Şənbə , May 11 2024
Ana səhifə / Sosial / “Vəd olunan güzəştli kreditlər, sahibkarları bütün növ öhdəliklərini vaxtında yerinə yetirməyə sövq edib”

“Vəd olunan güzəştli kreditlər, sahibkarları bütün növ öhdəliklərini vaxtında yerinə yetirməyə sövq edib”

Koronavirus pandemiya bir sıra ölkələrdə məcburi dövlət sosial sığorta haqlarının yığım səviyyəsinə bu və ya digər formada mənfi təsir göstərib. Məsələ ondadır ki, iş yerlərinin azalması və digər bu kimi mənfi hallar buna öz təsirini göstərib.

Azərbaycanda isə bu ilin 6 ayının göstəricilərində həm büdcə, həm də qeyri-büdcə sektoru üzrə artım qeydə alınıb. Bu ilin birinci yarısında məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 1,7 milyard manatdan çox olub. Bu da proqnozlaşdırılan rəqəmdən 14,7 faiz çoxdur. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 218,8 milyon manat təşkil edib. 2020-ci ilin 6 ayı ərzində toplanan məbləğ ötən ilin göstəricisindən 434,6 milyon manat və ya 34.1faiz çoxdur. Daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən büdcə sektoru üzrə 235,7 milyon manat, qeyri-büdcə sektoru üzrə 198,9 milyon manat çox olub. Göründüyü kimi, həm büdcə, həm də qeyri-büdcə sektoru üzrə daxilolmalar artıb. Pandemiya şəraitində ölkədə müşahidə edilən belə müsbət tendensiya nədən irəli gəlir?

Məsələyə münasibət bildirən iqtisadiyyat üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, qeyd olunan müsbət tendensiya bir sıra amillərlə bağlıdır: “Bu, ilk növbədə, onunla bağlıdır ki, ölkədə son illər aparılan struktur dəyişiklikləri artıq öz müsbət nəticələrini verməyə başlayıb. Sosial sığorta haqları üzrə yığımların aparılmasının Dövlət Sosial Müdafiə Fondundan alınaraq Vergilər Xidmətinə həvalə olunması bu sahədə ciddi irəliləyişlərin baş verməsi ilə nəticələnib. Artıq sözügedən proses davamlı xarakter alıb. Digər mühüm bir məsələ ölkədə vergi mədəniyyətinin inkişafı və bu sahədə nizam-intizamın möhkəmlənməsidir. Prosesə həm də pandemiya dövründə dövlətin sahibkarlıq subyektlərinə etdiyi və etməsi gözlənilən güzəştlərin böyük təsiri olub. Vəd olunan güzəştli kreditlərə çıxış imkanları əldə etmək istəyi sahibkarları bütün növ öhdəliklərini vaxtında yerinə yetirməyə sövq edib. Bir sözlə, pandemiya şəraitində sosial sığorta haqlarının toplanması sahəsində yaranan müsbət tendensiya dövlətlə sahibkarlıq subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizminin yaradılması və icrası sayəsində mümkün olub. Bu tendensiyanın qarşıdakı dövrdə də qorunub saxlanılması üçün bu mexanizmin şəffaf fəaliyyətinin təmin olunması zəruridir. Yaranan imkanlardan istifadə edərək sahibkarların kredit ehtiyacları vaxtında ödənərsə, bu, ölkə iqtisadiyyatının pandemiyadan daha az itki ilə çıxmasını şərtləndirəcək”.

Ekspertin şərhindən belə məlum oldu ki, bir sıra faktorlar bu məsələdə müsbət rol oynayıb. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“Mənzil bazarında qiymət artımı ilə bağlı yayılan məlumatlar yalandır”

“Mənzil bazarında qiymət artımı ilə bağlı yayılan məlumatlar yalandır”. Bu barədə əmlak məsələləri üzrə ekspert …