“Təmiz Şəhər”in zərəri 243 milyon manatı ötdü, borclarını isə yığa bilmir
“Təmiz Şəhər” ASC-nin 2024-cü ildə zərəri 0,7 faiz artaraq 243,5 milyon manat təşkil edib. Bu barədə şirkətin açıqladığı 2024-cü il maliyyə hesabatında qeyd olunur. Hesabata əsasən, zərər 1,6 milyon manat artıb.
Maraqlıdır ki, şirkət illik xalis zərərini 2023-cü ildəki 19,9 milyon manatdan 1,6 milyon manata qədər azalda bilib.
2008-ci ildə yaradılan müəssisə Bakı və digər şəhərlərdə bərk məişət tullantılarının yığılması, daşınması, utilizasiyası və zərərsizləşdirilməsi məqsədilə fəaliyyət göstərir. Səhmlərinin 100 faizi dövlətə məxsus olan səhmdar cəmiyyət Azərbaycanda tullantıların yığılması və təkrar emalı sahəsində inhisarçı şirkətdir. Müəssisənin tabeliyində bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları fəaliyyət göstərir.
Şirkətin əsas gəlirləri tullantıların zərərsizləşdirilməsi, bu prosesdən əldə olunan elektrik enerjisinin və təkrar emal məhsullarının satışından formalaşır. “Təmiz Şəhər” tərəfindən göstərilən bir sıra xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Tarif Şurasının 2024-cü ildə qəbul etdiyi qərara əsasən, bərk məişət tullantılarının zərərsizləşdirilməsi tarifi Bakı üzrə hər kubmetr üçün 3,6 manat, digər regionlar üzrə isə 2,5 manat təşkil edir.
Buna baxmayaraq, dövlət şirkəti monopolist mövqedə olsa da, yarandığı ildən etibarən zərərlə işləyib. OECD-nin (İqtisadi İşbirliyi ve İnkişaf Təşkilatı) “Azərbaycan İnvestisiya Holdinqi və onun dövlət müəssisələrində korporativ idarəetməyə dair icmalı”nda qeyd edilir ki, müəssisə xidmət göstərdiyi yerli hakimiyyət orqanlarından ödənişləri vaxtında toplamaqda çətinlik çəkir.
Maliyyə hesabatına əsasən, 2024-cü ildə ASC-nin gəlirləri 24 faiz artaraq 33,3 milyon manatdan 41,5 milyon manata yüksəlib. Lakin sənədin təhlili göstərir ki, bu artım əsasən göstərilən xidmətlər hesabına deyil, dövlət büdcəsindən ayrılan vəsaitin kəskin artımı nəticəsində baş verib. Kapital dəyişiklikləri haqqında məlumatdan görünür ki, 2024-cü ildə dövlət büdcəsindən şirkətə 8,5 milyon manat maliyyə ayrılıb. Bu isə 2023-cü illə müqayisədə 60,4 faiz və ya 3,2 milyon manat çoxdur.
Xərclərə gəldikdə, şirkətin ümumi əməliyyat xərcləri bir il ərzində 28,6 faiz azalaraq 50 milyon manatdan 35,8 milyon manata düşüb. Xərclərin strukturuna nəzər saldıqda görünür ki, 14,1 milyon manatlıq azalmanın yalnız 14 milyon manatı “mənfəət vergisindən başqa digər vergi xərcləri” maddəsi üzrə azalmanın hesabına baş verib. Bu xərclər 14,7 milyon manatdan 1,02 milyon manata qədər enib. Lakin kəskin azalmanın səbəblərinə dair hesabatda hər hansı məlumata rast gəlmirik.
Bununla belə, 2024-cü il yanvarın 1-də Vergi Məcəlləsinə edilən dəyişikliklərə nəzər salsaq, dövlət əhəmiyyətli sahələrdə və xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən müəssisələr üçün əmlak və torpaq vergisi üzrə ciddi güzəştlərin tətbiq edildiyini görərik. Əlbəttə, “Təmiz Şəhər” kimi iri infrastruktur obyektlərinə malik qurum üçün bu dəyişikliklər milyonlarla manat qənaət deməkdir.
Digər azalma isə ekoloji xərclərdə müşahidə olunur. Belə ki, bu xərclər 2023-cü ildəki 3,6 milyon manatdan 2024-cü ildə 711 min manata qədər azalıb. Hesabatda bu azalmanın da səbəbləri açıqlanmır. Adətən bu tip xərclərə “çirkləndirmə ödənişləri” və ekoloji rüsumlar daxil olur.
Digər xərclərə gəldikdə, əməkhaqqı və əlaqədar xərclər 12,5 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 11 faiz artım deməkdir. Elektrik enerjisi üzrə xərclər 10,9 milyon manat olub və 5,6 faiz artıb.
Amortizasiya xərcləri 65,6 faiz artaraq 2,5 milyon manata yüksəlib. İstismar və təmir xərcləri isə 10,1 faiz artaraq 1,3 milyon manat təşkil edib. Kommunal xərclər 11,8 faiz azalaraq 814 min manat təşkil edib.
Şirkətin ümumi aktivləri 2023-cü illə müqayisədə 13,5 faiz artaraq 53,6 milyon manatdan 60,8 milyon manata yüksəlib.
Hesabatda diqqət çəkən məqamlardan biri də debitor borcları üzrə ehtimal olunan kredit zərərlərinin iki dəfədən çox artmasıdır. Təhlillər göstərir ki, şirkət 2024-cü ildə 5,5 milyon manatlıq borcun geri qaytarılmayacağını ehtimal edərək onu zərər kimi silib. Bu göstərici 2023-cü illə müqayisədə (2,5 milyon manat) iki dəfədən çoxdur. Eyni zamanda, şirkətin debitor borclarının həcmi də 7 faiz artaraq 928,8 min manata yüksəlib.
Bütün bunlar isə müəssisənin xidmət göstərdiyi qurumlardan ödənişləri toplamaqda ciddi çətinliklər yaşadığını göstərir.
meydan.tv