Sinifdə "ağa olmaq" istəyi: Kriminal meyillilik nədən qaynaqlanır?
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.
Bu, yalnız bir məktəbdə baş vermiş insident deyil, gənclərin psixoloji vəziyyəti və məktəb mühitinin təhlükəsizliyi ilə bağlı daha geniş problemləri üzə çıxaran hadisədir.
Son illər siniflərdə “ağa olmaq”, qorxu yaratmaq, sözünü keçirmək, digərlərini öz təsiri altına salmaq istəyən yeniyetmələrin sayının artması cəmiyyətdə ciddi suallar doğurur.
Bu cür davranışlar sadəcə yeniyetməliklə bağlı deyil, sosial boşluqların, ailədaxili problemlərin və nəzarətsiz aqressiyanın nəticəsidir.
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında psixoloq Gülnar Ağayeva bildirib ki, sinifdə “ağa olmaq”, yəni güc göstərmək, qorxu yaratmaq, digərlərini idarə etmək istəyi birdən-birə yaranmır:
"Bu davranışın arxasında bir neçə ciddi psixoloji və sosial faktor dayanır. Burada ilk öncə, ailə mühiti əsas rol oynayır. Evdə zorakılıq görən, daim təhqir olunan və ya tam nəzarətsiz böyüyən uşaq gücü problem həll etmə vasitəsi kimi qəbul edir. O, öyrənir ki, hörmət qazanmağın yolu qorxu yaratmaqdır.
İkinci mühüm məqam özünü təsdiq ehtiyacıdır. Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı, “mən kiməm?” sualının kəskinləşdiyi mərhələdir. Akademik uğur, valideyn diqqəti və ya sosial qəbul görməyən uşaq bunu aqressiya və dominantlıqla kompensasiya etməyə çalışır.
Digər səbəb mühit və rol modelləridir. Əgər uşaq yaşadığı çevrədə “sözünü zorla keçirən”, kriminal davranışları normallaşdırılan şəxsləri görürsə, bunu güc simvolu kimi mənimsəyir. Sosial şəbəkələrdə və bəzi seriallarda zorakı obrazların qəhrəmanlaşdırılması da bu təsiri gücləndirir".
Onun sözlərinə görə, burada məktəbin rolu da xüsusi vurğulanmalıdır:
"Müəllim-şagird münasibətlərində biganəlik, bullinqə (bullinq - eyni yaş qrupundakı bir şəxsin başqalarına qarşı fiziki və ya şifahi hücumları kimi müəyyən edilir) göz yumulması, psixoloji nəzarətin zəifliyi riskləri artırır.
“Ağa olmaq” istəyən şagird çox vaxt cəzasız qalacağını düşünür. Kriminal meyillilik isə adətən bu əlamətlərlə özünü göstərir: empati çatışmazlığı (sevgi və diqqətin azalması), qaydalara qarşı açıq etinasızlıq, tez-tez aqressiv davranışlar, günahı başqasının üzərinə atmaq və riskli hərəkətlərdən çəkinməmək.
Burada əsas səhv ondan ibarətdir ki, cəmiyyət bu davranışı çox vaxt “uşaqdır da”, “keçəcək” deyə yüngülləşdirir. Halbuki psixologiyada bilirik ki, təkrarlanan aqressiv davranış möhkəmlənir, şəxsiyyət xüsusiyyətinə çevrilir.
Belə uşaqların əksəriyyəti daxildən güclü deyil, əksinə, kövrək və qorxuludur. Onlar tənqidə dözümsüz olur, məğlubiyyəti qəbul edə bilmir, öz dəyərini yalnız başqalarını alçaltmaqla hiss edir. Bu isə artıq riskli psixoloji zonadır".
Psixoloq qeyd edib ki, əgər belə uşaqla işlənməzsə, növbəti mərhələdə qanun, qayda və sosial sərhədlər tam mənasızlaşır:
"Məktəbdə müəllimə qarşı hörmətsizlik, sinif yoldaşına təzyiq göstərən uşaq üçün sabah polis, məhkəmə və ya qanun anlayışı da eyni dərəcədə “keçiləsi baryer”ə çevrilə bilər. Kriminal meyillilik məhz bu mərhələdə formalaşır.
Burada məsuliyyət yalnız uşağın üzərinə qoyula bilməz. Ailə, məktəb və cəmiyyət eyni vaxtda boşluq buraxırsa, o boşluğu aqressiya doldurur. Ən təhlükəli məqam odur ki, bu tip davranışlar bəzən sinifdə alqış da qazanır. Qorxan uşaqlar susur, bəziləri isə güclünün yanında olmağı seçir.
Bele hallarda çıxış yolu cəzadan əvvəl anlama və nəzarətin balansıdır. Valideynin sərtliyi təkbaşına həll deyil. Uşaq bilməlidir ki, davranışının nəticəsi var, eyni zamanda onun içindəki səbəblər də araşdırılmalıdır ki, bir də təkrarlanmasın".