Hafiz Babalı: "Əlillik pensiyam bir ildən artıqdır bloklanıb"
"Abzas Media işi" çərçivəsində 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi əlillik pensiyasına blok qoyulub.
Hazırda həbsdə olan jurnalistin Facebook hesabında bu barədə məlumat paylaşılıb. H.Babalının adından yayılan paylaşımda qeyd edilib ki, həbs olunduğu zaman onun bütün bank hesablarına, o cümlədən pensiya hesabına da həbs qoyulub: "Halbuki qanunvericiliyə görə pensiya hesablarına həbs qoymaq yolverilməzdir, çünki bu vəsaitlər yalnız Dövlət Sosial Müdafiə Fondu vasitəsilə idarə olunur və şəxsin minimum yaşayışını təmin edən mənbə hesab olunur".
Babalının sözlərinə görə, məhkəmə qərarında bu istisna nəzərə alınmadığı üçün pensiya hesabı bir ildən artıqdır ki, bloklanmış vəziyyətdə qalır: "Oktyabrın 14-də vəkilim vasitəsilə həm Bakı Ağır Cinayətlər Məhkəməsinə, həm də Bakı Apellyasiya Məhkəməsinə hesabın açılması ilə bağlı rəsmi ərizə təqdim olunub. Lakin bugünə qədər heç bir cavab alınmayıb və ya addım atılmayıb".
O bildirir ki, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və hazırda onun yeganə yaşayış mənbəyidir: "Qanunvericiliyə əsasən, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və həmin vəsait mənim bu gün üçün yeganə yaşayış mənbəyim sayılır. Bu səbəbdən pensiya hesabım üzərindəki həbsi aradan qaldırmaq üçün məhkəmələrdən və aidiyyəti qurumlardan qanuna uyğun qərar verilməsini gözləyirəm".
Bu açıqlamaya sözügedən məhkəmələr və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət almaq mümkün olmayıb.
H.Babalı 2023-cü ilin dekabrında "AbzasMedia işi" çərçivəsində həbs olunub.
Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, "AbzasMedia"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.