Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial / Ünvanlı sosial yardımla bağlı şərtlərin yumuşaldılması əlçatanlığı artacaqmı? – ŞƏRH

Ünvanlı sosial yardımla bağlı şərtlərin yumuşaldılması əlçatanlığı artacaqmı? – ŞƏRH

Sosial yardımın şərtləri yumşaldılır, əlçatanlığı asanlaşır, əhatəsi genişlənir. “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qəbul edilən yeni qanun layihəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım proqramının şərtlərinin yumşaldılmasına və proqramın əhatə dairəsinin genişlənməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən xəbərə görə, sənəddə qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapır.

Nəzərdə tutulan yeniliklərdən biri budur ki, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək.

Həmçinin sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb. 

Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihəsi də artıq hazırlanıb.

2020-ci ildə ünvanlı dövlət sosial yardımı kimlər alacaq ...

Bu Qaydalarda da ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir. 

Bu istiqamətdə də dəyişiklik kimi, həmin nisbət 10 faizdən 15 faizə çatdırılır. 

Daha bir yenilik kimi, ünvanlı sosial yardım üçün müraciət  edərkən tələb olunan  məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların vətəndaşlar tərəfindən ərizə-bəyannamədə bəyan edilməsi tələbi aradan qalxacaq. Yəni, ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edərkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və s. ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qalmayacaq.

Beləliklə, həm ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün əlçatanlığı asanlaşacaq, həm də ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılacaq. 

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək ...

Pərviz Heydərov

İqtisadçı ekspert Pərviz Heydərov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkədə əhalinin sosial müdafiəsinin daha da effektli və keyfiyyətli, ünvanlı və təyinatına uyğun təşkil olunması üçün keçən ildən geniş bir siyasət başladıldı: Əhalinin sosial müdafiəsi elə bir məsələdir ki, burada konkret, bitkin və alternetivsiz bir mexanizm kəşf etmək üçün müəyyən bir vaxt və təcrübə lazımdır. Bizdə ünvanlı sosial yardım neçə illərdir ki, verilir. Ancaq ildən-ilə, vaxt keçdikcə həmin ünvanlı sosial yardımın verilməsi prosedurlarına, mexanizmlərə dəyişikliklər edilir. Bu dəyişikliklərə nəzər salanda görürük ki, hökumət verdiyi pulun daha çox təyinatlı olmasına, həqiqətən sosial müdafiə xarakteri daşımasına əhəmiyyət verir”.

Iqtisadçının sözlərinə görə, hökumət çalışır ki, əhalinin sosial müdafiəsi üçün həyata keçirdiyi maliyyələşmədə elə bir effektivliyə nail olsun ki, bu vətəndaşlarda onların sosial ehtiyaclarını ödəməklə yanaşı, ələbaxımlılıq yaratmasın: “Bəzi ekspertlərdə, o cümlədən əhalidə də belə bir fikir var ki, dövlətin maliyyə imkanları böyükdür, bizim Neft Fondumuz var, neft pulları var. Doğrudur, maliyyə ehtiyatlarımız Azərbaycan kimi kiçik bir ölkə üçün kifayət qədər yüksəkdir, neftimiz var, yaxın gələcəkdə Avropaya qaz ixrac edəcəyik, əlavə valyuta ehtiyatlarımız olacaq. Ancaq bütün bunlar əsas yaratmır ki, əhalini ərəb ölkələrindəki kimi yardımla, sosial ehtiyaclarını ödəmək məqsədilə vəsaitlər paylansın, bütün sərvətlər, milli gəlir əhali arasında bərabərhüquqlu şəkildə bölünmüş hesab olunsun. Bu belə deyil və gələcək strateji inkişaf tələblərinə cavab vermir. Azərbaycan hökuməti 2019-cu ilin əvvəlindən başlanan islahatlarla, atılan addımlarla, ünvanlı sosial yardım prosedurlarını sadələşdirməklə, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatını gücləndirməyə çalışır. Eyni zamanda onların məşğulluğunun təmin olunması üçün də şərait yaradılmasına yönəlik addımlar atılır. Daha çox əhalinin məşğulluğa cəlb edilməsinə stimul yaradılır”.

P.Heydərov vurğuladı ki, son dəyişikliklərdə əsas cəhətlərdən biri də budur ki, burada ədalətlilik prinsipi daha geniş təmin olunub: “Əvvəllər bir çox hallarda kredit borcunun olması, kommunal və rabitə xərcləri ilə bağlı maddələr bir qədər sərt xarakter daşıyırdı. Bunun səbəbləri də o idi ki, əvvəllər kölgə iqtisadiyyatı daha geniş idi, büdcədən xərclənən vəsaitlərdə təyinatlılıq prinsipi indiki səviyyədə deyildi. O baxımdan bu cür ünvanlı sosial yardım kimi mexanizmlərdə ədalətlilik prinsipi yüksək səviyyədə təmin olunmurdu. Kölgə iqtisadiyyatına qarşı mübarizə, əmək müqavilələrinin sayının getdikcə artması və sair bu kimi proseslər dövlətə imkan verir ki, həyata keçirdiyi ünvanlı sosial yardım əhalinin sosial müdafiəsinin təşkili mexanizmlərində ədalətlilik prinsipinə də daha çox diqqət edə bilsin və bu keyfiyyət artırılsın”.

Həmçinin oxuyun

İstehlak bazarında qiymətlər – Nələr bahalaşıb?

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100,0 faiz, o …