Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / Həmsədrlərin Krakov bəyanatında misilsiz qüsur

Həmsədrlərin Krakov bəyanatında misilsiz qüsur

Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında Polşanın Krakov şəhərində keçirilən görüşlə bağlı bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, görüşdə nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əvvəlki görüşlərdə əldə edilmiş razılaşmaların həyata keçirilməsinin asanlaşdırılması üçün növbəti addımları müzakirə ediblər. Qeyd olunub ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin üzərində yenidən işlədiyi müvafiq konsepsiya sənədi ilə prinsip etibarilə razılaşıblar. Həmçinin, görüşlər zamanı tərəflər və həmsədrlər hazırda gündəmdə olan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə səsləyiblər. Eyni zamanda, həmsədrlər nazirlərə münaqişə təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər.
Qeyd edək ki, yanvarın 18-də Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş keçirilib. Həmsədrlər Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub. Məlum bəyanatda bir cümlə xüsusilə diqqəti çəkir. Bildirilir ki, həmsədrlər nazirlərə münaqişə təsirinə məruz qalan ərazilərdə 2010-cu il üzrə qiymətləndirmə missiyasını davam etdirmək imkanları barədə gələcək müzakirələrə maraq göstərdiklərini ifadə ediblər. Cümlədəki “münaqişə təsirinə məruz qalan” ifadəsi yenidir. Niyə işğal altında olan torpaqlarda yox, münaqişə təsirinə məruz qalan ifadəsi işlədilir. Bununla həmsədrlər nə demək istəyirlər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələyə olduqca ciddi yanaşmaq lazımdır: “Bu, hansısa qrammatik səhvdən irəli gələn, sözlərin yerinin dəyişik düşməsindən yaranan səhv deyil. Biz həmsədrlərin fəaliyyətində belə təxribatları çox müşahidə etmişik. Hər dəfə də cavablarını lazımi şəkildə vermişik, ancaq, göründüyü kimi, nəticə çıxarmaqda maraqlı deyillər. Həmsədrlərin bu işdə bir maraqları var: baş vermiş hadisənin mahiyyətini təhrif etmək. Belə olan təqdirdə, işğal faktı arxa plana keçir və ya məqsədli şəkildə gizlədilir. Onların əvvəllər etdiyi analoji cəhdlərdən biri də vardı. Bütün bəyanatlarında Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi hallandırırdılar. İstəkləri də bu idi ki, Azərbaycan məcbur qalıb separatçıları tərəf kimi qəbul etsin, onlarla danışıq aparsın. Olduqca zərərli fəaliyyətdir. Hesab edirəm ki, bununla bağlı rəsmi etiraz bildirilməlidir. Münaqişə təsirinə məruz qalan ərazilər termini çox gülməli görünür. Azərbaycanın işğal altında saxlanan bütün əraziləri və Ermənistanla həmsərhəd olan inzibati ərazi vahidlərinin hamısı münaqişənin təsiri altındadır. Rəsmi bəyanata belə bir ifadənin salınması heç də xoş niyyətdən xəbər vermir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rusiyada Telman İsmayılova yeni cinayət işinin açıldığı bildirilir

Rusiyanın “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovun cinayət işində yeni epizodlar ortaya çıxıb. Bu barədə …