Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Araşdırma / Nazirin baş müşaviri haqda gözlənilməz qərar: onun ömürlük həbs cəzası dəyişdirildi

Nazirin baş müşaviri haqda gözlənilməz qərar: onun ömürlük həbs cəzası dəyişdirildi

İranın xüsusi xidmət orqanı (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan şəxsin ömürlük cəzası dəyişdirilib.

Musavat.com xəbər verir ki, Ağcabədi rayon sakini, 1976-cı il təvəllüdlü Ağamir Ağamirovun kassasiya şikayətinə Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılıb. Prosesdə Ağamir Ağamirovun kassasiya şikayəti üzrə qərar elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin Ağamir Ağamirovla bağlı hökmü dəyişdirilib.

Ağamir Ağamirovun ittiham oldunduğu Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyib. Məhkəmə Ağamir Ağamirovu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilib və ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xatırladaq ki, A.Ağamirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. Onunla birlikdə həbs edilən Hafiz Vəliyev də ömürlük cəza almışdı. Hər iki şəxs apellyasiya şikayəti versə də təmin edilməmişdi.

Rəsmi məlumata görə, Hafiz Vəliyev 2013-cü il mayın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. Ona məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb.

Məlumatda bildirilir ki, 2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.

İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib. Ağamir Ağamirov həbs olunana qədər Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyib.

Məlumat üçün bildirək ki, ömürlük məhkum Hafiz Vəliyev də kassasiya şikayəti verib. Onun kassasiya şikayəti Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatına verilib.

Həmçinin oxuyun

Naxçıvanın mer əvəzinin atası kim idi və Heydər Əliyev niyə onun komitəsini ləğv etdirdi  – Tarix təkrar olunur?

İnsan oğlu yerli hakimiyyət orqanlarına rəhbər şəxslərin seçilməsinin iki yolunu kəşf edib. Bunlardan biri xalqın …

Bir cavab yazın