Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ətrafında qalmaqal davam edir.

Yenisabah.az xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahan sualları ilə bağlı narazılığı ölkədə böyük səs-küyə səbəb oldu. Hətta gərginlik o həddə çatdı ki, gənc müəllimlərin etirazını görən Təhsil naziri Emin Əmrullayev imtahan suallarının üç gün ərzində yenidən komissiya tərəfindən yoxlanılacağı barədə açıqlama verdi. 

Bu gün isə nazirlik rəsmi məlumat yayaraq müəllimlərin haqlı olduğunu, yəni Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyini, bu səbəblə də yenidən imtahan keçiriləcəyini diqqətə çatdırıb.

MİQ imtahanı ilə bağlı narahatlığın tam sonlanmadığı bir vaxtda Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyevaya məxsus təhqiramiz səs yazısının yayılması isə ötən gün gərginliyi pik həddə çatdırıb. Belə ki, səs yazısında Nəzakət Mehdiyeva, “Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – deyərək sualların çətin salınmasına haqq qazandırmağa çalışıb.

Onun səs yazısı ilə bağlı material saytlarda dərc olunduqdan sonra isə məsələnin miqyası daha da böyüyüb. Görünür, müəllimlər qrupuna atılan bu səsi ilk əvvəl tələbələrin, daha sonra da medianın və bütün ictimaiyyətin dinləməsi Nəzakət Mehdiyeva və qrupda olan digər müəllimləri hiddətləndirib.

Yenisabah.az-a daxil olan məlumata görə, hətta bu səs yazısını yaymaqda ittiham edilən Mərkəzin Fidan adlı eksperti işindən azad edilib.

Məsələni aydınlaşdırmaq üçün Fidan xanımla əlaqə saxladıq. O, saytımıza açıqlamasında ikinci dəfə problem yaşamaq istəmədiyi üçün iş həyatı ilə bağlı məlumat verməyəcəyini bildirib:

“Mən sizə heç bir məlumat verməyəcəm, çünki ikinci bir boş problem istəmirəm, o mənim şəxsi işimdir, özüm bilərəm çıxarılmışam, ya yox. İtirəcək heç nəyim yoxdur. Mən körpə uşaqla evdə məzuniyyətdəyəm. Telefonumdan o səs yazısını hansı tələbə, necə paylaşıb bilmirəm. Onu da aydınlaşdıracağıq. 

Müraciət etmişəm, bizim bölmənin rəisi araşdırır. O ayrı məsələ. Bilmirəm kim çəkib adımı. Heç kim boynuna götürmür. Bunu tapmaq problem deyil, istintaq açılacaq, başım ağrıyacaq…”.

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …