“Hraparak” qəzeti ABŞ-da Demokratların aralıq seçkilərində qalib gəlməsi və Prezident Donald Trampın mövqelərinin zəifləməsinin Ermənistan hökumətində təşviş yaratdığını yazıb. Nəşrin iddiasına görə, İrəvan xüsusilə TRIPP layihəsinin icrasının dayandırılması ehtimalından narahatdır. Hətta ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkilinin parlamentə çağırıldığı və narahatlığın ona da çatdırıldığı bildirilir.
Demokratların qələbəsi TRIPP layihəsi üçün təhlükə yarada bilərmi? Ermənistanın narahatlığı nə dərəcədə əsaslıdır?
Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, ABŞ-da keçirilən aralıq seçkilərində Demokratların Respublikaçılar üzərində böyük fərqlə qələbə qazanması bir sıra regionlarda və dövlətlərdə, eləcə də ayrı-ayrı siyasi liderlər arasında ciddi təşviş yaradıb.
Onun sözlərinə görə, bunun müəyyən əsasları var:
“Donald Trampın iki illik hakimiyyəti dövründə dünya siyasətində ənənəvi yanaşmalar dəyişdi, fərqli siyasət ortaya qoyuldu. Lakin onun atdığı addımlar və verdiyi vədlər dünyada sülhə gətirib çıxarmadı, əksinə, bir sıra ciddi xaotik proseslərə səbəb oldu.
Bu da hazırda dünyanın müxtəlif regionlarında dövlətlərin və siyasi güclərin post-Tramp dövrünə hazırlaşdığı görüntüsünü ortaya qoyur. Hesab edirəm ki, Cənubi Qafqazla bağlı da bu məsələ gündəmə gələ bilər.
TRIPP layihəsinə gəldikdə isə düşünürəm ki, layihə məhz bu adla aktuallığını itirə bilər. Çünki bir sıra məsələlərdə, xüsusilə də dəhlizlərin açılması ilə bağlı proseslərdə Konqresin mövqeyi kifayət qədər güclüdür. Büdcə ayırmaları, araşdırmalar və digər mexanizmlər vasitəsilə Konqresin bu proseslərə ciddi təsir imkanları var”.
Xəyal Bəşirov
Hüquqşünas Ermənistanın narahatlığının əsassız olmadığını düşünür:
“TRIPP layihəsi tarixə qovuşa bilər. Amma burada söhbət yolun açılmasından deyil, məhz həmin yolun TRIPP adlandırılmasından gedir. Yəni layihənin Donald Trampın adı ilə əlaqələndirilməsi məsələsindən.
Cənubi Qafqazda formalaşan yeni reallıqlara uyğun olaraq Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi tarixi zərurətdir. Biz bunu hər zaman demişik və bu yol mütləq açılmalıdır. Çünki bu, tarixi yol olub. Həmin yol Zəngəzur dəhlizi kimi tanınıb. İndiki reallıqlara uyğun olaraq biz onu Zəngəzur dəhlizi adlandırırıq.
TRIPP və ya Tramp yolu müxtəlif adlarla təqdim edilə bilər. Lakin düşünürəm ki, bu adlandırma ABŞ-ın hazırkı Konqresi və Demokratlar üçün o qədər də əhəmiyyət daşımaya bilər”.
X.Bəşirov hesab edir ki, bu məsələdə ciddi problemlər yarana bilər:
“ABŞ artıq həmin yolun Donald Trampın istədiyi şəkildə açılmasında maraqlı olmaya bilər. Böyük ehtimalla, bunun şahidi olacağıq.
Ermənistan tərəfinin növbəti siyasi oyunu da diqqət çəkir. 9 noyabr 2020-ci il tarixli bəyanatda bu məsələyə razılıq vermişdilər, daha sonra ABŞ-la paralel proseslər apardılar, İranla da müəyyən oyunlar oynadılar. İranla yaşıl dəhliz açmaq istiqamətində addımlar atdılar. İndi isə İranın Ermənistana xəbərdarlıq etməsi, ABŞ-ın iştirakını qəbul etməyəcəyini bildirməsi təsadüfi deyil. Bütün bunlar Ermənistanın ikili siyasətinin nəticəsidir”.
Xəyal Bəşirov bildirib ki, Zəngəzur dəhlizinin açılması TRIPP layihəsi ilə bağlı siyasi proseslərdən asılı deyil:
“Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi üçün yolun açılmasının hüquqi və tarixi əsasları var. Buna qarşı əsaslı mövqe ortaya qoymaq mümkün deyil. TRIPP layihəsinə, Ermənistan-ABŞ münasibətlərinə və Donald Trampın təşəbbüsü ilə irəli sürülən layihələrin reallaşmasına gəldikdə isə, bəli, bunlar təhlükə altına düşə bilər. Bu, ABŞ-da keçirilən aralıq seçkilərin nəticələri ilə əlaqəli ola bilər və bunun üçün ciddi əsaslar var”.