Vətəndaşların kredit yükünün artması nə ilə bağlıdır?
2026-cı ilin əvvəlində Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərə nisbəti 18,4%-ə yüksəlib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 0,4 faiz bəndi artıb.
Sözügedən məlumat bu günlərdə Azərbaycan Mərkəzi Bankının “Maliyyə Sabitliyi hesabatı”nda yer alıb.
“Əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir”, - deyə hesabatda bildirilib.
Qeyd edək ki, borc yükü əhalinin banklar və bank olmayan kredit təşkilatları qarşısında olan istehlak və ipoteka kreditlərinin ümumi məbləğini əks etdirir. Sərəncamda qalan gəlir isə vətəndaşların vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra istifadə edə bildiyi, yəni əlində qalan real vəsaitdir. Bu vəziyyətdə qeyd olunduğu kimi, borc yükünün artması insanların gəlirlərinin daha böyük hissəsinin kredit ödənişlərinə sərf edildiyini göstərir.
4 ildə əhalinin kredit yükü 2 dəfədən çox artıb
Statistik rəqəmlər isə bu dinamikanın hər il artdığını göstərir. Belə ki, ötən ilin hesabatına görə, 2024-cü ildə bu göstərici 2,2 faiz bəndi artaraq 18% təşkil edib. Həmin il iqtisadi fəal əhali üzrə adambaşına düşən orta aylıq sərəncamda qalan gəlir 1150 manat olub. Borc yükünün 18% olması isə o deməkdir ki, hər bir nəfər orta hesabla aylıq 207 manat kredit ödənişi edib.
Bu göstərici əvvəlki illərdə isə belə olub:
- 2020-ci ildə isə 93 manat;
- 2021-ci ildə 112 manat;
- 2022-ci ildə 140 manat;
- 2023-cü ildə 174 manat;
- 2024-cü ildə 207 manat.
Yəni, təkcə 2020-2024-cü illər ərzində əhalinin kredit yükü təxminən 2,2 dəfə artıb.
Nə qədər vətəndaşın kredit borcu var?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bildirib ki, Azərbaycanda bank sektorunun ümumi kredit portfeli 30 milyard manata yaxındır. Bu məbləğin təxminən 80 faizini biznes və istehlak kreditlərinin payına düşür
"Əhalinin kredit yükünə gəldikdə isə, müxtəlif statistik məlumatlara əsasən ölkə əhalisinin orta hesabla 20-25 faizinin banklara kredit borcu var. Bəzi mənbələrdə bu göstəricinin 30 faizə qədər yüksəldiyi bildirilir. Ümumilikdə təxminən 3 milyona yaxın vətəndaşın banklardan kredit götürdüyü qeyd olunur ki, bu da əhalinin əhəmiyyətli hissəsini əhatə edir" - deyə, o, qeyd edib.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "AzPolitika"-ya şərhində bildirib ki, mövcud vəziyyətin əsas səbəbi əhalinin real gəlirlərində müşahidə olunan azalmadır.
Ekspert qeyd edir ki, eyni zamanda əhalinin gündəlik xərcləri də artmaqdadır: "Xüsusilə ərzaq və digər zəruri məhsulların qiymətində baş verən artım ailə büdcəsinə əlavə təzyiq yaradır. Bu isə vətəndaşların sərəncamında qalan vəsaitin azalmasına gətirib çıxarır. Belə bir şəraitdə insanlar mövcud maliyyə boşluğunu doldurmaq üçün daha çox kreditlərə üz tuturlar. Kreditləşmə ilkin mərhələdə çıxış yolu kimi görünsə də, uzunmüddətli perspektivdə borc yükünü daha da artırır və vətəndaşların maliyyə vəziyyətini çətinləşdirir".
Ekspertin qənaətinə görə, bu tendensiya davam edərsə, borclanma prosesi daha da dərinləşə bilər.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bankların hamısı müştərilərə istehlak və nağd kreditlər təqdim edir. Bu kreditlər üzrə faiz dərəcələri isə əhəmiyyətli dərəcədə fərqlənir. Bəzi banklarda faktiki illik faiz dərəcəsi 13,99–17,71% aralığında olduğu halda, digər banklarda bu göstərici 39–43% səviyyəsinə qədər yüksəlir. Bu isə kreditlərin maya dəyərinin yüksək olduğunu və borclanmanın əhali üçün ciddi maliyyə yükü yaratdığını göstərir.
Həmçinin açıqlanan məlumatlara görə, bank sektorunda kreditləşmə də genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin əvvəlində bankların ümumi kredit portfeli 27,5 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,4% və ya 109,5 milyon manat artım deməkdir. İl ərzində isə kredit portfeli ümumilikdə 4,3 milyard manat böyüyüb.
Kredit portfelinin strukturunda biznes kreditləri üstünlük təşkil edib – 53,8% və ya 14,7 milyard manat. İstehlak kreditlərinin payı 30,7% (8,4 milyard manat), ipoteka kreditlərinin payı isə 15,5% (4,2 milyard manat səviyyəsindədir).
Xüsusilə istehlak kreditlərində artım daha sürətli gedir. 2025-ci ilin əvvəlində bu kreditlərin həcmi 8,4 milyard manat olub. Bu, son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artım deməkdir. Bu dinamika əhalinin gündəlik xərclərini qarşılamaq üçün daha çox borclandığını göstərir.
İpoteka kreditləri üzrə də artım müşahidə olunur. Hesabat dövründə ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat (1,1%), illik müqayisədə isə 616,3 milyon manat (17%) çoxdur.
Eyni zamanda, bu gün qiymət artımı bir çox hallarda real gəlirlərin artımını üstələdiyindən əhalinin alıcılıq qabiliyyətini borclanma hesabına təmin ed