Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Modelin öldüyü deputat oğlunun yaxtası, polisi vuran “Nurgun” şefinin balası, qızına 400 minə toy edən liftçi – ilin olayları…

Modelin öldüyü deputat oğlunun yaxtası, polisi vuran “Nurgun” şefinin balası, qızına 400 minə toy edən liftçi – ilin olayları…

Bu il məmur qudurğanlığı, övladlarının özbaşınalığı, dəbdəbəli məclislər təşkil etməsi barədə müxtəlif faktlar ictimailəşdi

Palitika.Az-ın məlumatına görə, onların arasında üç hadisə elektron KİV-də və sosial şəbəkələrdə daha çox müzakirə olundu.

Onlardan biri ”Nurgun motors” şirkəti rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin içkili halda avtomobil idarə etməsi, DYP-yə tabe olmayıb, yol polisini yumruqlaması idi.

Buna görə hakimiyyət nümayəndəsinə sərxoş halda müqavimət göstərsə də, Nurxana cəmi 15 sutka həbs verildi.

O, yol polis əməkdaşına tabe olmaq yerinə onu yumruqla vurur, paqonunu cırır, sərxoş vəziyyətdə avtomobil idarə edir, sənədləri yoxdur və bircə ona bəraət qazandıracaq nüans tapmaq olmur.

Hadisənin arayışı belədir: Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.

YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb.

Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb.

Palitika.Az xəbər verir ki, ikinci hadisə Bakı Liftlər İdarəsi direktoru Qüdrət Şükürovun qızına 400 minlik toy etməsi ilə gündəmə gəlməsiydi. Bu məlumat sosial şəbəkələrdə və mətbuatda bomba kimi partladı.

Bakı liftlərindən qazandığı pulla varlanmış direktorun qızına dəbdəbəli toy eləməsi bu günə qədər dillərdə əzbərdir.

Hətta məsələyə yuxarılara qədər gedib çıxmışdı. Lakin sehirli əllər Şükürovu qorudu və işdən azad edilmədi.

Yerini rahatlayan baş liftçi sonra mətbuatda barəsində gedən yazıları sildirmək üçün minnətçi düşərək məsələni ört-basdır edib gündəmdən çıxardı.

Sual isə öz aktuallığını qoruyur: Bakı Lift İdarəsinin baş direktoru bu qədər varidatı necə əldə edib?

Nəzərə alsaq ki, dövlət Bakıda liftlərin yenilənməsinə milyonlarla dollar ayırdığı halda, binaların əksəriyyətində hələ də köhnə və qəzalı liftlər qalır, onda bu sualın cavabı aydın olar.

Ölkə əhalisinin böyük əksəriyyəti çörək, işıqpulu, kredit və s. bu kimi qayğılarla yaşayarkən məmurlar cah-cəlal içində üzür. 400 min dollara başa gələn toy məclisi, Maldiv adalarında istirahət, bahalı maşınlar, özəl yaxtalar və s.

Özü də bütün bunlar Azərbaycanda oliqarx kimi tanınan nazirlərə yox, ilk baxışdan sıradan bir çinovnik kimi görünən adamlara da aiddir.

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürov qızını artıq bağlanan “Dəmirbank” ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib.

Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir. Bu mövzuda ayrıca yazımız da olacağını qeyd edirik.

Palitika.Az xəbər verir ki, ilin ən çox danışılan hadisələrindən biri də deputat Elmira Axundovanın oğlu Həbib Axundova məxsus yaxtada model Günel Mirzəyevanın batmasıdır.

Söhbət azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevadan gedir.

Onun deputat oğluna məxsus bahalı yaxta ilə dənizdə gəzintiyə çıxması, suda batması və hadisə zamanı millət vəkilinin oğlunun da orada olmasını Fövqəladə Hallar Nazirliyinin təsdiqləməsindən gedir.

Criminalaz.com saytının sorğusunu cavablandıran FHN-nin verdiyi cavablar yaxtanın H.Axundova aid olduğunu və qızın batarkən onun yanında olduğunu üzə çıxarmışdı.

26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir.

Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır.

17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır.

Bədbəxt hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub. Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır.

FHN xilasedicilərinin 3 günlük gərgin, davamlı axtarışlarından sonra G.Mirzəyevanın meyiti sudan çıxarılaraq yaxınlarına təhvil verilib.

Həmin vaxt dostları harada olub, ona niyə kömək etməyiblər, dostlarının ölümə hər hansı bir formada aidiyyatlarının olub-olmaması sualı bu günə qədər açıq qalmaqdadır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …