Ana səhifə / Tibb / Beyləqan Mərkəzi Rayon Xəstəxanasında vəziyyət necədir?

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında vəziyyət necədir?

Beyləqan səhiyyəsində vətəndaşlara günün tələbləri səviyyəsində xidmət göstərilir…

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır, onların hər biri hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq münasibətlər, ədəbiyyat, incəsənət, təhsil və s. Müvafiq olaraq tibb işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.
Ümummilli lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini tuturdu. Tale elə gətirmişdi ki, ulu öndər ömür–gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva ilə birgə o dövrdə təbabət qarşısında duran başlıca problemlər üzərində düşünür, ən ağrılı məsələləri müzakirə edir, həllinə nail olurdular.
Aprelin 28-də bütün xalqımız, eləcə də ölkənin tibb ictimaiyyəti akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirdilər. Həmin gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Beyləqan, Füzuli, Xocavənd rayon sakinlərini qəbul edib. Beyləqan, Füzuli, Xocavənd rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 29 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, cərrahi əməliyyatlar, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib. Qəbul edilən xəstələr və xəstə yaxınları onlara göstərilən tibbi xidmətdən razılıqlarını bildirdilər.
Əlbəttə, razılıqlara, minnətdarlıqlara ünvan olmaq üçün həkimlər kollektivinə rəhbərlik edən şəxsin üzərinə isə ikiqat, üçqat məsuliyyət düşür. O, elə ünsiyyət yaratmalıdır ki, həkimlər özlərini inamlı və məsuliyyətli, xəstələr isə rahat, təyin olunan müalicənin düzgünlüyünə əmin hiss etsinlər. Haqqında söz açdığımız doktor Nurəngiz Bəşirova məhz bu sadaladığımız üstün keyfiyyətlərə malik tibb işçilərindəndir.
Rayon əhalisi təsdiqləyir ki, Beyləqan səhiyyəsi üçün ən yaxşı hədiyyə Nurəngiz Bəşirovanın Mərkəzi Xəstəxananın direktoru vəzifəsinə təyinatı olub. Nurəngiz xanım kollektivdə olduqca sağlam, işgüzar atmosfer yaradıb. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərir.
İşlədiyi əvvəlki tibb müəssisələrində olduğu kimi, Beyləqan MRX-da da N.Bəşirovanın fəaliyyəti həm pasientlər, həm tibb ictimaiyyəti, həm rayon rəhbərliyi, həm TƏBİB, həm də Səhiyyə Nazirliyi (SN) tərəfindən yüksək qiymətləndirilir. Nurəngiz həkimin səmərəli idarəçiliyinin nəticəsidir ki, qısa zaman kəsiyində Beyləqan səhiyyəsində müsbət dönüş yaranıb. Hətta qonşu rayonların sakinləri də keyfiyyətli tibbi xidmət üçün bölgənin ən nüfuzlu tibb müəssisəsi olan Beyləqan Mərkəzi Rayon Xəstəxanasına üz tuturlar.
Şəxsən özü Birinci Qarabağ savaşının veteranı olan Nurəngiz Bəşirova 2020-ci ildən indiyədək Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvlərinə, müharibə veteranlarına olduqca həssas yanaşır, onların sırasından 167 nəfəri işə götürüb.

Şərəfli peşənin müsafirləri olan Nurəngiz Bəşirovaya və onunla çiyin – çiyinə çalışan həmkarlarına ilk növbədə can sağlığı və insanların sağlamlığı naminə fəaıliyyətlərində uğurlar arzulayırıq.


RAMİN MƏHƏMMƏDOĞLU,
RealMedia.az xəbər portalının baş redaktoru

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …