Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Dünya / Rusiyadan üç kəşfiyyat rəisinin Vaşinqtona müəmmalı səfəri

Rusiyadan üç kəşfiyyat rəisinin Vaşinqtona müəmmalı səfəri

Rusiyanın üç əsas kəşfiyyat və casusluq idarəsinin direktorları bu yaxınlarda ABŞ paytaxtına səfər ediblər. Müşahidəçilər Moskva və Vaşinqton arasındakı münasibətlərin son dərəcə gərgin olduğu bir vaxtda bu hadisəni “son dərəcə qeyri-adi” adlandırırlar.

Bundan əvvəl Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkinin bu günlərdə Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşərək terrorizm və başqa məsələləri müzakirə etdiyini təsdiqləmişdi.

Lakin Rusiyanın iki başqa kəşfiyyat idarəsi rəhbərlərinin – Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun və Baş Kəşfiyyat İdarəsinin (GRU) rəisi İqor Korobovun da ABŞ-da olması daha öncə məlum deyildi.

“The Washington Post” yanvarın 31-də xəbər verib ki, Bortnikov və Korobov ABŞ paytaxtına ötən həftə gəliblər. Bortnikov da Sergey Narışkin kimi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mark Pompeo ilə görüşüb. Korobovun isə Vaşinqtonda kiminlə görüşdüyü bilinmir.

Bu səfərlər prezident Donald Tramp administrasiyasının Rusiyaya qarşı yeni sanksiyaları elan etməsindən bir neçə gün əvvələ təsadüf edib. Lakin yanvarın 29-da elan edilmiş tədbirlər bir çox müşahidəçiləri təəccübləndirib. Əslində gözlənildiyi kimi aktivlərin dondurulması, səfər qadağanları və başqa sanksiyalar tətbiq olunmayıb.

Moskvada radioya verdiyi müsahibədə ABŞ səfiri Con Huntsman Rusiya kəşfiyyat başçıları ilə görüşlərin olduğunu təsdiq edib, lakin onların harada keçirildiyi barədə məlumat verməyib. Səfir “Exo Moskva” radiosuna deyib ki, yüksək səviyyədə bu görüşlər “çoxdan, lap çoxdan” gözlənilirdi. Rusiyanın Vaşinqtondakı səfirliyinin sözçüsü sorğu üçün göndərilmiş e-mail-ə dərhal cavab verməyib.

MKİ-nin sözçüsü isə Pompeonun görüşləri barədə şərh verməkdən imtina edib. Sözçü yalnız bunu deyib ki, bu görüşlər ABŞ qanunlarına uyğun şəkildə və müvafiq nazirliklərlə məsləhətləşmələr çərçivəsində baş tutub.

Pompeo yanvarın 29-da BBC-yə müsahibəsində deyib ki, ABŞ və Rusiya kəşfiyyat agentlikləri əməkdaşlıq ediblər. Lakin o əlavə edib ki, Rusiya hələ də rəqib tərəf hesab olunur.

AzadlıqRadiosu yazır ki, MKİ direktorları vaxtaşırı ən müxtəlif məsələləri müzakirə etmək üçün rusiyalı həmkarları ilə görüşürlər, lakin ABŞ kəşfiyyatının pensiyada olan bəzi əməkdaşları Rusiyanın bütün üç kəşfiyyat orqanı başçılarının eyni vaxtda səfərinin son dərəcə qeyri-adi göründüyünü söyləyiblər.

MKİ-nin Moskva bürosunun keçmiş rəhbəri Steven Hall deyib ki, o son 15 ildə üç Rusiya kəşfiyyat idarəsi rəhbərlərinin eyni vaxtda ABŞ paytaxtında olmasını xatırlamır.

ABŞ kəşfiyyatı FTX-ni və Baş Kəşfiyyat İdarəsini ABŞ-ın siyasi partiyalarının serverlərinə kiberhücumların arxasında durmaqda ittiham edib.Öz növbəsində Rusiyanın Xarici Kəşfiyyat Xidməti Birləşmiş Ştatlarda gizli fəaliyyət göstərən casuslara rəhbərlik edir. Belə casuslardan bir qrupu 2010-cu ildə ifşa edilərək ABŞ-dan deportasiya olunub.

Bu kəşfiyyat orqanı habelə Donald Tramp kampaniyasının üzvü Karter Peyci ələ almaq cəhdində ittiham olunur. Narışkinin Birləşmiş Ştatlara səfəri ABŞ senatorlarının ciddi narahatlığına səbəb olub. Konqres demokratlarının rəhbəri Çak Şumer Narışkinin ABŞ-a səfər qadağanı ola-ola bu ölkəyə necə gəlməsini sual edib.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …