Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Sosial / Tramp Putinlə razılaşmaq istəyirdi: Bəs, nə oldu?

Tramp Putinlə razılaşmaq istəyirdi: Bəs, nə oldu?

Günün əsas sualı budur: Axı ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə razılaşıb Suriyada birgə hərəkət etmək istəyirdi, bəs nə oldu ki, Əsədin hərbi mövqelərini bombalamaqla Kremllə münasibətləri korladı?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın Suriyada rejim qüvvələrini ilk dəfə bombalamasına münasibət bildirərkən qeyd edib. E.Şahinoğlu Trampın bu addımı məcburiyyət qarşısında atdığını deyib:

“Məsələ burasındadır ki, Əsəd rejimi və Putin Trampa başqa seçim qoymadılar. Kreml Əsədə dəstək verəndə anlamalıydı ki, gələcəkdə bunun neqativ nəticələri olacaq. ABŞ-ın keçmiş prezidenti Barak Obama 4 il əvvəl demişdi ki, Əsəd kimyəvi silahdan istifadə etsə, bu Vaşinqton üçün “qırmızı xətt” olacaq və belə olan halda “biz onu cəzalandıracağıq!” Əsəd bu sözlərdən sonra kimyəvi sılahdan istifadə etdi, Obamanın tükü də tərpənmədi, sözü yerə düşdü, Əsəd bu yolla faktiki olaraq Obamanı aşağıladı.

Tramp Obama olmaq istəmir. Ona görə də Əsədin kimyəvi silah tərbiyəsizliyinə dözmədi və açıq dedi ki, “qırmızı xətlər” çoxdan aşılıb. Bu Əsəd və Putinə işarəydi ki, məni hövsələdən çıxarmayın, sizin üçün Obama deyiləm.

Əgər Tramp kimyəvi silahdan istifadəyə reaksiya verməsəydi, bu onun super dövlətin başçısı kimi imicinə zərbə olardı. Tramp düzgün taktika seçdi”.

Politoloq vurğulayıb ki, Rusiya mürəkkəb duruma sürüklənib: “Kreml Əsədə verdiyi dəstəyə görə Trampla bəri başdan münasibətləri soyutdu, halbuki Putinin ona ümidi var idi, Krım və Donbas məsələsində Ağ Evin yeni sahibi ilə anlaşacaq. Kreml Ukraynadakı mövqeyini də Əsədə qurban verir. Kreml Əsədə görə tərəfdaşları olan Türkiyə və İsraillə də qarşı-qarşıyadır. Çünki hər iki dövlət Trampın son addımını dəstəkləyiblər. Guya Kreml Əsədin bütün kimyəvi silahlarını toplamışdı. İndi bəlli olur ki, ya Kreml səhlənkarlıq edib, bütün kimyəvi silahları toplamayıb, ya da Əsədin əlində bir miqdar kimyəvi silahın varlığına göz yumub. Nə olursa-olsun, Suriyada dinc sakinlərin qətlinə görə Kreml də məsuliyyət daşıyır. Bu cür vəziyyətdə Əsədlə silahlı müxalifət arasında atəşkəsə riayət etmək çətin olacaq”.

E.Şahinoğlu ABŞ-ın bu bombardmanın ardınca quru qoşunlarından istifadə etməyəcəyi qənaətindədir:

“Tramp hələ ki, quru qoşunlarını Suriyaya soxmayacaq. Ancaq Tramp birinci addımını atdı və əgər Əsəd yenə kimyəvi silahdan istifadə edərsə, Amerika raketləri yenə Suriya ordusunun mövqelərini bombalayacaq”.

Həmçinin oxuyun

Protokol: “Unibank” icra məmurunun tələblərini yerinə yetirməyib

“Unibank Kommeriya Bankı” ASC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati …

Bir cavab yazın