Sosial şəbəkədə biz:
Həzi Aslanov barədə son dərəcə əhəmiyyətli faktlar - Foto
Xəbər Şəkli

Həzi Aslanov barədə son dərəcə əhəmiyyətli faktlar - Foto

21 June 2026, 10:58
Araşdırma

Azərbaycanın iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş əfsanəvi sərkərdəsi Həzi Aslanovun şəxsi sənədlərində yer alan məlumatlar böyük maraq doğurub.

Prof. Dr. Zaur Əliyevin təqdim etdiyi arxiv sənədlərinə əsasən, general-mayor Həzi Aslanovun hərbi xidmət dövrünə aid rəsmi qeydiyyat vərəqəsində onun həyatı, təhsili, hərbi fəaliyyəti və kimliyi ilə bağlı mühüm məlumatlar əks olunub.

Rusiyanın tanınmış hərb tarixçisi, akademik Samsonov Həzi Aslanov haqqında yazır:

“Həzi Aslanov sovet ordusunda yeganə general idi ki, “İrəli” sözünü deməzdi, “Ardımca” deyərdi. Döyüşlər zamanı ilk özü öndə olurdu, ardınca da əsgərləri”.

Həmin dövrdə “Pravda” qəzetində dərc olunan müsahibəsində isə Həzi Aslanov Şah İsmayıl Xətainin hərbi strategiyasını yüksək qiymətləndirərək onun döyüş taktikasından bəhs edib.

Təqdim olunan sənəddə diqqət çəkən məqamlardan biri milliyyəti hissəsində “Türk”, bildiyi dillər bölməsində isə “Türk dili” yazılmasıdır.

Sənədə görə, Həzi Aslanov 22 yanvar 1910-cu ildə Lənkəranda anadan olub. Sosial mənşəyi fəhlə kimi göstərilib.

Təhsil bölməsində onun 1929-cu ildə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini, 1931-ci ildə isə Borisoqlebsk-Leninqrad Süvari Məktəbini bitirdiyi qeyd olunub.

Rəsmi qeydiyyat vərəqəsində aldığı hərbi rütbələr də ardıcıllıqla göstərilib. Baş leytenant, polkovnik-leytenant, polkovnik və general-mayor rütbələri sənəddə öz əksini tapıb.

Sənədin mərkəzi hissəsində iri hərflərlə “Sovet İttifaqı Qəhrəmanı” sözləri yazılıb. Həmçinin Lenin ordeni və “Qızıl Ulduz” medalı ilə təltif olunduğu da qeyd edilib.

Prof. Dr. Zaur Əliyevin bildirdiyinə görə, Həzi Aslanovun 1920–1930-cu illərə aid şəxsi işlərində, komsomol və partiya sənədlərində milliyyəti mütəmadi olaraq “Türk” kimi göstərilib. Generalın attestasiya sənədlərində, zabit siyahılarında və 1937-ci ildə Kommunist Partiyasına üzvlük sənədində də eyni qeyd yer alıb.

Məlumata görə, həmin arxiv qovluğunda yer alan digər sənədlərdə müxtəlif Qafqaz xalqlarının nümayəndələri öz milli adları ilə göstərildiyi halda, Həzi Aslanovun qarşısında birbaşa “Türk” yazılıb.

Qeyd olunur ki, həmin dövrdə “azərbaycanlı” termini rəsmi sənədlərdə və mətbuatda istifadə olunsa da, bəzi hərbi müxbirlər generalın ilkin hərbi sənədlərindəki qeydlərə istinad edərək onu “Azərbaycan türkü” və ya “igid türk sərkərdəsi” kimi təqdim edirdilər.

Musavat.com