Sosial şəbəkədə biz:
Kirayə qiymətləri daha da artacaq
Xəbər Şəkli

Kirayə qiymətləri daha da artacaq

17 April 2026, 00:21
Sosial

Ölkədə, xüsusilə də paytaxtda kirayə mənzillərdə yaşayanların sayı kifayət qədərdir. 

Nəinki daşınmaz əmlakın, eləcə də kirayə mənzillərin qiymətində davamlı olaraq artım müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"na görə, Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatı ötüb.  

Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən, dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir.  

2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.

Ümumiyyətlə, ölkədə kirayə mənzil bazarında qiymətlər nəyə əsasən tənzimlənir və qiymətlərin yüksək olması nə ilə bağlıdır? 

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC), Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, əslində mənzillərin kirayə qiymətləri onların satış qiymətləri ilə müqayisədə o qədər də baha deyil: 

“Qonşu dövlətlərlə, xüsusilə də Türkiyə ilə  müqayisə etsək, belə bir nəticəyə gələ bilərik ki, orada mənzillərin kirayə verilməsi zamanı götürülən mənfəət daha yüksəkdir. Mərkəzi Bankın elan etdiyi 1002 manat median ortalığı  təqribən 250-300 min manat civarında olan mənzillərin kirayə verilməsi qiymətidir. 

Məsələn, həmin məbləğə Türkiyədə mənzil alarıqsa, əldə etdiyimiz kirayə gəliri Azərbaycanda, xüsusilə də Bakı şəhərində əldə etdiyimiz kirayə gəlirindən təqribən 1,5- 1,7 dəfə yüksəkdir. Bu, onu göstərir ki, həmin ərazilərdə investisiya qoyulması daha məqsədəmüvafiqdir, daha yüksək gəlirlidir. 

Bu baxımdan, satış qiymətlərində güclü sıçrayış, şəhər qiymətlərinə nisbətən daha çox baş verib. Yəni satış qiymətlərində mənzillərin qiyməti son 5 ildə 80-100 faiz artıbsa, kirayə qiymətlərində bu artım 40-70 faiz arasındadır. Əslində bundan sonra bizim gözləntimiz ondan ibarətdir ki, kirayə qiymətlərində daha yüksək artım meydana gələcək”. 

AQC rəhbərinin sözlərinə görə, “Bakının Baş Planı-2040”-a əsasən istismar müddətini bitirmiş, habelə qəzalı bunaların söküntüsünə start verilib: 

“Nəticədə 10 minlərlə bina söküləcək və onun yerində bir hissəsində yeni binalar tikiləcək, digər hissəsində abadlıq işləri aparılacaq. Məsələ ondadır ki, yeni binalar tikilənə qədər gözləntidə olan vətəndaşlar müvəqqəti də olsa kirayə bazarına müraciət edir. 

Bu da kirayə bazarına müraciət edənlərin sayını artırır. Bundan əlavə, Bakı şəhərindəki yataqxanaların sayının azlığı və ümumiyyətlə, mövsümi müraciətlərin sayının artdığı təhsil periodunda, yəni iyul-avqust-sentyabr aylarında kirayə mənzillərin qiymətləri daha da yüksəlir.

Çünki 50 mindən artıq abituriyent tələbə adını qazanır və onların da böyük əksəriyyəti Bakıda yaşamayan bölgələrdən olan əhalinin nümayəndələridir. Bütün bunlar ildə bir neçə dəfə daşınmaz əmlak bazarının kirayə seqmentində qiymət artımına səbəb olur. 

Bundan əlavə, təbii fəlakətlər, subasmalar  nəticəsində  öz evlərini itirmiş və yaxud da ciddi ziyan dəyib yaşamaq imkanı olmayan fərdi yaşayış evlərinə malik vətəndaşlar da eyni zamanda müvəqqəti olaraq kirayə seqmentinə müraciət edirlər. Şəhərin abadlaşdırılması, mənzərəsinin yenilənməsi prosesinə də start verilib. 

Bütün bunlar kirayə bazarına müraciətlərin sayını artırır. Qiymət artımı təbiidir və daha da çox artacaq.  Mərkəzi Bankın elan etdiyi 20,9 il böyük müddətdir. Əslində bu daha az bir müddətdə olmalıdır. Təqribən mənzil 15 il müddətində öz dəyərinin ödənilməsini təmin etməlidir.

Bu baxımdan, bu qiymətlər satış qiymətləri ilə müqayisədə o qədər də baha deyil. Sadəcə əhali üçün əlçatanlıq baxımından baha adlandıra bilərik. Təqribən bir aylıq kirayənin median ortalığı 1002 manatdırsa,  bu, ölkədəki orta əmək haqqının məbləğidir. 

Əsas problem burdadır. Yəni vətəndaşlar üçün bir aylıq ortalama orta əmək haqqının təqribən ən azı üçdə biri qədər olmalıdır. Yəni priblem kirayə qiymətlərinin baha olmasından yox, orta əmək haqqının kirayə qiymətlərinə   nisbətən az olmasından irəli gəlir”.