Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Tiflisə mer seçilən məşhur futbolçunu siyasətə aparan yollar…

Tiflisə mer seçilən məşhur futbolçunu siyasətə aparan yollar…

Şənbə günü Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə məşhur gürcü futbolçusu Kaxa Kaladzenin Tiflisin meri seçilməsi ciddi maraq doğurub. Eyni zamanda, son zamanlarda müxtəlif idman sahələrinin məşhurlarının siyasətə gəlmələri məsələsi yenidən aktuallaşıb.

K.Kaladzenin mer kimi paytaxtı necə idarə edəcəyinə keçməzdən əvvəl onun çoxları üçün maraqlı olacaq həyatını təqdim edirik:

O, 1978-ci ildə Gürcüstanın Samtrediya şəhərində doğulub. 15 yaşında professional karyerasına başlayıb və kifayət qədər uğurlu yol keçib. Müdafiəçisi olub. 1993-98-ci illərdə “Dinamo Tiflis”, 1998-2001-ci ildə “Dinamo Kiyev”, 2001-10-cu illər arası “Milan” klublarında çıxış edib. Son klubu isə, “Genoa” olub. Kaladze Çempionlar Liqasını qazanan ilk və yeganə gürcü futbolçusudur. “Milan”ın heyətində bu uğura imza atıb. Sevimli peşəsi ilə vidalaşandan sonra Kaladze siyasət meydanına atılır. Bu karyerasına o, ölkənin hakim partiyası olan “Gürcü Arzusu”nda başlayır və 2012-ci ildə Gürcüstanın energetika naziri təyin olunur. Kaladze beş il nazir postunda qalır. Son olaraq, mer seçkilərində hakim partiyanın namizədi kimi iştirak edərək qalib gəlib.

Çoxları bu şəxsi Qərbin “yeni Saakaşvili”si kimi təqdim edirlər. Doğrudur, hazırkı Gürcüstan hökuməti əmin addımlarla Avropaya doğru irəliləyir. Amma Qərb “Gürcü Arzusu” iqtidarına tam bel bağlamır.

 

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hesab edir ki, tanınmış liderlərin çoxu məqsədlərinə çatmaq üçün idmana bir vasitə kimi baxıblar: “Fikir versəniz görərsiniz ki, dünyada olimpiya komitələrinin çoxunun rəhbərləri siyasətə yaxın adamlardır. Bu baxımdan “Gürcü Arzusu” Partiyasının Kaladzedən bəhrələnməsi təsadüfi deyil. Bu şəxs Avropada kifayət qədər populyar olan şəxsdir. Nə futbolçuya, nə də digər sahələrin nümayəndələrinə siyasətlə məşğul olmaq yasaq deyil. Bu hər kəsin hüququdur. Kaladze də bu imkandan istifadə etdi. Ola bilər ki, onun mer seçilməsi çoxları üçün təəccüblü gəlsin. İlkin mərhələdə Kaladze bildiyimiz kimi Bidzina İvanişvili iqtidarında energetika naziri kimi mühüm postu tutub. Kaladze bəzi məqamlarda bizi də düşündürən ideya müəllifi kimi çıxış etdi. İranla münasibətlər, Azərbaycanın nəzərə alınmaması kimi hallar oldu. Burada ola bilsin ki, dövlətçilik maraqları daha çox önə çıxdı. Bu baxımdan futbol amili önə çıxdı və Kaladze belə sərt bəyanatlar verdi. Biz məsələyə Gürcüstandakı seçkilər demokratik keçirilibmi və digər namizədlər bunu tanıyıblarmı prizmasından yanaşmalıyıq. Əsas iddiaçılar nəticələrə mötədil yanaşırlar. Alınan təbriklər və məhkəməyə müraciətlər də var. Cənubi Qafqaz hər zaman siyasət məkanı sayılıb.

Image result for Kaladze

İndiki məqamda Avropaya inteqrasiya tam fərqlidir. Sanki bu yolu getmək yalnız gürcülərin üzərinə düşüb. Bizim də bu yolu getməyimiz lazım idi. Kaladzenin qalibiyyətində öncəliklə seçki faktoru mühüm rol oynayıb. Bu onun indiki gürcü iqtidarı daxilində etimad qazanmasının göstəricisidir. Onu hakimiyyətə gətirən konkret siyasi baza var. Burada Saakaşvili dönəmindən, yəni demokratik hakimiyyət tərəfindən əsası qoyulmuş inkişaf strategiyası var. Bu yol Avropaya gedir. Burada kənara çıxmaq cəhdləri olsa da, prinsip etibarı ilə bu yoldan çıxmaq mümkünsüz görünür. Hər cəhətdən Avropaya uyğun şəhər qurulub. Qədim Tiflisin qorunması üçün ciddi qərarlar verilir. Qədimiliyinə toxunmadan çox gözəl bir şəhər qurublar. İndi əsas sual odur ki, Kaladze bu şəhərə rəhbərlik etmək iqtidarındadırmı? Əvvəlki merdən hansı cəhətlərdə üstün və ya zəif olması ortalıqda olacaq.

Image result for Kaladze

Bunlar gələcəyin işidir. Şəhər təsərrüfatı həm siyasi, həm də milli düşüncə tələb edir. Bəzi məqamlarda da mühafizəkar yanaşma tələb edir. Bu da milli dünya ilə bağlıdır. Tiflisin gözəlliyi onun mühafizəkar düşüncə ilə idarə olunmasındadır. Bu baxımdan mən Kaladzenin futbolçuluqdan daha çox siyasi fiqur olaraq meydanda olmasını dəyərləndirirəm. Seçicilərin etimadını qazanıb mer seçilib. Bizə prosesləri izləmək qalır. Verdiyi vədlərə necə əməl edəcəyini və yaradacağı yenilikləri gələcəkdə görəcəyik. Yeniliklər yaratmayanı növbəti dəfə seçmirlər. Gürcü dostum var, deyir ki, gürcülər bal gətirən arıya sığal çəkərlər, bal gətirməyənləri də məhv edərlər. Siyasətdə də belədir. Kaladze yeniliklər gətirəcəksə, müsbət işlər görəcəksə, uğur qazanacaq. Əks təqdirdə növbəti seçkilərdə uduzacaq”.

Z.Məmmədli Kaladze ilə olan görüşündən də danışdı: “Toplantıların birində onu görmüşəm, salamlaşmışıq. Amma oturub nəyisə danışmamışıq. Bu tarix 1997-ci ildə Gürcüstanda Avropa Çempionatının təməli qoyulan vaxta təsadüf edir”. (Musavat.com)

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …