Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Həmin gecə 4 maşinist insanları necə xilas edirdi?

Həmin gecə 4 maşinist insanları necə xilas edirdi?

Azərbaycana qarşı 70 il davam edən sovet təcavüzü 1990-cı ilin 20 yanvar tarixində dəhşətli faciə ilə nəticələndi. 34 il öncə törədilən qətliam tariximizin xronologiyasına ən ağır cinayətlərdən biri kimi həkk olundu. Milli azadlıq və ərazi bütövlüyü uğrunda minlərlə insan həmin gün mübarizəyə qalxdı. Nəticədə 137 günahsız insan amansızlıqla qətlə yetirildi, yüzlərlə mülki şəxs yaralandı. Bakı bir anda qan gölünə döndü…

Həmin günün şahidləri qanlı gecənin dəhşətli xatirələrini 34 ildir unuda bilmirlər, dünən olmuş kimi ürəkyanğısı ilə xatırlayırlar.

Belə insanlardan biri də vaxtı ilə Bakı metropolitenində maşinist işləyən 67 yaşlı Vilayət Əsgərovdur. Faciə baş verən gün o, bütün gecə iş başında olub və gülləbarandan qaçan insanları daha təhlükəsiz yerə çatdırıb.

-O zaman indiki “20 Yanvar” metrostansiyası “11-ci Qızıl Ordu meydanı” metrostansiyası adlanırdı. Yanvarın 19-u saat 4-də işə başlayıb gecə 12-də təhvil verməli idim. Saat 19:55-də bizə Bakı metropoliteninin dispetçer aparatı tərəfindən Dövlət Televiziyasının enerji blokunun partladılması xəbəri verildi. Dedilər, şəhərdə vəziyyət çox gərgindir, insanlara kömək etmək lazımdır. Tapşırıq verildi ki, metropolitenin stansiyalarının qapıları açıq qalsın ki, gülləbarandan qaçan insanlar ora sığınsınlar.
“Neftçilər”, “Həzi Aslanov” və “Əhmədli” stansiyalarından “20Yanvar” stansiyasına güclü axın var idi.

Maşinistlər Qəhrəmanov Elman, Mahmudov Əmir, Yaqubov Abbas və mən söz verdik ki, sərnişinləri təhlükəsiz vəziyyətdə ünvana çatdıracağıq. Gecə saat 12 radələrində biz maşinistlərə bir neçə dəqiqəlik fasilə verdilər. Çünki artıq 8 saat idi ki, ara vermədən işləyirdik.

“20 Yanvar”da 5 dəqiqəlik təmiz havaya çıxdıq ki, yuxumuz qaçsın. O zaman həmin ərazidə indiki körpülər yox idi. Böyük bir kruq var idi. O kruqdan baxanda “şamaxinka” adlanan yer görünürdü. Camaat orada yollara avtobuslar, maşınlar düzüb barikada yaratmışdı.Tankların onları necə əzib keçdiklərinin mən öz gözümlə şahidi oldum. “20 Yanvar” ətrafındakı evlərdə haradasa işıq yanırdısa, həmin məzili vururdular. Atdıqları güllələr işıq saçırdı deyə vurduqları yeri dəqiq görürdük.

O vaxtı sonuncu Memar Əcəmi stansiyası idi. Həmişə sonuncu dayanacağımız ora olurdu. Bizə metropoliten rəhbərliyi tərəfindən tapşırıq verilmişdi ki, dayanma vaxtını “20 Yanvar” stansiyasına salaq ki, qaçan insanları götürə bilək. Bir oğlan ayağından yaralanmışdı. Metropolitendə işləyən qadınlar yaylıqla onun ayağını sarıdılar. Hər kəs yeraltı keçiddə həyəcanla baş verənləri izləyirdi. Metropolitendə xidmət edən polislər bizi yuxarı çıxmağa qoymurdular. Girişdə durub çöldən gələn insanları içəri buraxırdılar.

Yeraltı keçidər insanlarla dolmuşdu. 5 dəqiqə “20 Yanvar” stansiyasında dururduq, sonra isə “Əhmədli”yə tərəf gedirdik. Qatarlar dolu olurdu. Koroğlu stansiyasında izdiham var idi. Orada sərnişinlərdən nə baş verdiyini soruşdum, dedilər, Suraxanı tərəfdə insalara hücum olub.

“20 Yanvar” metrosunun üstündəki meydanda qadınların hayı, ağlaşması kəsilmirdi. Əsil cəhənəm idi.

Səhər saat 6-ya kimi eyni qayda ilə işlədik. Saat 6-dan sonra depoya getdim. Depo növbətçiləri həyəcanlı idilər. Gəmilərin necə siqnal verdiyini unutmaram. Evə getmək üçün Neftçilər stansiyasından çıxdım, orada əlində bayraq və qərənfil olan insanlar var idi. Hamı cəhd edirdi ki, şəhərə tərəf gəlsin. Ancaq heç bir nəqliyyat vasitəsi yox idi.

Evə gəib salamat olduğumu xəbər verdim. Sonra isə meydana getdim. 20 Yanvar şəhidlərinin dəfnlərində iştirak etdim. Hər şəhidin qəbrinə torpaq atdım. AzVision.az

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …