Gizli tarix: Azərbaycanın şimalında partizan dəstələri niyə yaradılmışdı?
İkinci Dünya müharibəsi illərində alman qoşunlarının Qafqaza doğru irəlilədiyi dövrdə Azərbaycanda faşist işğalına qarşı genişmiqyaslı gizli partizan şəbəkəsi yaradılıb.
Bu barədə "Yeni Sabah"a Bakı Dövlət Universitetinin (BDU) dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov danışıb.
Onun sözlərinə görə, alman diversantlarına qarşı mübarizə üçün 1941-ci il iyunun 30-da Azərbaycan SSR XDİK (Xalq Daxili İşlər Kommisarlığı) sistemində qırıcı dəstələrin yaradılmasına başlanılıb.
Plana əsasən, Bakıda 3657 nəfərlik 18 qırıcı batalyon, rayonlarda isə 6343 nəfərdən ibarət 69 qırıcı dəstə formalaşdırılıb. Alman qoşunlarının sürətli irəliləməsi nəzərə alınaraq, bu batalyonlara həm də partizan fəaliyyəti üçün xüsusi təlimlər keçirilib.
1941-ci ilin sonlarında hərbi şəraitin mürəkkəbləşməsi ilə əlaqədar Şimali Qafqazla sərhəd rayonlarında – Xızı, Dəvəçi, Qusar, Quba, Qonaqkənd və Siyəzəndə xüsusi partizan dəstələri təşkil olunub. Noyabr ayında bu dəstələr üçün 150 nəfər partladıcı mütəxəssis və hərbi kəşfiyyatçılar hazırlanıb.
Göndərilən xüsusi təlimata əsasən, partizan dəstələri 25-30 nəfər, qırıcı qruplar 15 nəfər, diversant qrupları isə 4-5 nəfərdən ibarət olmalı idi. Meşə və dağlarda isə xəfiyyə-agent şəbəkəsinin köməyi ilə 2-3 aylıq gizli ərzaq, geyim və silah anbarları yaradılıb.
R.Hətəmov bildirib ki, 1942-ci ilin yayında alman diversantlarının Qafqaza sızması artdığı üçün sentyabrın 1-də Azərbaycanın 15 dağ rayonunun (Balakən, Zaqatala, Qax, Nuxa, Qutqaşın, Vartaşen, Quba, Qusar, Dəvəçi, Xızı, Qonaqkənd, Şamaxı, İsmayıllı, Siyəzən, Xaçmaz) qırıcı batalyonları tam kazarma şəraitinə keçirilib və Dağıstan sərhədinin müdafiəsinə hazırlanıb.
BDU dosenti vurğulayıb ki, 1942-ci ilin sonu və 1943-cü ilin yayında alman qoşunları Qafqazda məğlub olaraq geri çəkildiyi üçün Azərbaycanda partizan hərəkatının aktiv fəaliyyətinə ehtiyac qalmayıb. Lakin görülən bu nəhəng hazırlıq işləri tariximizin mühüm müqavimət faktı kimi qeydə alınıb.