Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / “Gah elliklə şadlıq sarayları tikirik, gah nar şirəsi ilə məşğul oluruq…”

“Gah elliklə şadlıq sarayları tikirik, gah nar şirəsi ilə məşğul oluruq…”

Müəllif: iş adamı Zeynulla Qurbanov, məxsusi olaraq virtualaz.org və haqqin.az saytları üçün

Məni bu məqaləni yazmağa saytınızda oktyabrın 26-da dərc edilmiş və “Ötən il 40 ton məhsul yığdım, amma yenə də xeyli ziyana düşdüm…” başlıqlı məqalə vadar etdi. Həmin məqalədə göstərilirdi ki, yüksək məhsuldarlıq və bazarda qiymətlərin aşağı olması üzündən feyxoa yetişdirən bəzi fermerlərə məhsulu bağlardan yığmaq sərfəli deyil. Çünki onun yığılması və daşınması çox baha başa gəlir, satış qiyməti çəkilən xərci belə ödəmir! Axı feyxoa arasında anbarlarda uzun müddət saxlamaq üçün yararlı olmayan yeganə sitrus meyvəsidir. (https://virtualaz.org/olke/150142)

Bu günlərdə prezident İlham Əliyev yeni iqtisadiyyat nazirini təyin edərkən onun qarşısında konkret, aydın vəzifələr -ölkənin sonrakı iqtisadi inkişafını qeyri-neft sektorunun bazasında qurmaq zərurətini qoydu. O, qeyd etdi ki, bu günkü prioritet ölkədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir.

Bəs 2016-cı ildən bəri prezidentin qarşıya qoyduğu bu vəzifələrin yerinə yetirilməsində nəyə görə nəzərəçarpan irəliləyişlər əldə edə bilmirik? Xüsusən də bu faktı nəzər alanda ki, həmin problemin həlli-kiçik ailə təsərrüfatlarının məhsullarının ixracının genişləndirilməsi əhalinin məşğulluğu məsələsinin həllinə və onun həyat səviyyəsinin yüksəldilməsinə də kömək edərdi.

Gəlin baxaq, İqtisadiyyat Nazirliyi 2016-cı ildən bəri bu sahədə nə edib və nə edə bilərdi?!

Mən artıq 20 ildir müxtəlif ticarət markalarının yaradılması və Rusiya bazarına çıxarılması ilə məşğul olan adam kimi, bu sahədə öz fikirlərimi çatdırmaq istərdim.

İqtisadiyyat Nazirliyinin başlıca strukturu- ölkədə istehsal edilmiş məhsulların ixracını təşkil edən AZPROMO aparıcı yerli istehsalçıların (kiçik, hətta orta istehsalçıların deyil) müxtəlif sərgilərdə iştirakını təşkil etməkdən, habelə bəzi ölkələrdə Azərbaycan Ticarət Evləri açmaqdan başqa kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmiyyətli iş görə bilməyib.

Qeyd etmək lazımdır ki, həmin iri və aparıcı şirkətlər-istehsalçılar özləri də belə beynəlxalq sərgilərdə iştirak edə bilərdilər, onların AZPROMO-nun xidmətlərinə xüsusi ehtiyacları yox idi.

Əgər AZPROMO bununla yanaşı 2016-cı ildən başlayaraq bazarın bütün müasir tələblərinə cavab verən kiçik ailə istehsal təsərrüfatlarının yaradılmasına hər cür dəstək versəydi, o cümlədən kiçik sahibkarların zəruri sertifikatlar və  məhsulun bazara çıxarılması üçün lazım olan digər sənədləri almaq yolları barədə treninqlər keçsəydi, habelə onların istehsal üçün zəruri, bahalı olmayan, lakin keyfiyyətli avadanlıqlar, məsələn cemlər, ev mürəbbələri və müxtəlif növ konservləşdirilmiş məhsullar istehsalı üçün avadanlıqlar əldə etməsinə kömək etsəydi, məhz həmin məhsulların beynəlxalq sərgilərə çıxarılmasını təmin etsəydi biz bu gün həmin sahədə tamamilə fərqli mənzərə görərdik. Fermerlər isə yetişdirdikləri məhsulları ağaclarda çürütməzdi və ziyana düşməzdi.

Axı kiçik ailə sahibkarlığı hər bir azərbaycanlının qanında var! Siz ancaq şərait yaradın, nəticə özünü çox gözlətməyəcək. Sadəcə olaraq aparılan treninqlərdə insanlara izah etmək lazımdır ki, istehsal etdikləri məhsulları necə düzgün qablaşdırmaq və təqdim etmək, onun ixraca yönəldilməski üçün lazım olan sənədləri necə əldə etmək olar.

Bu seqmentdə kiçik sahibkarların məhsullarının keyfiyyəti və sağlamlıq üçün faydası isə bir qayda olaraq iri istehsalçıların məhsullarına nisbətən xeyli yüksək olur!

İqtisadiyyat Nazirliyi müntəzəm olaraq bu cür kiçik istehsalçılar üçün avadanlıqların sərgisini təşkil edə bilərdi.

AZPROMO hələ 2016-cı ildə ölkədə mövcud olan “ASK” MMC müasir şüşə qablar zavodunda üzərində “Made in Azerbaijan” brendi olan müxtəlif ölçülü şüşə taraların istehsalına şərait yaratmalı idi. Yerli kiçik sahibkarlar isə dizaynına, keyfiyyətinə görə bazarın iri oyunçularının buraxdığı taralardan heç də geri qalmayan, hətta onları üstələyən belə taraları  öz məhsullarını qablaşdırmaq üçün məmuniyyətlə alardı. Belə şüşə taraların istehsalı üçün xüsusi press-formaların hazırlanmasına çəkilən xərc bir sərgidə iştirak xərcləri qədər olardı, hansı ki, onlarla sərgilər təşkil edildi və onların böyük hissəsi nəzərəçarpan nəticələrə gətirib çıxarmadı.

Yüksək keyfiyyətinə, təbii tərkibinə və cəlbedici dizaynına görə yerli kiçik sahibkarların məhsulları xarici bazarlarda böyük uğur qazanardı və iri istehsalçıların məhsullarından da baha qiymətə satılardı. Çünki bütün dünyada təbii, ekoloji təmiz məhsullardan istifadənin genişlənməsi tendensiyası kütləvi xarakter alıb. Sirr deyil ki, ərzaq məhsullarının istehsalının mexanikləşdirilməsi nə qədər yüksək olarsa onun da keyfiyyəti o qədər aşağı olur, o cümlədən konservantlardan daha çox istifadəyə gətirib çıxarır. Məsələn, indiyədək heç bir iri istehsalçı dadına və keyfiyyətinə görə evdə hazırlanan qoz mürəbbəsindən üstün olan mürəbbə hazırlaya bilməyib və s. Amma “QayMaq Premium Qida” məhsuluna diqqət yetirsək görərik ki, həm keyfiyyətinə, həm dizaynına görə iri istehsalçıların analoji məhsullarından sərfəli baxımdan fərqlənir. (https://www.facebook.com/qaymaq.azerbaijan/)

Yuxarıda göstərilən bütün bu tədbirlərin nəticəsində biz bu gün müxtəlif sərgilərdə kiçik sahibkarların məhsullarını təqdim edə bilərdik, hansı ki, onların buna həqiqətən ehtiyacları var!

Amma bunun əvəzində biz bu gün az qala bütün ölkə boyu nar şirəsi istehsal etməklə məşğuluq. Və ictimai təşkilatlar da məhz bu sahədə yaradılır (Nar istehsalçıları və ixracatçıları Assosiasiyası). Bütün səs-küylü bəyanatlara baxmayaraq hətta Azərbaycanın nar şərabı belə Rusiyanın ticarət şəbəkələrinin piştaxtalarında görünmür!

Daha effektli olardı ki, bu cür təşkilatlar öz səylərini və vəsaitlərini kiçik ailə təsərrüfatlarının inkişafına yönəltsinlər. Biz isə elliklə  ancaq gah Şadlıq sarayları tikirik, gah da hamılıqla nar şirəsi ilə məşğul oluruq!

Əgər hər il  nar şirələrinin ticarət əbəkələrinin piştaxtalarında necə təmsil olunduğu barədə xarici bazarların monitorinqi aparılsaydı yenə bunu anlamaq olardı, o cümlədən Rusiya bazarının. Ancaq biz bir dəfə də olsun bütün bu işlərin nəticələrini əks etdirən analiz görməmişik. Nəyə görə yaradılan Azərbaycan Ticarət Evləri bir dəfə olsun heç olmasa yerləşdikləri ölkələrdə belə monitorinqlər aparmayıb?!

2016-cı ildə mənim tərəfimdən ilk dəfə “Made in Azerbaijan” jurnalında belə monitorinq aparılmasına cəhd edildi və ilk dəfə ölkənin bütün aparıcı ixracatçılarının fəaliyyəti barədə analitik informasiya bir jurnalda cəmləndi. Bəs nəyə görə İqtisadiyyat Nazirliyi və onun müvafiq strukturları həmin işi daha yaxşı formada davam etdirmədilər?!

Feyxoa mövzusuna qayıdaraq qeyd etmək istəyirəm ki, hələ 2015-ci ildə AZGranata zavodunda nar şirəsi ilə yanaşı Rusiya bazarında keyfiyyətinə, dadına görə nəfis feyxoa nektarının istifadə üçün münasib tetra-pak paketlərdə təqdimatı üçün çox düzgün cəhd edilmişdi. Amma bir sıra subyektiv amillər ucbatından bu perspektivli və indiki reallığın da göstərdiyi kimi, çox vacib ideyanı axıra çatdırmaq mümkün olmadı!

2020-ci ildən AzGranata zavodunun rəhbərliyi bu işi yeni dizaynda, qablaşdırmada bərpa etməyə hazırlaşır və artıq gələn ilki məhsul mövsümündə bizim fermerlər öz məhsullarını çölə atmalı olmayacaqlar.

Qeyd etmək lazımdır ki, bu deyilənlərin bütün zəruriliyini və mühümlüyünü anlayaraq hələ 2005-ci ildə O’GRAE ticarət markası üzərində işə başladıq, sonradan həmin marka 2008-ci ilin yekunlarına görə prestijli “İlin Brendi/EFFİE 2008” mükafatını qazandı.

Bu gün biz ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifəni uğurla yerinə yetirə bilərik, bir şərtlə ki, İqtisadiyyat Nazirliyi müntəzəm olaraq bu istiqamətdə işin aşağıdakı əsas məqamlarını diqqətlə təhlil etsin:

-Daha çox ixrac potensialına malik olan məhsul növləri

-Ticarət markasının xarici istehlakçı üçün cəlbedici adı

-İxrac məhsuluna uyğun qablaşdırma dizaynı

-İxrac məhsulları üçün ən uyğun tara növləri

-Belə məhsullar üçün zəruri keyfiyyət, dad və vizual xarakteristikalar

-Məhsulun ünvanlandığı hədəf auditoriyası

-Rəqib istehsalçılar

-Öz məhsullarımızın rəqabət üstünlüyü (dad, qiymət, dizayn)

-Yeni bazarlara çıxmaq üçün ilkin marketinq büdcəsi , yəni malların bazara çıxarılmasına dair qərarlar qəbul edən mütəxəssislərə təsir mexanizmlərini əks etdirən reklam strategiyası üçün büdcə, (iri və kiçik ticarət şəbəkələrinin bayerləri, distribütor şirkətləri və s.)

-Məhsulun piştaxtalarda yerləşdirilməsindən sonra onun satışını təşviq etmək üçün marketinq büdcəsi, yəni satış yerlərində reklam, genişləndirilmiş düzüm, dequstasiya, habelə paralel olaraq istehlakçıya ünvanlanmış çöl və televiziya reklamı.

-Məhsulun istehsalçıdan istehlakçıya çatdırılmasına dair effektiv loqiqstika sxemlərinin işlənib hazırlanması.

Biznesin bu sahəsinin çoxmərhələli olması bütün bu prosesin insan amilindən çox güclü asılılığını nəzərdə tutur. Burada zəruri biliklərlə, yüksək peşəkarlıqla, təcrübə ilə yanaşı bütün mərhələlərdə kreativlik, drayv temperament və “gözlərdə alov” lazımdır. Uğur qazanmaq üçün əməkdaşların komandası gördükləri işi sevməlidir, lazımdır ki, ideya onların düşüncəsini zəbt etsin, onlar bu işlə “xəstələnsinlər”, istəsəniz lap qumar aludəçiliyində olduğu kimi…Əgər bu keyfiyyətlər yoxdursa insan nə qədər ağıllı olursa olsun, onda heç nə alınmayacaq.

Respublikada yaradılmış və dünya standartlarına cavab verən, böyük yatırımlar qoyulmuş istehsal sahələrinin kifayət qədər yüklənməmiş olmasının səbəbləri onların menecerlərinin məsuliyyətdən hər cür yayınmağa çalışması, ifrat təşəbbüskarlıq göstərib “nəzərləri cəlb etmək” və buna görə sahibkarların qarşısında cavab vermək qorxusu üzündən müstəqil qərarlar verə bilməməsi ilə əlaqəlidir. Hərçənd praktika göstərir ki, fəaliyyətsizlik üzündən dəyən ziyan daha çoxdur, nəinki nəyisə yaxşıya doğru dəyişmək arzusu ilə bağlı yaranan ziyan.Ona görə də çox vacibdir ki,  əsaslandırılmış düzgün qərarların vaxtında qəbul edilməsi üçün strateji baxış və operativ idarəçilik bir əldə cəmlənsin.

Bizə buna ümid etmək qalır ki, İqtisadiyyat Nazirliyinin yeni, genşləndirilmiş səlahiyyətlərə malik olan  yeni rəhbərliyi “mahiyyəti görmə” keyfiyyəti ilə seçilərək yaxın günlərdə bütün bu vəzifələrin öhdəsindən gələcək. Və biz tezliklə xarici ölkələrin ticarət şəbəkələrinin piştaxtalarında yerli kiçik istehsalçılarımızın unikal məhsullarını görə biləcəyik və öz ölkəmizlə fərx edəcəyik. Burada “Kadrlar hər şeyi həll edir!” məşhur frazasını xatırlatmaq yerinə düşərdi…

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …