Sosial şəbəkədə biz:
Ukrayna Prezident Aparatının rəhbəri evində axtarış aparıldığını təsdiqlədi
Xəbər Şəkli

Ukrayna Prezident Aparatının rəhbəri evində axtarış aparıldığını təsdiqlədi

28 November 2025, 14:49
Dünya

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın evində axtarış aparılıb.

"Yeni Sabah" UP-yə istinadla xəbər verir ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) 10 əməkdaşı axtarışları icra edib.

Qurumların yaydığı məlumatda bildirilir ki, prosessual tədbirlər məhkəmə qərarı əsasında və davam edən istintaq çərçivəsində həyata keçirilir.

Axtarışların “Midas işi” – enerji sektorunda geniş korrupsiya şəbəkəsinin araşdırılması ilə bağlı olduğu ehtimal edilir.

Andrey Yermak sosial şəbəkədə paylaşdığı açıqlamada axtarış faktını təsdiqləyib:

“Bu gün NABU və SAP mənim yaşadığım ünvanda prosessual tədbirlər həyata keçirir. Mən əməkdaşlıq edirəm, mənzilə tam giriş imkanı verilib. Yerində vəkillərim var”.

Yermakın paylaşımının axtarış aparılan yerdə olu-olmadığı açıqlanmır. Onun mətbuat xidməti axtarışların Prezident Aparatının fəaliyyətinə təsir edib-etməməsi ilə bağlı sualları cavabsız qoyub.

NABU rəhbəri Semen Krivonos bir neçə gün əvvəl bildirmişdi ki, “Midas işi” üzrə yeni şübhəli şəxslərin müəyyən olunacağı gözlənilir. Bundan əvvəl iş adamı Timur Mindıç və “Enerqoatom” şirkətinin bir neçə vəzifəli şəxsi korrupsiya ittihamları ilə saxlanılmış və ya ölkəni tərk etmişdi.

Antikorrupsiya qurumları yaxın vaxtlarda əlavə məlumat açıqlayacaqlarını bildiriblər.