Tarixi qala divarlarının aşınma səbəbi: Təbiət hadisəsi, yoxsa restoran biznesi?
Aprelin 9-da İçərişəhərin qala divarlarının bir hissəsi növbəti dəfə uçub. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsi, 13 və 14 saylı bürclərin kəsişdiyi hissədəki hadisəni “kiçik aşınma” adlandırıb və bunu son günlər yağan yağışlarla əlaqələndirib.
“Aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməyib və aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir”, – qurumun açıqlamasında deyilir.
Memar Elçin Əliyev qurumun bu açıqlamasını “təəccüblü” adlandırıb. O bildirib ki, illərdir ərazini zəbt edən restoranların fəaliyyəti nəticəsində qala divarları artıq ikinci dəfədir uçur.
“2000-ci illərin əvvəllərində Kiçik Qala küçəsində sakinlər üçün geniş və rahat bulvar salınmışdı. Bu gün isə ondan demək olar ki, heç nə qalmayıb: çoxsaylı restoranlar bütün ərazini zəbt edib və piyadalar məcburən küçənin avtomobil hərəkət hissəsi ilə gedirlər!”.
Memar konkret ad çəkməsə də, uçmuş hissəyə birbaşa bitişik olan “Xanlıq” adlı restoranın fotolarını paylaşaraq orada aparılan nəzarətsiz işlərə diqqət çəkib. Paylaşılan görüntülərdən aydın olur ki, qala divarındakı daxili pəncərə sonradan restoranın interyerinə daxil edilib.
“Uçmuş hissəyə isə birbaşa nəzarətsiz fəaliyyət göstərən restoran bitişir. Qala divarında, məhz həmin yerdə, daxili tərəfdən bir pəncərə var idi və sonradan restoranın interyerinə daxil edilmişdi. Onun sonrakı taleyi isə məlum deyil. Bəlkə də genişləndirilib? Bu barədə heç bir məlumat yoxdur və təəssüf ki, restoran sahiblərinin fəaliyyəti lazımi qaydada nəzarətdə saxlanılmır — əsas diqqət yalnız yüksək gəlirə yönəlir”,- deyə memar yazıb. 
“Bura şəxsən özüm gəldim ki, yeni bir inşaatın aparılmadığına əmin olum. Tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün addımlar onların qorunmasına yönəlib”.
2020-ci ilin noyabrında İçərişəhərin Qubernator bağı (Vahid bağı) istiqamətinə baxan hissəsində daşlar uçmuşdu. O zaman aidiyyəti qurumlar hadisəni payız yağışlarının yaratdığı təbii eroziya prosesi kimi qiymətləndirmişdilər. meydan.tv