Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Dünya / Daha o əyyamlar deyil, Tiflisdə pul sel kimi gedir

Daha o əyyamlar deyil, Tiflisdə pul sel kimi gedir

İki il bundan əvvələ qədər azərbaycanlılar üçün demokratiya və ucuz turizm paytaxtı sayılan Tiflis artıq vahiməli şəhərə çevrilib. Ona görə yox ki, sizi küçədə kimsə narahat edir, yaxud cəmiyyətdə mühafizəkarlıq, teokratiya var.

►Manata Tiflisdə “fatihə”…

Ona görə ki, Gürcüstan sərhədini ayağını basandan pul sel kimi gedir. İndi o zəmanə deyil ki, cibinə 200 manat qoyub Tiflisdə 2-3 gün kef çəkəsən.

Bunun səbəbi bir tərəfdən bizim manatın “rəhmətə” getməyidirsə, digər faktoru isə qonşu ölkədəki bahalaşmadır.

Gürcülər turist axınını o səviyyədə təşkil ediblər ki, indi arxayınlaşıblar və bazarda istədikləri qiymətləri diktə edirlər.

Siz bunu marketdə adi su almaqdan tutmuş taksi, restoran, otel və hostel xidmətlərindən hiss edəcəksiniz.

Hətta şəhəri pis-yaxşı çoxdan tanıyan bu sətirləri müəllifi belə, hansı restoranda, hansı hostelə qalmağı bilsə də, qiymətlərin fərqini görmüş oldu.

O halda Tiflisə ilk dəfə yaxud ikinci dəfə ayaq basanlar şəhərin daha qabaqkı əyyamları olmadığını görəcəklər.

► Sığortadan kababa, hosteldən içkiyə qədər

Nəzərə alın ki, siz daha valyutadəyişmə məntəqələrinə 100 manat verib 230-240 lari almırsınız, cəmi 143-144 lari verilir.

Məsələn, şəhərdəki ortabab restoranların birində əvvəllər 3-4 nəfər yeyib-içəndə 35-40 lari hesab gəlirdisə, indi 65-70 laridən qaçılmazdır.

Kabablar, xingəllər, xaçapurilər, ocaxurilər, balıq məhsulları, içki və s. nemətlərin hər birinin qiymətində 2-4 lari arasında artım var.

Başqa bir məsələ, Gürcüstana avtomobillə gələnlərə sığorta haqqı tətbiq olunması da, əlavə xərcdir. Azı 15 günün sığortası 30 laridir ki, bu da təxminən 21 manat edir.

Əgər sığorta etməsəniz, 100-200 lari məbləğində sizi cərimə gözləyir. Üstəlik, gürcü gömrükçüləri yeni qayda ilə işləyirlər: avtomobildə olan sürücünün ailə üzvlərindən maşından düşüb piyada şəkildə sərhəd məntəqəsindən keçməsi tələb olunur, maşında yalnız şofer qala bilər.

Halbuki, əvvəllər ailə nəinki maşından düşmürdü, avtomobilin içində pasportu gömrükçüyə təqdim edirdin, möhürləyib “do svidaniya” deyirdi.  Amma bir məsələ var – gürcü gömrüyü avtomobilin baqajına belə baxmır ki, içində nə aparırsan.

Bütün bu neqativlər və pozitivlərlə bərabər, gördüklərimizdən onu deyə bilərik ki, Tiflisə, ümumilikdə Gürcüstana turist axını iləbil artır.

► Ərəb az, avropalı çox – niyə?

Siz şəhərdə Bakıda olduğu kimi yalnız qara libasa bürünmüş, niqablı, özünü apara bilməyən ərəb turistlər görməyəcəksiniz. Əksinə, Tiflisdə ərəb turistə az rast gəlinir.

Gürcü paytaxtının Meydanından Rustavellisinə qədər avropalı, amerikalı, yaponiyalı və s. yerlərdən turistlər üstünlük təşkil edir.

Həmçinin, ötən dövrlə müqayisədə indi şəhərdə cüt-cüt asayiş keşikçilərini tez-tez görmək olar. Polislər şəhərdə mühafizəni gücləndiriblər.

Bu, bir qədər turistdə diskomfort yarada bilər. Ancaq hazırda Tiflisdə turist əlindən “iynə atsan yerə düşməz”.

Belə desək, gürcülər istədiklərinə çatıblar, Tiflisi, Bakuranini, Borjomini, Batumini, Kabuletini və s. şəhərlərini turizm oylaqları kimi tanıdıblar.

Və heçdən bir turizm yaradan, xidmət səviyyəsi inkişaf etmədiyi halda turistdən korluq çəkməyən, bahalığa baxmayaraq Tiflisi avropalıların Cənubi Qafqazda ən çox getdiyi şəhərə çevirən gürcülərə yalnız həsəd aparmaq mümkündür.

Azərbaycanın onlardan turizmdə öyrənəcəyi ciddi bir təcrübəyə ehtiyac yoxdur, sadəcə şəffaflıq olsa, sahibkara sərbəstlik verilsə, ərəblərin deyil, avropalıların, amerikalıların diqqəti cəlb edilsə, Bakıdan gözəli yoxdur, hərçənd bəndəniz Tiflisin qəmgin ovqatına aşiq olsa da…

Həmçinin oxuyun

Rüşvət alan ermənipərəst senatorun məhkəməsi başlayıb

Nyu-York ştatının federal məhkəməsində siyasi xidmət müqabilində rüşvət almaqda, habelə Misirin və Qətərin maraqları naminə …