Pensiya yaşına çatıb pensiya ala bilməyənlərin sayı 172 min nəfəri keçdi
Bu ilin mart ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 172 min 359 nəfər olub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Məlumata əsasən, yaşa görə aylıq sosial müavinət alanların 37,9%-ni kişilər, 62,1%-ni isə qadınlar təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə yaşa görə aylıq sosial müavinət alanların sayı 10 min 736 nəfər və ya 6,6% artıb. Belə ki, ötən il yaşa görə aylıq sosial müavinət alanların sayı 161 min 623 nəfər olub və onların 36,8 %-ni kişilər, 63,2 %-ni isə qadınlar təşkil edib.
Onu da qeyd edək ki, son 7 ildə yaşa görə müavinət alanların sayı və onlara təyin olunan aylıq müavinətin məbləği belə olub:
1 Yanvar 2020-ci il – 82,4 min nəfər (aylıq müavinət 130 manat);
1 Yanvar 2021-ci il – 100,2 min nəfər (130 manat);
1 Yanvar 2022-ci il – 113,6 min nəfər (180 manat);
1 Yanvar 2023-cü il – 128,3 min nəfər (220 manat);
1 Yanvar 2024-cü il – 143,7 min nəfər (220 manat);
1 Yanvar 2025-ci il – 156,2 min nəfər (220 manat).
1 Yanvar 2026-cı il – 166,7 min nəfər (220 manat).
Məlumat üçün bildirək ki, yaşa görə müavinət pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən şəxslərə təyin olunur. Hazırda Azərbaycanda kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün 64 il 6 aydır.