Sosial şəbəkədə biz:
Jurnalistlər Ukraynada həlak olan ən azı 212 min rusiyalı hərbçinin şəxsiyyətini təsdiqləyib
Xəbər Şəkli

Jurnalistlər Ukraynada həlak olan ən azı 212 min rusiyalı hərbçinin şəxsiyyətini təsdiqləyib

18 April 2026, 11:24
Dünya

Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədə azı 212 min 188 rusiyalı hərbçi həlak olub. Bu rəqəm BBC-nin rus xidməti, 'Mediazona' nəşri və könüllülər qrupunun açıq mənbələr əsasında apardığı birgə araşdırma nəticəsində təsdiqlənib.

Tədqiqatçıların qənaətinə görə, 2025 və 2026-cı illərdə Rusiya ordusunun əsas itkiləri dron zərbələri nəticəsində baş verib. Hər iki tərəfin PUA-lardan kütləvi istifadəsi "zərbə zonası"nın (ön xəttin) enini 500 metrdən 10-15 kilometrədək artırıb. Bu vəziyyət hücum əməliyyatlarını və hərbçilərin rotasiyasını kəskin şəkildə çətinləşdirib.

İtkilərin strukturunda 77 min 846 nəfərlə könüllülər qrupu yenə də ilk sıradadır. Onları, müvafiq olaraq, statusu müəyyən edilməyən döyüşçülər (47 min 316 nəfər), müqaviləli hərbçilər (41 min 937 nəfər), keçmiş məhkumlar (23 min 710 nəfər) və səfərbərliyə cəlb olunanlar (18 min 479 nəfər) izləyir.

Hazırda ordu ilə müqavilə bağlayanların əksəriyyəti iri meqapolislərin deyil, kiçik şəhər və kəndlərin payına düşür. Tədqiqatçılar bunu kiçik yaşayış məntəqələrində sabit və yüksəkmaaşlı iş yerlərinin qıtlığı, eləcə də yerli hakimiyyət orqanlarının apardığı aqressiv hərbi təbliğatla əlaqələndirirlər

Rusiyanın Ukraynadakı müharibədə real itkilərinin təsdiqlənmiş rəqəmlərdən xeyli yüksək olduğu ehtimal edilir. Hərbi ekspertlərin fikrincə, jurnalist və könüllülərin topladığı adbaad siyahı real itkilərin yalnız 45-65 faizini əhatə edir.

Nə Rusiya, nə də Ukrayna tərəfi itkilərlə bağlı rəsmi statistikanı açıqlamır.