Sosial şəbəkədə biz:

Səhiyyəmiz niyə axsayır?

Səhiyyəmiz niyə axsayır?
Xəbər Şəkli
05 November 2026, 13:51
Araşdırma

Dünyanın ən böyük yaşayış xərcləri və həyat keyfiyyəti məlumat bazalarından biri olan "Numbeo"nun 2026-cı ilin birinci yarısı üzrə açıqladığı səhiyyə indeksi reytinqi Azərbaycanda səhiyyə sektorunun üzləşdiyi ciddi problemləri bir daha gündəmə gətirib. 101 ölkənin yer aldığı siyahıda Azərbaycan 49,02 balla 92-ci yerdə qərarlaşıb və təəssüf ki, bütün qonşu dövlətlərdən geridə qalıb.

“Numbeo”nun məlumatlarına görə, region ölkələri arasında ən yüksək göstərici Türkiyədə qeydə alınıb (71,34 bal, 24-cü yer). Hətta Türkiyə bu göstərici ilə Almaniyanı (25-ci yer) belə üstələyib. Digər qonşularımız – Rusiya (60-cı yer), Qazaxıstan (61-ci yer), Ermənistan (62-ci yer), Gürcüstan (77-ci yer) və Özbəkistan (49-cu yer) də siyahıda Azərbaycandan xeyli irəlidədirlər.

Bu rəqəmlər fonunda Azərbaycanın səhiyyə sistemindəki real mənzərəni, büdcə xərclərini, kadr çatışmazlığını və sosial bərabərsizliyi daha dərindən nəzərdən keçirək.

Real ehtiyaclardan geri qalan rəqəmlər

2026-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün təxminən 2 milyard 24,3 milyon manat vəsait nəzərdə tutulub. Rəsmi dairələr bu rəqəmin illik müqayisədə artdığını vurğulasalar da, qlobal standartlar və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə müqayisədə bu vəsait ölkə əhalisinin real səhiyyə ehtiyaclarını qarşılamaqdan çox uzaqdır.

Azərbaycanda səhiyyəyə ayrılan dövlət xərclərinin ümumi daxili məhsulun (ÜDM) və ya dövlət büdcəsi xərclərinin ümumi həcmindəki xüsusi çəkisi inkişaf etmiş ölkələrlə müqayisədə dəfələrlə azdır.

İllik büdcə vətəndaş başına bölündükdə ortaya çıxan məbləğ ambulator müalicə, dərman təminatı, profilaktika və texniki baza yenilənməsi üçün minimum tələbləri belə tam ödəmir. Xüsusilə dərman qiymətlərinin və tibbi sərfiyyat materiallarının bahalaşması fonunda bu büdcə əsasən inzibati xərcləri və əməkhaqlarını güclə təmin edir.

İcbari Tibbi Sığorta büdcəsinin kəskin azaldılması və özünü maliyyələşdirmə böhranı

Azərbaycanda səhiyyə sektorunun maliyyələşmə mexanizmində edilən ən riskli dəyişikliklərdən biri İcbari Tibbi Sığorta (İTS) Fondunun büdcəsinin kəskin şəkildə azaldılması və qurumun "özünü maliyyələşdirmə" prinsipinə keçirilməsidir.

Xatırladaq ki, ötən il dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsait 1 milyard manatdan çox azaldıldı. Dövlət dotasiyalarının bu cür kəskin şəkildə kəsilməsi və sığorta fondunun əsasən yığılan vəsaitlər və xidmət şəbəkəsindən əldə olunan daxilolmalar hesabına özünü maliyyələşdirməyə məcbur edilməsi sistemi ağır maliyyə yükü ilə üz-üzə qoydu.

Xəstəxanalar dövlət dəstəyindən məhrum olaraq, demək olar ki, öz gəlirləri hesabına yaşamağa məcbur edildikdə, bu, tibb müəssisələrində xidmətlərin kommersiyalaşmasına gətirib çıxardı. Xəstəxanaların rəhbərliyi tibbi personala və xidmətlərə qənaət etməyə, xəstələrdən müxtəlif bəhanələrlə əlavə ödənişlər tələb etməyə və ya lisenziyalı ödənişli xidmətləri genişləndirməyə sövq edildi.

Dövlət dəstəyinin azalması və sığorta zərfinin məhdudluğu səbəbindən əhali bir çox dərman preparatlarını, bahalı sərfiyyat materiallarını və əməliyyat üçün zəruri olan ləvazimatları öz cibindən almağa məcbur qalır. Bu isə “Numbeo” reytinqində Azərbaycanın niyə geridə qaldığını – əhalinin səhiyyə xərclərinin böyük hissəsini birbaşa öz cibindən ödədiyini açıq şəkildə sübut edir.

Dövlət tibb müəssisələrində texniki qıtlıq və kadr böhranı

Regionlardakı dövlət xəstəxanalarının vəziyyəti xüsusilə acınacaqlıdır. Bakı şəhəri istisna olmaqla, əksər rayon mərkəzi xəstəxanalarında müasir diaqnostik avadanlıqların (MRT, KT, yüksək dəqiqlikli ultrasəs aparatları) əskikliyi və ya onların sıradan çıxması müşahidə olunur.

Bölgələrdə ixtisaslı kadr çatışmazlığı əsas problemlərdən biridir. Xəstələr sadə bir müayinə və ya cərrahiyyə əməliyyatı üçün belə paytaxta gəlməli olurlar.

Həkimlərin və orta tibb işçilərinin baza əməkhaqlarının aşağı olması onları əlavə işləməyə və ya özəl sektora üz tutmağa sövq edir.

Özəl tibb sektorunda hədsiz bahalıq

Dövlət xəstəxanalarındakı uzun növbələr və mütəxəssis qıtlığı əhalini məcbur edib ki, özəl tibb müəssisələrinə müraciət etsin. Lakin özəl sektorda qiymətlər əhalinin orta gəlir səviyyəsi ilə müqayisədə hədsiz dərəcədə bahadır. Bir çox özəl klinikalarda həkim qəbulu, laborator analizlər və stasionar müalicə qiymətləri süni şəkildə şişirdilir.

Vətəndaşlar yalnız bir neçə dəfə özəl klinikalara müraciət etməklə ailə büdcələrinin ciddi şəkildə sarsıldığını, borca, kreditə girdiklərini qeyd edirlər.

"Böyük həkim köçü"

Azərbaycan səhiyyəsinin üzləşdiyi ən ağrılı problemlərdən biri də peşəkar kadrların ölkəni kütləvi şəkildə tərk etməsidir. Son illərdə minlərlə gənc və təcrübəli həkim iş şəraitinin ağır olması, aşağı əməkhaqqı, səhiyyə sistemindəki bürokratik əngəllər səbəbindən xarici ölkələrə, xüsusilə də Almaniyaya miqrasiya edirlər.

Səbəb Almaniyada həkimlərə tətbiq olunan yüksək sosial təminat, ədalətli əməkhaqqı, peşəkar inkişaf imkanları və hörmətli iş mühiti yerli kadrların Azərbaycanda qalmasına stimul vermir. Bu tendensiya davam edərsə, yaxın illərdə Azərbaycanda dar ixtisaslı peşəkar cərrahların və digər mütəxəssislərin kəskin çatışmazlığı qaçılmaz olacaq.

“Numbeo”nun reytinqi göstərir ki, Azərbaycanda səhiyyə sektorunun qonşu ölkələr səviyyəsinə yüksəldilməsi üçün təmirli binalardan daha çox sistemli islahatlara ehtiyac var. Səhiyyə xərclərinin adambaşına düşən həcminin artırılması, tibb işçilərinin əməkhaqlarının Avropa standartlarına yaxınlaşdırılması, özəl sektorun qiymət siyasətinin tənzimlənməsi və kadrların ölkədə saxlanılması üçün təcili dövlət proqramlarının həyata keçirilməsinə ehtiyac var.

pressklub.az