görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 10 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş arı ailələrinin sayına görə veriləcək. Fərq 10–30 faiz olduqda, cari il ərzində, 30 faizdən çox olduqda, arıçıya cari il və sonrakı il ərzində subsidiya ödənilməyəcək.

Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edəcək, buna uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edəcək.

Subsidiya verilmiş fermerlərin rayon (şəhər) və kəndlər üzrə siyahısı hər il dekabr ayının 25-dən gec olmayaraq Agentliyin rəsmi internet saytında yerləşdiriləcək.

Mirzə Əliyev ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin dediyinə görə, subsidiyalaşma zamanı hər hansı kənd təsərrüfatı məhsulunun əkilməsi zamanı onun fermer üçün, iqtisadiyyat üçün gəlirliliyi, məşğulluq imkanlarının yaradılması, eyni zamanda ölkənin idxal və ixrac imkanlarına necə təsir etməsi kimi operativ məsələlərin nəzərə alınması əsas məqamlardandır(Report): “Növbəti dəyişiklik bundan ibarətdir ki, artıq fermerlər elektron kənd təsərrüfatından istifadə edərək subsidiyaları əldə edəcəklər. Burada subsidiya informasiya sisteminin yaradılması nəzərdə tutulur. Artıq bu sistemin üzərində böyük işlər görülüb və fermerlərin böyük hissəsi artıq qeydiyyatdan keçib. Eyni zamanda, burada əsas dəyişikliklərdən biri budur ki, əvvəllər subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilirdisə, artıq bu səlahiyyət AKİA-ya ötürülüb. Düşünürük ki, yeni subsidiya sistemi məhsuldarlığın artmasına, idxaldan aslılığın azalmasına, eyni zamanda qida təhlükəsizliyinin təmin olunmasına müsbət təsir edəcək”.

Firdovsi Fikrətzadə ile ilgili görsel sonucu

KTN Aqrar Tədqiqatlar Mərkəzi rəhbərinin  müşaviri Firdovsi Fikrətzadənin “Yeni Müsavat”a dediyinə görə, yeni qaydalar subsidiyalaşma prosesinin sadələşdirilməsi və vahid mərkəzdən idarə olunmasına imkan verəcək: “Qaydalar fermerləri pestisid və gübrələrdən istifadəyə stimullaşdıracaq ki, bu da məhsuldarlığın artmasına gətirib çıxaracaq. Bundan əlavə, keyfiyyətli, sertifikatlaşdırılmış toxumdan istifadə stimullaşdırılır. Bu isə keyfiyyətli məhsul istehsalının genişlənməsinə səbəb olacaq. Bütün aqrar istehsalçılar barədə məlumatlar electron sistemə daxil ediləcək, subsidiyalaşma demək olar ki, tamamən elektronlaşacaq. Qaydalarda saxta məlumatların təqdimi üçün sanksiyalar müəyyənləşdirir ki, bu da subsidiyalaşma prosesində şəffaflığı təmin edəcək. Yəni bu konsepsiya nəticəyönümlüdür, nəzərdə tutduğu mexanizmləri şəffafdır”.

Qaydaya əsasən sənaye təyinatlı məhsullar üzrə subsidiyalaşma üçün istehsalçıdan məhsul satışına dair qəbzlər tələb olunacaq. F.Fikrətzadənin sözlərinə görə, pambıq, şəkər çuğunduru, tütün, barama kimi məhsullar konkret müəssisələrə təhvil verildiyinə görə belə qəbzlərin əldə olunması çətinlik yaratmayacaq: “Bu qayda buğda, tərəvəz kimi məhsullara aid deyil. Yalnız emal müəssisələrinə təhvil verilən məhsullara aiddir”.

Heyvandarlıq  sahəsində süni mayalanma işini həyata keçirmək üçün KTN tərəfindən genişmiqyaslı işlər görülüb, mütəxəssislər hazırlanıb: “Bu şəxslərin təqdim etdiyi xidmət ödənişlidir. Müxtəlif rayonlarda 15-20 manat arasında dəyişir”.

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …