Ana səhifə / Gündəm / “Azərbaycan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir” – “Sky News”

“Azərbaycan Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir” – “Sky News”

Rusiya keçmiş Sovet ölkələrindən avtomobillər, o cümlədən dəbdəbəli markalar gətirməklə Ukrayna müharibəsi sanksiyalarından yayınmağın yollarını axtarır.
Bu barədə “Sky News”un təhlilində yazılır.
Qeyd olunur ki, Britaniya avtomobil istehsalçıları Ukraynanın işğalından və sanksiyaların tətbiqindən sonra da Rusiyaya yüz milyonlarla funt-sterlinq dəyərində lüks avtomobil satmağa, avtomobilləri dolayı yolla keçmiş Sovet dövlətləri vasitəsilə ixrac etməyə davam ediblər:
“2022-ci ildə Ukraynanın işğalından sonra Britaniyanın Rusiyaya birbaşa avtomobil ixracı sıfıra düşsə də, bu çöküşün ardınca Rusiya ilə qonşu olan ölkələrə, xüsusən də Azərbaycana avtomobil ixracı müvafiq olaraq artdı.
Gəlirlər və Gömrük İdarəsinin (HMRC) rəsmi ticarət məlumatlarına əsaslanan təhlilimiz göstərir ki, Böyük Britaniya keçən il Azərbaycana 273 milyon funt-sterlinqlik (593,9 milyon manat) avtomobil ixrac edib. Hansı ki, bu işğaldan əvvəlki beş illik dövrlə müqayisədə 1860% artım deməkdir”.
Bildirilir ki, Azərbaycana ixracın artımı nəinki misilsizdir, bu, sanksiyaların tətbiqindən əvvəlki iki il ərzində Rusiyaya illik avtomobil ixracı ilə eyni miqyasdadır və orta hesabla 330 milyon funt-sterlinq (717,9 milyon manat) təşkil edir.
“Sky News” HMRC-nin statistikası ilə yanaşı, BMT-nin beynəlxalq ticarət məlumatlarını da təhlil edib. Qeyd olunur ki, Britaniyadan Azərbaycana avtomobil ixracında görünməmiş artımın qeydə alındığı eyni dövrdə Azərbaycandan da Rusiyaya avtomobil ixracında görünməmiş artım qeydə alıb:
“Məlumatlar “Sky News” mənbələrinin ifadəsi ilə üst-üstə düşür. Onlar bizə bildiriblər ki, alman avtomobillərini əldə edən rus alıcıları onları əsasən Qırğızıstan vasitəsilə gətirsələr də, Azərbaycandan Britaniya avtomobilləri üçün marşrut kimi istifadə etməyə üstünlük verirlər.
Britaniya avtomobil istehsalçıları təkid edirlər ki, onlar artıq Rusiyaya avtomobil satmırlar. HMRC tərəfindən ölkədən çıxan bütün mallar haqqında toplanan hökumət məlumatları sözügedən avtomobillərin Rusiyaya aparıldığını sübut etmir. Britaniyadan çıxarılan yükləri limanı tərk etdikdən sonra, xüsusən də üçüncü ölkəyə çatdıqdan sonra izləmək mümkün deyil.
Bununla belə, hökumət Qafqaz və Mərkəzi Asiyadakı keçmiş Sovet dövlətləri kimi Rusiyaya malların göndərilə biləcəyi bu boz zonadan narahatdır”.
Qeyd olunur ki, sanksiya rejimi çərçivəsində Rusiyaya ixracı qadağan edilən mallar siyahısında avtomobillər də var. Bildirilir ki, dəyəri 42 min funt-sterlinqdən (91,3 min manat) yuxarı olan lüks avtomobillərin Rusiyaya satışına xüsusi qadağa qoyulub:
“Satılan avtomobillərin sayını və ümumi dəyərini də göstərən HMRC məlumat bazası Azərbaycana ixrac edilən Böyük Britaniya avtomobillərinin orta dəyərinin 100 min funt-sterlinqdən (217,5 min manat) çox olduğunu ortaya qoyur və bu, yüklərin əsasən və ya yalnız lüks avtomobillər olduğunu göstərir”.
“Sky News”un hazırladığı təhlildə qeyd olunur ki, bütövlükdə Böyük Britaniya üçün ticarət statistikasında Azərbaycana avtomobil ixracının kəskin artması diqqət çəkir:
“Ötən bir neçə il ərzində Qana ilə eyni ölçüdə, təxminən 10 milyon funt-sterlinq (21,7 milyon manat) ticarət dövriyyəsi olan bu dövlət, Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq, Böyük Britaniya avtomobil sənayesinin dəyərinə görə 16-cı ən böyük ixracat istiqamətinə çevrilib”.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …