Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Aktual / Yeni il hazırlığı başladı: Bakıda 3000 manata da “yolka” satılır – REPORTAJ

Yeni il hazırlığı başladı: Bakıda 3000 manata da “yolka” satılır – REPORTAJ

Yeni 2022-ci ilin gəlişinə sayılı günlər qalır.

Dekabr ayı başladıqdan bəri artıq şəhərin bir çox yerində yeni il yarmarkaları və bayram atributlarının satıldığını görürük.

Hər il olduğu kimi yenə də ən böyük tələbat yeni ilin simvolu olan “yolka”laradır. Paytaxtın hər yerində istənilən qiymətdə və hündürlükdə “yolka” tapmaq çox asandır.

Təbii ki, onların hündürlüyü və forması dəyişdikcə, qiyməti də analoji olaraq qalxır.

Bu bayramın gəlişinə hər zaman olduğu kimi ən çox uşaqlar sevinir. Məhz bu səbəbdəndir ki, valideynlər övladlarının yeni ili daha gözəl və xoş qarşılamaları üçün hər cür bayram atributları alırlar. Hər kəs övladlarını sevindirmək üçün evlərini bəzəyərək, “yolka”lar qururlar. Lakin təəssüf ki, mağazalar bütün bunları fürsətə çevirərək, qiymətləri fantastik dərəcədə qaldırırlar.

Cebhe.info-nun əməkdaşı yarmarkalar və bir neçə mağazaya yaxınlaşaraq “yolka”ların qiymətləri ilə maraqlanıb.

İlk başda ucuz olacağını düşünərək yarmarkalara yaxınlaşdıq. Burada bir-birindən gözəl şam ağacları qarşımıza çıxdı. Bir neçəsinə yaxınlaşıb qiymətləri ilə maraqlandığımız zaman demək olar ki, bir anlıq yarmarkada olduğumuzu sanki unutduq.

Çünki normal hündürlükdəki şam ağacları 100 manatdan başlayırdı. Həmçinin, onların hündürlüyü artdıqca qiymətlərinin 300 manata qədər yüksəldiyini gördük. Satıcılara yarmarkada olduğumuzu xatırladaraq qiymətlərin niyə baha olduğunu soruşduq.

Onlar isə cavab olaraq bildirdi ki, kiçik “yolka”ların qiyməti ucuzdur. Eyni zamanda, satıcılar dedilər ki, yarmarkadakı qiymətlər mağazalar nisbətən olduqca aşağıdır.

Yarmakadakı müşahidələrimiz zamanı 20-30 manata olan şam ağaclarına da rast gəldik. Lakin sözügedən “yolka”ları miniatür adlandırsaq heç də yanılmarıq. Yarmarkadakı baha qiymətlərdən sonra paytaxtdakı bir neçə yeni il üçün bəzək əşyaları satan mağazaya yaxınlaşdıq.

Bəzi mağazalardakı qiymətlərlə maraqlandıqdan sonra yarmarkadakı satıcının dediyi kimi həqiqətən böyük fərq olduğunun şahidi olduq.

Yəni mağazalarda “yolka”ların qiymətləri 800-1500 manat arası dəyişdiyini gördük. Yəqin bundan daha yüksək qiymətə “yolka” tapa bilməyəcəyimizi düşünsək də, təəssüf ki, yenə yanıldıq.

Qarşımıza çıxan növbəti dükanlarda isə qiymətlərinin 2000-3000 manat arası dəyişən “yolka”ları gördük. Qiymətlərin niyə bu dərəcədə yüksək qiymətə olduğumu ilə maraqlandıq.

Adının açıqlamasını istəməyən satıcı dedi ki, buna səbəb şam ağaclarının hündürlüyüdür:

“Ümumiyyətlə, “yolka”ların hündürlüyü artdıqca qiymətlər də artır. Bu təbii haldır, çünki ona istifadə edilən material da artır. Həmçinin, xaricdən idxal edilən “yolka”ların qiymətləri çox yüksək olur. Çünki onun hazırlanmasına istifadə edilən materiallar baha olur, yol və gömrük xərcini nəzərə aldıqda qiymətlərin baha olması qaçınılmazdır. Onsuz da onlar bizə baha qiymətə gəlir. Biz də öz növbəmizdə qoyduğumuz pulu çıxartmaq və qazanc əldə etmək üçün bir az qiymət artımı etmək məcburiyyətində qalırıq”.

Mağazadan bir xeyli təəccüb içində havaya çıxaraq, fantastik qiymətlərin şokundan xilas olmağa çalışdıq.

Görünən odur ki, hər fürsətdə qiymət artıran satıcılar yeni il bayramında da bundan maksimum səviyyədə istifadə etməyə qərar veriblər. Burada ən böyük ziyanı isə yenə də uşaqlarına gözəl bayram ab-havası bəxş etməyə çalışan valideynlər yaşayırlar.

Onlar uşaqlarının sevincinə sevinc qatmaq və yeni ili gözəl şəkildə qarşılamalarını istəyirlər. Təəssüflər olsun ki, yeni ilin əsas simvolu olan “yolka”ların qiymətinin həddindən artıq baha olması alıcıların cibinə qətiyyən uyğun deyil. Çünki bir çox “yolka”lar əahilinin orta aylıq maaşı qədərdir. Hətta müşahidələrimiz zamanı orta aylıq maaşlarının 5-6 qatına satılan “yolka”lara da rast gəldik.

Çox istəyərdik ki, yeni il bayramında ən azından “yolka”ların qiyməti hər kəs üçün əlçatan olardı…

Həmçinin oxuyun

Bu cərimələrin məbləği iki dəfə artırılır

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cəirmələr iki dəfə artırılır.Bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.Dəyişikliklə …