Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Cəmiyyət / Rusiya ekspertlərindən təəccüblü Azərbaycan-Türkiyə “kiçik qaz müharibəsi” anonsu…

Rusiya ekspertlərindən təəccüblü Azərbaycan-Türkiyə “kiçik qaz müharibəsi” anonsu…

İlham Şaban: “Türkiyəyə 2016-cı ildə qazı verə bilməyəcəyimizlə bağlı səslənən fikirləri cəfəngiyyat sayıram”
“Hətta konsorsium digər istiqamətdə satdığı qazı da Türkiyəyə yönəltmək istəyir”

Rusiyanın “Odnako” analitik-informasiya layihəsi neft və qaz yataqlarının istismarı, kəşfiyyatı üzrə mütəxəssis, geologiya-mineralogiya elmləri namizədi Aleksandr Turinin Azərbaycanın qaz hasilatı və ixrac imkanları ilə bağlı geniş təhlini yayıb. Kremlə bağlı informasiya resursunun yaydığı bu təhlildə Azərbaycanın qaz ixracı üzrə öhdəliklərini yerinə yetirməsi şübhə altına alınır.
Müəllif məqaləsinə Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun oktyabrın 12-də Moskvada verdiyi açıqlamadan sitat gətirməklə başlayıb. Nazir müavini Türkiyənin Rusiyadan qaz idxalını dayandıracağı halda Azərbaycanın bu ölkəyə qaz nəqlini artırması imkanlarına dair suala belə şərh vermişdi: “Bizim hasil edəcəyimiz qaz ehtiyatlarının hamısı 2040-cı ilə qədər artıq satılıb. Əgər artıq qazımız olsaydı, onu elə özümüzə götürərdik”.
A.Turin yazır ki, Azərbaycan Türkiyəyə ildə 6,6 milyard kubmetr qaz ixrac etməlidir. Onun sözlərinə görə, qaz ixracı “ya al, ya ödə” prinsipi ilə həyata keçirilir, Türkiyə sistematik olaraq müqavilədə əksini tapmış həcmdə qaz almayıb və əvəzində konsorsiuma pul ödəyib.
“Son vaxtlar Türkiyə müqavilədən “al və ya ödə” bəndini çıxarmaq istəyir. Ehtimal olunur ki, Türkiyə “Şahdəniz” konsorsiumundan müqavilədə göstərildiyi həcmdə qaz verməyi tələb edib. Azərbaycan isə bu qədər qaz həcmini verə bilmir. Nəticədə Türkiyə “Qazprom”la qəfildən “dostluğa” başlayıb. Azərbaycanla İran arasında qaz alqı-satqısı svap müqaviləsi üzrə həyata keçirilir. Yəni İran Naxçıvanın qaza olan tələbatını ödəyir, Azərbaycan isə bu həcmdə qazı İrana verir. Son vaxtlar Rusiya ilə İran arasında svap qaz nəqlinə dair danışıqlar aparılır. “Qazprom” İrana Azərbaycan üzərindən ildə 2-3 milyard qaz ötürə bilər”.
Müəllif yazır ki, Azərbaycan Gürcüstana da tələb olunan həcmdə qaz verə bilməyib. Nəticədə Gürcüstan “Qazprom”la danışıqlara başlayıb. Rusiyaya qaz ixracı isə dayanıb və indi Rusiya özü Azərbaycana qaz ixracını bərpa edir. Beləliklə, müəllif nəticə çıxarır ki, Azərbaycanın qaz ixracı üzrə öhdəliklərini yerinə yetirmək gücündə olmaması Qafqazda geosiyasi vəziyyəti dəyişdirir.
Habelə Turin iddia edir ki, 2016-cı ilin əvvəlindən başlayaraq Azərbaycanla Türkiyə arasında “kiçik qaz müharibəsi” gözlənir. Türkiyə tərəfi müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün “Şahdəniz” konsorsiumuna cərimə kəsəcək. Bu vəziyyətin qarşısını Rusiya qazının Azərbaycana nəqli ala bilər.
Rusiya mətbuatının Azərbaycanla Türkiyə arasında “kiçik qaz müharibəsi”nin olacağına dair gəldiyi qənaət nə dərəcədə əsaslı sayıla bilər?
Neft məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya mətbuatında yayılan həmin məqalənin heç bir əsası yoxdur: “Bu daha çox qara piara bənzəyir. Rusiya KİV-ləri əvvəl Gürcüstanla Azərbaycanın arasını vurmaq üçün belə bir mülahizə dövriyyəyə buraxdılar. Daha sonra isə bunu Türkiyə müstəvisinə keçirmək istəyirlər. 2016-cı ildə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin korlanmasına və ən başlıcası isə, ölkəmizin üzərinə düşdüyü öhdəliyi yerinə yetirə bilməyəcəyinə dair heç bir hadisə baş verməyib. İki ölkə arasında qazın satışı hökumətlərarası müqaviləyə uyğun şəkildə həyata keçirilir. Həmin qaz da “Şahdəniz” konsorsiumu tərəfindən verilir. Bu konsorsium da stabil olaraq son iki ildə 9.9 milyard kubmetr qaz hasil edir. Bu çox böyük bir göstəricidir. İmkan var ki, həmin hasilat daha da artırılsın. Türkiyə qəbul edərsə, qazın verilişində artım ola bilər, nəinki azalma.
Hətta konsorsium digər istiqamətdə satdığı qazı da Türkiyəyə yönəltmək istəyir. Kommersiya maraqları buna tam cavab verir.
Bu səbəbdən idi ki, Gürcüstanın enerji naziri müxtəlif bəyanatlar verdi. Gürcüstan narahatdırsa, Rövnəq Abdullayev dediyi kimi, getsinlər alsınlar da, əgər pulları varsa. Bir sözlə, Türkiyəyə 2016-cı ildə qazı verə bilməyəcəyimizlə bağlı səslənən fikirləri cəfəngiyyat sayıram”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …

Bir cavab yazın