Azərbaycanın himni yox idi: ingilis generalı bu musiqi ilə qarşılandı
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni olmadığı üçün ingilis generalı Tomsonun qarşılanma mərasimində maraqlı hadisə baş verib.
Ayaz İlyasovun “Azərbaycan Demokratik Respublikası haqqında 100 ən maraqlı fakt” kitabında yer alan məlumata görə, 1918-ci il noyabrın 17-də Britaniya qoşunlarının komandanı general Tomson Bakıya gəlib.
Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni hələ qəbul edilməmişdi. Bakı şəhərinin azad edilməsindən cəmi iki ay keçdiyi üçün hökumət daha vacib dövlət quruculuğu məsələləri ilə məşğul olurdu.
Bu səbəbdən qarşılanma mərasimində dövlət himni əvəzinə Üzeyir Hacıbəylinin təklifi ilə “Leyli və Məcnun” operasından “Heyratı” muğamı əsasında qurulan təntənəli musiqi parçası ifa olunub. Həmin musiqi operada Nofəlin səhnəyə çıxışı zamanı səslənir.
Mənbədə qeyd edilir ki, Nofəl əsərdə sərkərdə və komandan obrazında təqdim olunur. Buna görə də bu musiqinin Britaniya generalının qarşılanması üçün seçilməsinin təsadüfi olmadığı ehtimal edilir.