Narkotikə bərabər tutulacaq, 5 min manat cəriməsi olacaq
3 gün sonra – aprelin 1-dən Azərbaycanda elektron siqaretlərlə bağlı yeni qadağalar qüvvəyə minəcək. Qanuna əsasən, ölkədə elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsi qadağan edilir.
Milli Məclis “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsini son oxunuşda qəbul edib. Qəbul edilən dəyişikliklərə əsasən, elektron siqaretlərin hüquqi statusu dəqiqləşdirilərək onlar tütün məmulatı anlayışına daxil edilib. Sənəddə elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotinsiz buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş cihaz kimi müəyyən edilir. Bu cihaz müştük və ya digər komponentlər, o cümlədən kartric və flakon vasitəsilə istifadə edilə bilər. Qeyd olunur ki, elektron siqaretlərin flakonlarından bir və ya bir neçə dəfə istifadə etmək mümkündür və ya cihazlar birdəfəlik kartriclər vasitəsilə yenidən doldurula bilər.
Qanun layihəsində xüsusi olaraq vurğulanır ki, qızdırılan tütün məmulatları elektron siqaret hesab edilmir. Sənədə görə, qızdırılan tütün məmulatı tütündən və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət olub, alışdırılmadan və tütün tüstüsü yaranmadan qızdırılma prosesində əmələ gələn nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məhsuldur. Sənəddə bildirilir ki, anlayışların dəqiqləşdirilməsi və yeni terminlərin müəyyənləşdirilməsi tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatlarının və elektron siqaretlərin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensiasiyasına imkan yaradacaq. Qanunvericilikdə edilən bu dəyişiklik elektron siqaretləri (vape) sadəcə "tütün məmulatı" kateqoriyasından çıxarıb, onların dövriyyəsini daha sərt nəzarət altına alır. İstifadəçilərin diqqətinə çatdırılmalı olan ən kritik məqam elektron siqaretlərin qanunsuz dövriyyəsi artıq hüquqi müstəvidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə bənzər bir rejimə tabe edilməsidir. Yəni, söhbət sadəcə "mağazada satılmamasından" getmir, bu vasitələrin ölkəyə gətirilməsi, saxlanılması və paylanması birbaşa qanun pozuntusu sayılır. Qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində Vergi Məcəlləsində və “Reklam haqqında” qanunda da müvafiq düzəlişlər nəzərdə tutulur.
Bu dəyişikliklərə “birdəfəlik istifadə üçün elektron siqaret” və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması, buna uyğun olaraq vergi dərəcələrinin ləğvi və reklamla bağlı qadağaların yeni anlayışlara uyğunlaşdırılması daxildir. Qəbul edilən qanuna əsasən, elektron siqaretlərlə bağlı qadağaları pozan şəxslər üçün də inzibati məsuliyyət nəzərdə tutulur. Belə ki, elektron siqaretlərin qanunsuz dövriyyəsinə – idxalına, satışına və ya satış məqsədilə saxlanmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcəklər. Bundan əlavə, həmin məhsullar müsadirə olunacaq. Qadağan olunmuş yerlərdə elektron siqaret istifadə edən şəxslər üçün isə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Musavat.com