Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Manşet / 10 il cəza almış “Gülübulağ”ın sahibi 3 il həbsxana həyatından sonra necə bəraət aldı…

10 il cəza almış “Gülübulağ”ın sahibi 3 il həbsxana həyatından sonra necə bəraət aldı…

3 il əvvəl  həbs edilən iş adamı  maddi və mənəvi ziyana görə təzminat tələb edəcək?… Demək olar ki, hər gün ölkəmizin məhkəmə-hüquq  sistemi ilə bağlı bir neçə rüsvayçı fakt oxumasaq olmur. 
Bir məsələni anlamaq lazımdır ki, bu tip məsələlərə illər öncə, zamanında Ulu Öndər dəqiq diaqnoz qoyub: “Dövlət iki  şeydən sarsılar: Günahkar cəzasız qalanda, Günahsız cəza alanda”. Ey Ulu Öndərin ucaltdığı bayrağın altında oturanlar. Ey Heydər Əliyevin şəkilini başının üstündən asanlar. Ey iki sözdən birində dövlət, dövlətçilik deyənlər…. 
Başa düşürsünüzmü, Ulu Öndər dövlətin sarsılmasının konkret səbəbini göstərib. Ey Ulu Öndərin hesabına vəzifə qazananlar, loru dildə desək, onun çörəyini yeyənlər ! Niyə, Ulu Öndərin min bir əziyyətlə qurduğu dövləti sarsıdırsınız..? 
Hər gün oxuyuruq ki, Azərbaycan məhkəməsi  filankəsin müsadirə olunmuş neçə milyonluq əmlakını geri qaytardı… Soruşan yoxdur ki, məhkəmə bu qədər əmlakı niyə müsadirə etmişdi və bu gün niyə geri qaytarır..? 
Bunun bir açıqlaması, əsaslandırlması olmalıdır ee… Əgər yuxarı instansiya məhkəməsinin qərarı ədalətlidirsə, niyə ədalətsiz qərar qəbul edən aşağı instansiya məhkəməsinin hakimi, müstəntiq və s cəza almır..? 
Bu gündə oxuyuruq ki, 10 il cəza alan  iş adamı 3 il həbsxanada olandan sonra bəraət alıb. Bəraət ee….BƏRAƏT… 
Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş “Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsində şikayət istintaq aparılmaqla yenidən araşdırılıb. Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci instansiya məhkəməsinin hökmünün ƏSASSIZ olduğunu deyib. 
Vəkil çıxışında müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu xatırladaraq onun öz şirkətindən “oğurluq etməsinin” real görünmədiyini deyib. Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov GÜNAHSIZ elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb. Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ olduğu qeyd olunub. 
Xarırladaq ki, Füzuli Adıgözəlov 3 il əvvəl- 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. İttihama görə, Füzuli Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, “Güllübulaq” MMC-yə məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib. 
Bundan başqa, Füzuli Adıgözəlov 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb. Hökmə əsasən Füzuli Adıgözəlov verilmiş ittihamlarla təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Bəs indi niyə hakim İlham Mahmudovdan soruşan yoxdur ki, sən günahı olmayan bir şəxsə necə 10 il cəza vermişdin..? 
Biz nə “Güllübulaq”ı, nə də onun sahibini tanımırıq. Bizi dövlətin Ulu Öndər demişkən, sarsılması narahat edir, cənablar….
P.S. Görəsən, Füzuli Adıgözəlovun həbsdən azad olunmasında kimin barmağı olub?  (Gündəlik-Bakı)

Həmçinin oxuyun

“Bu ölkədə qanun vardısa, niyə oğlumu işgəncə ilə öldürürdülər?”

Tərtər işgəncələrinin zərərçəkmişləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyasına cəhd edib Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr …