Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Afrin taktikası özünü doğruldur – Şərh

Afrin taktikası özünü doğruldur – Şərh

Dünya mediası Türkiyənin Afrin əməliyyatı çərçivəsində atdığı humanitar addımları nədənsə gözdən salmağa çalışır. Xüsusilə, kürdlərin Qərbi Avropada apardığı təbliğatın nəticəsi olaraq Türkiyə Silahlı Qüvvələrinin guya mülki əhalini də hədəfə aldığı barədə dezinformasiyalar Qərbi Avropa mətbuatında geniş yayılmaqdadır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Rusiyanın Su-57 tipli qırıcı-bombardmançı təyyarələrinin bir neçə uçuşu nəticəsində Suriyanın Quta şəhərində 400-dən artıq mülki insanın həlak olması barədə geniş həyəcan təbili çalınmır, amma Türkiyə Hərbi Hava Qüvvələrinin fəaliyyətini minimuma endirdiyi, yalnız bəzi artilleriya atəşləri və tank qoşunlarının hücumu ilə müşayiət edilən hərbi əməliyyatların indiki mərhələsində guya mülki əhalinin tələf olması haqqında uydurma xəbərlər yayılır:

“Maraqlıdır ki, həlak olan mülki insanlar haqda nə video-çarx, nə fotomaterial dərc etmək mümkün deyil. Çünki Türkiyə Silahlı Qüvvələri mülki əhali ilə terrorçuları bir-birindən ayırmağı yaxşı bacarır. Ona görə də mülki əhali demək olar ki, ziyan görmür. Türkiyə ordusunun komandanlığı tez-tez radio ilə, müxtəlif texniki vasitələrlə mülki əhaliyə çağırışlar edir. Həmin çağırışların məğzi bundan ibarətdir ki, mülki əhali bir yol tapıb terrorçuların onları ciddi nəzarət altında saxlamasından xilas olsunlar. Onlar Afrini bütünlüklə tərk etsinlər ki, Türkiyə ordusu hərbi əməliyyatları həyata keçirə bilsin. Zənnimcə, bu taktika özünü kifayət qədər doğruldur. Bu səbəbdən Qərb mətbuatının yazdıqlarının heç bir həqiqi əsası yoxdur”.

Q.Hüseynli onu da əlavə edib ki, Türkiyə xüsusi təyinatlıları terrorçuları mülki əhalidən ayırmaq üçün xüsusi əməliyyat keçirir:

“Belə məlumat var ki, terrorçular Afrinin ətrafından təxminən 30 min nəfərədək mülki əhalini qovaraq şəhərin mərkəzinə yığıblar və onlardan dəmir qalxan kimi istifadə etməyə çalışırlar. Türkiyə tərəfi bunu bildirkən sonra həm Afrinin bombardman edilməsini dayandırdı, həm də artilleriya atəşlərini, hərbi əməliyyatları şəhərin mərkəzindən ətraf bölgələrə, xüsusilə cənub bölgəsinə yönləndirdi. Afrinin mərkəzinə isə həm jandarma qüvvələrin, həm hərbi dəniz qüvvələri, həm də polisin xüsusi təyinatlıları yeridildi. Məqsəd burada mülki əhalini terrorçulardan qorumaq, həm də onlardan ayırmaqdır. Türkiyə ordusu yerlərdə əziyyət çəkən mülki əhaliyə tibbi yardım edir, eyni zamanda qida məhsulları göndərir. Bütün bunları görməyən Qərb mediasının ünvanına deməyə başqa söz tapmaq çətindir”.

Qeyd edək ki, Qərb mediasında Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı hərbi əməliyyat zamanı guya çoxlu sayda mülki insanların həlak olmasına dair məlumatlar yayılır.

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …