Azər Həsrət: “Bizim müzakirəmizə çıxarılan məsələlərin tərkibində kriminal motiv daşıyan hallar az olmur”
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “reket” yönümlü mətbuat vasitələrinə qarşı mübarizədə yeni metodların tətbiq ediləcəyini deyib.
O bildirib ki, “reket” yönümlü mətbuat vasitələrinin olması bu gün də Mətbuat Şurasını narahat edir: “Biz görürük ki, bunlar yalnız Mətbuat Şurasının səlahiyyətində olan məsələlər deyil. Çünki burada nəsə tələb olunursa, iki tərəf iştirak edir. Media və qarşı tərəf. Biz bu məsələlərə tam aydınlıq gətirmək üçün belə qərara gəldik ki, Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının fəaliyyətini daha da genişləndirək.
Bununla bağlı “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının üzvlərinin artırılması nəzərdə tutulur. Bu komissiyaya media sahəsində nüfuzu olan KİV rəhbərlərini, jurnalistləri dəvət edəcəyik. Onların hesabına siyahını genişləndirəcəyik. Eyni zamanda, hüquq-mühafizə orqanlarını da buraya dəvət etmişik. Artıq danışıqlar aparılır. Bir sıra hüquq-mühafizə orqanlarından burada iştirak edənlər var. Bu hüquq-mühafizə orqanları – Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətidir. Bu orqanlardan biz komissiyanın üzvləri kimi nümayəndələr dəvət etmişik. Biz bununla daha geniş anlamda məsələlərin həllinə çalışacağıq”.
Mətbuat Şurası sədrinin sözlərinə görə, “reket”çiliyə qarşı mübarizə təkcə jurnalistika ilə bağlı məsələ deyil:
“Bunun qarşı tərəfi var. Bu məsələdə jurnalist-məmur münasibətləri diqqətdə saxlanmalıdır. Əgər belə olmasa, Mətbuat Şurasının keçirəcəyi tədbirlər də istədiyimiz qədər öz nəticəsini verməyəcək. Biz hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətimizi daha geniş çərçivədə qura bilsək, şikayətlər əsasında yalnız bir tərəfi deyil, şikayətlərin yaranma səbəblərini, orada iştirak edən tərəflərin fəaliyyətini müzakirə etsək, yəqin ki, kifayət qədər nəticələr əldə edə bilərik”.
“Reket” yönümlü mətbuatla mübarizədə MŞ-nin güc nazirliklərinin də köməyindən istifadə edəcəyini necə dəyərləndirmək olar?
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, biz çox istərdik Mətbuat Şurasının adı bu cür məsələlərdə hallanmasın: “Bilirsiniz ki, MŞ-nin başlıca vəzifəsi peşəkar media ilə ictimaiyyət, dövlət qurumları arasındakı münasibətləri tənzimləməkdən ibarətdir. Ancaq təəssüflər olsun ki, bu gün ölkədəki boşluqdan istifadə edib jurnalist adına iddia edənlər də az deyil. Onların fəaliyyətini araşdıranda məlum olur ki, bu adamların jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, qəzet və ya sayt təsis edib məmurları incitməklə məşğuldurlar. Biz də başa düşürük ki, Mətbuat Şurasının müvafiq komissiyanın tərkibinə güc qurumlarını dəvət etməsi birmənalı qarşılanmır. Ancaq indiki vəziyyətdə buna məcburuq. Çünki bizim müzakirəmizə çıxarılan məsələlərin tərkibində kriminal motiv daşıyan hallar az olmur. Çox istərdik ki, hüquq-mühafizə orqanları bu işi Mətbuat Şurasının üzərinə buraxmasın. Biz dəfələrlə bu barədə müraciətlər etmişik, ancaq sizin də bildiyiniz elə hallar olub ki, həmin “reket”lərə gücümüz çatmayıb. Yəqin ki, bu, bir müddət sonra öz yoluna düşəcək və belə hallarla birbaşa hüquq-mühafizə orqanları məşğul olacaq”.
Məhəmmədəli QƏRİBLİ