Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / “Bizim məmurların nəfsi Həzrət Əlinin qılıncından itidir“

“Bizim məmurların nəfsi Həzrət Əlinin qılıncından itidir“

Kanadanın “Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara “otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb.

Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur və tezliklə məhkəmə qarşısında dayanacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə “dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycanda bir çox məmurun belə ittihamlarda adının hallandığını deyib:

“Azərbaycanda hansı məmur bu işlə məşğul olmur ki? Guya hansı məmur tutduqları vəzifəni dədələrinin mülkü hesab etmir? Hansı biri xalqa divan tutmur, çapıb-talamır? Bu gün Azərbaycanda vəzifə ən böyük qazanc yeridir. Özləri tək oğurlasalar, qazansalar yenə yola vermək olar, amma onlar vəzifəyə gəldikləri gün orada15-20 il çalışanları ştatdan kənarlaşdırırlar ki, rahat oğurlaya bilsinlər. Namuslu kadrları çıxarıb atırlar, yerinə öz qohum-əqrəbalarını, dost-tanışlarını təyin edirlər. Kiminlə birgə çapıb-talayacaqlarsa, onları başlarına yığırlar, sonra da əlbir olub hər növ qanunsuzluqlarla məşğul olurlar. Azərbaycanda biabırçı kadr siyasəti var. Vəzifə sahibləri özünə böyük bir korrupsiya qrupu yaradıblar, onlarla baş-başa verib büdcəni talayırlar. Məni dəhşətə gətirən odur ki, sanki onlar bu xalqın övladı deyillər. Tutduqları vəzifəni Allahsızcasına istismar edirlər. Bu qədər məmur, bu qədər icra başçısı, nazir, nazir müavini həbs edilir, amma yenə də qorxmurlar. Bu məmurların nəfsi Həzrət Əlinin qılıncından da itidir. Heç kəsdən də çəkinmirlər. Çünki cəza tədbirləri lazımi səviyyədə deyil. Fikrimcə, güllələnmə bərpa olunmalıdır. Xalqın bir qara qəpiyini belə yeyən adam cəzasını almalıdır. Bundan başqa vəzifəyə təyin olunan adam mütləq araşdırılmalıdır”.

Kinorejissorun sözlərinə görə, vəzifəyə yeni təyin olunan məmurlar komandası ilə birgə ölkəni çapıb-talamaqla məşğul olur:

“Yeni gələn adam Azərbaycan xalqının qanını zəli kimi sovurmağa başlayır. Bu yolverilməzdir. Ən azı bir il işləyən istənilən məmuru yoxlasanız mütləq bir qanunsuzluğu ortaya çıxacaq. Necə olur ki, Bakıya cırıq şalvarla gələn şəxs vəzifəyə gələn kimi villalar, bağ evləri, xaricdə mülklərə sahib olur?! Hansı adi Azərbaycan vətəndaşının milyonları, lüks villaları var? Bu necə olur ki, vəzifəyə gələn kimi hər şeyə sahib olurlar? Kor, kor, gör, gördür, hamı bilir ki, bunu necə əldə ediblər. Bunun üçün böyük istintaqa gərək yoxdur. 44 günlük Vətən Müharibəsində hansı məmur döyüşməyə getdi? Yoxdur. Milyonları çapıb-talayanların övladları həmin ərəfədə qaçıb xaricdə gizləndilər. İlk günlərdə çıxıb dedilər ki, oğlum müharibəyə könüllü yazılacaq filan, hamısı da yalan, cəfəngiyyat. Hamısı Azərbaycan xalqını aldatmaq cəhdi idi”.

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …