Sosial şəbəkədə biz:

2026-cı ildə Azərbaycanda həbs edilən vəkillər – ARAŞDIRMA

2026-cı ildə Azərbaycanda həbs edilən vəkillər – ARAŞDIRMA
Xəbər Şəkli
16 November 2026, 16:26
Araşdırma

2026-cı il ərzində Azərbaycanda vəkillərin həbsi ilə bağlı bir neçə hadisə qeydə alınıb.

Açıq mənbələrdə yayılan məlumatlara əsasən, həbs olunanlar arasında üç fəaliyyətdə olan vəkil və bir keçmiş vəkil var.

Həbslərin bir qismi dələduzluq, digərləri isə hədə-qorxu ilə tələb etmə ittihamları ilə bağlıdır.

* İlin əvvəlində həbs edilən şəxslərdən biri keçmiş vəkil İbrahim Hüseynov olub.

O, 2022–2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olub. Kollegiyanın Rəyasət Heyətinin 25 noyabr 2025-ci il tarixli qərarı ilə üzvlükdən xaric edilib.

Məlumata görə, İbrahim Hüseynov 2024-cü ildə narkotik ittihamı ilə həbs edilən F.Şahbazovun azadlığa buraxılmasına kömək edəcəyini vəd edərək onun ailə üzvlərindən 44 min manat alıb.

Lakin vədinə əməl etmədiyi üçün ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. İstintaq materiallarına əsasən, aldığı pulun bir hissəsi geri qaytarılıb. Bununla belə, qaytarılan məbləğlə bağlı mediada 18 min və 20 min manat olmaqla fərqli rəqəmlər göstərilib.

İbrahim Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Yanvarın 26-da Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, 1 il 6 ay müddətinə vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunub. 

*2026-cı ildə həbs edilən digər vəkil İlqar Həmidov olub.

O, 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Mətbuatda yayılan məlumata görə, İlqar Həmidov vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

*Noyabr ayında həbs edilən vəkillərdən biri də Raman Abışov olub.

Məlumatlara görə, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu ilə tələb etmədə ittiham olunur. Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Raman Abışovun həbsi onun müdafiə etdiyi şəxslərdən birinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva olması baxımından da diqqət çəkib.

Abışov Kamilə Əliyevanın əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edib. Bununla belə, açıq mənbələrdə ona qarşı irəli sürülən ittihamın konkret hansı hadisə ilə bağlı olduğu və Cinayət Məcəlləsinin hansı maddəsi ilə tövsif edildiyi barədə ətraflı məlumat yoxdur. 

*Araşdırmada adı müəyyən edilən digər vəkil Elçin Əmirov olub.

O, 9 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. Noyabrın 16-da yayılan məlumata görə, Elçin Əmirov vətəndaş şikayəti əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilən dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir. 

Beləliklə, yayılan məlumatlara əsasən, 2026-cı ildə Azərbaycanda üç fəaliyyətdə olan vəkil və bir keçmiş vəkilin həbsi qeydə alınıb. Onlardan İbrahim Hüseynov barəsində məhkəmə hökmü çıxarılıb, digər şəxslər barədə isə həbs qətimkan tədbirləri seçilib. 

“Cebheinfo.az”