Ana səhifə / Bölgələr / Azər Həsrətdən “Kəndə kitab” təşəbbüsü – VİDEO

Azər Həsrətdən “Kəndə kitab” təşəbbüsü – VİDEO

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvü, siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Kəndə kitab” təşəbbüsüylə çıxış edib.

Martın 9-da Kitabevim.az-da keçirilən bir tədbirdə çıxış edən Azər Həsrət qeyd edib ki, indi kitabların tirajı yüksək olmadığı üçün bir çox kənd kitabxanaları yeni ədəbiyyat ala bilmir.

“Düşünürəm ki, kənd kitabxanalarının ən yeni ədəbiyyatla təmin edilməsində biz də yardımçı olmalıyıq. Ona görə də hər kəsi öz kəndinin, elinin kitabxanasına müəlliflərin imzasıyla kitab bağışlamağa çağırıram”, – deyə o, bildirib.

Kənan Hacının “Sonuncu dərviş” adlı yeni romanının təqdimatında etdiyi bu çıxışa Azər Həsrət onu da əlavə edib ki, təşəbbüsü irəli sürməklə bərabər ilk addımı da özü atır. O, bunun üçün Kənan Hacının yeni kitabını öz doğma kəndinin kitabxanası üçün imzalatdırdığını deyib.

“Mən təşəbbüsü irəli sürməklə bərabər dərhal da əmələ keçirəm. Artıq dostumuz Kənan bəydən yeni kitabını mənim doğma Dədəli kəndimin kitabxanası üçün imzalamağı xahiş etmişəm”, – deyən Azər Həsrət bu yolla yeni bir hərəkat başlayacağına əmindir.

Azər Həsrət təqdimatda çıxış edərkən. Foto: Arzu Murad

Azər Həsrət onu da qeyd edib ki, müəlliflərin imzasıyla toplanan kitabları təntənəli şəkildə öz doğma kəndinin kitabxanasına təqdim edəcək. “Kitabxana rəhbərliyindən xahiş edəcəm ki, orada imzalı kitablar üçün bir guşə ayırsınlar və belə kitablar daim sərgilənsin”, – deyə o, bildirib.

Tez-tez kitab təqdimatlarında iştirak etdiyini deyən Azər Həsrət müəlliflərə çağırış da edib. O, deyib ki, “Dədəli kənd kitabxanasına müəllifdən hədiyyə” qeydi və imzasıyla kitab hədiyyə edəcək hər kəsə minnətdar olardı.

O, digər tərəfdən də bu təşəbbüsün yeni ədəbiyyatın oxunmasına əlavə stimul verəcəyini, müəlliflərin öz əsərlərinin satışını bir qədər genişləndirə biləcəyini deyib.

Qeyd: Xaçmazın Dədəli kənd kitabxanasına kitablarını hədiyyə vermək istəyən müəlliflər Azər Həsrətə müraciət edə bilər.

Həmçinin oxuyun

Naxçıvanda iki gənc göldə boğularaq ölüb – Fotolar

Naxçıvan şəhərində iki gəncin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. NUHÇIXAN xəbər verir ki, …