Sosial şəbəkədə biz:

Bankı qoyub cəbhəyə getdi - "Mixaylo”nun son döyüşü

Bankı qoyub cəbhəyə getdi - "Mixaylo”nun son döyüşü
Xəbər Şəkli
08 November 2026, 11:43
Cəmiyyət

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızdan biri də ehtiyatda olan baş leytenant Mixail Həmidovdur. Hərbçi ailəsində dünyaya göz açan, uşaqlıqdan hərbi sənətə böyük maraq göstərən Mixail həyatının bir mərhələsində mülki sahədə çalışmağa başlasa da, Vətən müharibəsi başlayanda silaha sarılaraq cəbhəyə yollandı.

Mixail Həmidovun anası Nüsrət xanım oğlunun son döyüşü, hərbi xidməti və Vətən sevgisi ilə bağlı xatirələrini bölüşüb.

Anasının sözlərinə görə, Mixail əvvəlcə xüsusi təyinatlı qüvvələrdə xidmət edib, daha sonra bank sektorunda çalışıb. O, son olaraq “Xalq Bank”ın Mingəçevir filialının direktoru vəzifəsində işləyib. Vətən müharibəsi başlayanda isə səfərbərliklə yenidən cəbhəyə yollanıb.

Mixail Həmidov Füzuli rayonunun Qarxanbəyli istiqamətində gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 23-də şəhid olub.

Nüsrət xanımın danışdıqları arasında ən təsirli məqamlardan biri oğlunun şəhidliyindən bir gün əvvəl, oktyabrın 22-də onunla sonuncu telefon danışığıdır. Ana deyir ki, oğlu döyüş əməliyyatına getməzdən əvvəl bir neçə dəfə zəng edib. Həmin axşam isə ailəsini ona əmanət edib.

“Yəqin ki, nəsə hiss etmişdi. Vətən yolunda gedirdi, başına bir iş gələ biləcəyini düşünürdü. Arxasında üç övladı qalmışdı. Ailəsi üçün çox narahat idi. Zəng edib uşaqlarını, ailəsini mənə tapşırdı. Ana kimi məndən ailəsinə sahib çıxmağımı istədi”,-deyə şəhid anası bildirib.

Nüsrət xanım qeyd edib ki, oğlu hərbi xidmətdən tərxis olunsa da, ürəyi daim hərbi peşəsində, Vətənin müdafiəsində olub. Torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzularından idi.

"Baş leytenant rütbəsində xidmət etmişdi. Sonradan bank sektorunda işləsə də, ürəyi yenə hərbi peşəsində, Vətənin müdafiəsində idi. İşğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər şeyə hazır idi. Döyüşə böyük həvəslə, can-başla getmişdi", – anası deyib.

Şəhid anası Zəfər Gününün sevincini övladları ilə birlikdə yaşamaq istədiklərini, lakin bunun qismət olmadığını da dilə gətirib:

"Bu gün onların bayramıdır. Çünki bu Zəfəri onlar qazandılar. Zəfər Günümüz mübarək olsun! Kaş ki, övladlarımız da bu günləri özləri yaşaya, qələbənin sevincini bizimlə bölüşə biləydilər. Təəssüf ki, qismət olmadı".

Mixail Hamlet oğlu Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub. Atası Almaniyada hərbi xidmətdə olub. Ailənin hərbçilik ənənələri Mixailin də gələcək həyat yoluna təsir göstərib.

O, 1991-1998-ci illərdə Suraxanı rayonunda P. İsmayılova adına 278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isə Sabunçu rayonundakı F. Tağıyev adına 72 nömrəli məktəb-liseyində təhsil alıb.

2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunan Mixail Həmidov 2005-ci ildə ali hərbi təhsilini başa vurub. Kəşfiyyatçı kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Dörd il davam edən hərbi xidmətindən sonra, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından baş leytenant rütbəsində ehtiyata buraxılıb.

Rus, ingilis və erməni dillərini bilən Mixail hərbi xidmətdən sonra əmək fəaliyyətini mülki sahədə davam etdirib. Əvvəlcə “Halal-P” firmasında çalışıb. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə “Biznesin idarə edilməsi (MBA)” ixtisası üzrə magistr dərəcəsi alıb.

2010-2016-cı illərdə “AGBank” ASC-də, 2016-cı ildən isə “Xalq Bank” ASC-də işləyib. Son iş yeri bankın Mingəçevir filialı olub. O, burada direktor vəzifəsində çalışıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda ehtiyatda olan baş leytenant Mixail Həmidov könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən hərbçi düşmənin bir neçə postunun qısa müddətdə Azərbaycan Ordusunun nəzarətinə keçməsində xüsusi rol oynayıb.

Döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə silahdaşları arasında “Mixaylo” ləqəbi ilə tanınıb.

Mixail Həmidov oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən göstərdiyi fədakarlığa görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Həmçinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə Prezidentin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Musavat.com