Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / Ərdoğanın yeni komandasında kimlər var?

Ərdoğanın yeni komandasında kimlər var?

Bu gün prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Ankara artıq andiçmə mərasimi üçün dünyanın hər yerindən liderləri və ya xarici işlər nazirlərini qəbul etməyə hazırdır. 

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində keçiriləcək andiçmə mərasimində 20 lider və 45-ə yaxın nazirin iştirakı gözlənilir. Mərasimdə türk dövlətləri geniş heyətlə təmsil olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev də andiçmə mərasimində iştirak edəcək. Həmçinin Somali, Əlcəzair və Balkan ölkələrindən iştirak prezident səviyyəsində olacaq. Türkiyə Böyük Millət Məclisində yüksək səviyyəli xarici qonaqlar üçün ayrılmış lojada Qətərin baş naziri Əl Tani də öz yerini tutacaq. 

Mərasimdə prezident Ərdoğanın Anıtkabir ziyarətindən sonra atlı qoşunların müşayiəti ilə Beştəpəyə getməsi planlaşdırılır. 

Məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq də prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gedir. İnauqurasiya mərasimindən sonra prezidentin ilk qonağı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Məhəmməd bin Zayed olacaq. Prezident Ərdoğanla ikitərəfli görüşdən sonra BƏƏ əmiri İstanbulda keçiriləcək Çempionlar Liqasının finalını izləyəcək. 

Beləliklə, Ərdoğan və  təzə deputatlar iyunun 3-də parlamentdə and içəcək, bundan sonra hökumətin tərkibi açıqlanacaq. Dünən seçkilərin rəsmi yekunu elan edilib. 

Bu arada Türkiyənin “Hürriyet” nəşri yazıb ki, Türkiyə Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidan ölkənin vitse-prezidenti vəzifəsinə keçə bilər. “Hürriyet” yazır ki, bu məsələ Ankarada uzun müddətdir müzakirə olunur.

Qəzet həmçinin bildirir ki, hökumətin tərkibi demək olar, tamamilə dəyişdiriləcək. Ancaq xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar öz mövqelərini saxlaya bilərlər. Türkiyənin kəşfiyyat rəhbəri Hakan Fidan isə nazir postuna təyin oluna və ya təhlükəsizlik məsələləri üzrə vitse-prezident vəzifəsini icra edə bilər. 

Nəşrin iddiasına görə, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalına yeni hökumətdə yüksək vəzifə verilə bilər, amma onun mümkün mövqeyi qeyd edilmir. Bundan əvvəl yerli mətbuat onun XİN-ə rəhbərlik edə biləcəyini yazmışdı. 

“Hürriyet” həmçinin keçmiş baş nazirin müavini və maliyyə naziri Məhmət Şimşəkin yeni kabinetə təyinatı ilə bağlı məlumat verib. Prezident Ərdoğan srağagün onunla görüşüb, amma təmasdan sonra heç bir açıqlama verilməyib. 

Qeyd edək ki, Türkiyənin hazırkı hökumətinin demək olar ki, bütün nazirləri mayın 14-də keçirilən seçkilərdə parlamentə deputat seçiliblər.

Bəs Hakan Fidanın vitse-prezident gətirilməsi hansı zərurətdən doğub? Ölkədəki problemləri nəzərə almaqla Ərdoğanın yeni komandası nə dərəcədə daha çevik və işlək olacaq? 

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert və politoloq İlham İsmayıl “Yeni Müsavat”a danışdı: “Mən şəxsən Hakan Fidanı çox ciddi fiqur hesab edirəm. O, öz işinin peşəkarı, dövlətçiliyi bilən, vitse-prezident statusu perspektivi ilə görünən adamdır. Mən bunu çox təqdir edirəm. Lakin burada daha çox bir məqama diqqət çəkmək istəyirəm. Hamımız bilirik ki, hazırda Türkiyənin ən böyük bəlası inflyasiya, iqtisadi vəziyyətinin yaxşı olmamasıdır. Seçkilərdə Ərdoğan əleyhinə ən azı 48 faizin səs verilməsi məhz iqtisadi gərginliklərlə bağlıdır. 

Ona görə də hökumətin tərkibində daha çox Türkiyənin iqtisadi vəziyyətini yaxşılaşdıran peşəkar iqtisadçılara daha çox yer vermək lazımdır. Yəni “kimsə mənim yanımda, mənim partiyamdandır, məni dəstəkləyir” prinsipi ilə deyil, peşəkarlığı dəyərləndirib, iqtisadi sferaya ən çox onlar nəzərdə tutulmalıdır. Hər halda, bu, daha çox effekt verər, nəinki hansısa yerdəyşmələr”. 

Ekspert qeyd edib ki, yerdəyişmələrlə Türkiyənin  iqtisadi vəziyyətini düzəltmək mümkün olmayacaq: “Hesab edirəm ki, qarşıdakı ilk bir il Türkiyə üçün çox çətin olacaq. Bu vəziyyətdən çıxmaq üçün ən önəmlisi Türkiyənin iqtisadi vəziyyətinin gərginləşməsinin, inflyasiyanın artmasının, lirənin həddindən artıq dəyərsizləşməsinin qarşısını almaq lazımdır. Yəni mövcud hakimiyyətdə ən çox diqqəti peşəkar iqtisadçılara vermək və bu istiqamətdə onların təkliflərinin qəbul etmək lazımdır. Təbii ki, digər detallar Türkiyə və Türkiyənin bilənlər üçün daha maraqlıdır, amma qeyd etdiyim kimi, iqtisadi vəziyyət ön plandadır. 

O ki qaldı yeni komandanın nə dərəcədə daha çevik və işlək olacağına, onlar artıq çevik işləmək, bütün güclərinin ortaya qoymaq məcburiyyətindədirlər. Seçkidə qələbə qazanmaq o demək deyil ki, bütün məsələlər həll olundu. Türkiyənin indiki iqtidarının indiki və qarşıdakı iqtisadi vəziyyətdən çıxmaq üçün çeviklik göstərməsi mütləq lazımdır. Lakin əgər insan öz peşəsinin peşəkarı deyilsə, nə qədər  hərəkət, çeviklik etsə də xeyri olmayacaq. Ona görə də burada məsələlərə kompleks yanaşmaq lazımdır. 

Vacib məsələlərdən biri olan xarici siyasət Ərdoğanın bu istiqamətdə yürütdüyü siyasətlə davam edəcək. Lakin iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün görünür, həm Qərb dünyası, Rusiya və digər ölkələrlə münasibətləri elə səviyyəyə çatdırmaq, xüsusən də daxildə elə bir şərait yaratmaq lazımdır ki, artıq  iqtisadiyyat bir növ liberallaşsın. O mənada ki, bu sahədə monopoliya yaratmaq Türkiyəni daha da geri sala bilər. Türkiyəni inkişaf etdirmək üçün iqtisadçılar daha yaxşı bilər ki, haradan başlayıb, harada bitirmək lazımdır. Beləliklə, istənilən komanda üçün bu çeviklik Türkiyə üçün ilk qarşıdakı bir ildə çox vacibdir”. 

Həmçinin oxuyun

Putin rus hərbçilərin Ermənistanın 6 bölgəsindən çıxarılmasına razılaşıb

Rusiya hərbçiləri Ermənistanın müxtəlif bölgələrində xidmətlərini dayandırırlar. Bu barədə “Bagramyan26” Telegram kanalı məlumat yayıb. Qeyd …