Ana səhifə / Sosial / Qəsəbələrdə Hepatit A virusu yayılıb: “Bütün məhlə xəstəxanadadır”

Qəsəbələrdə Hepatit A virusu yayılıb: “Bütün məhlə xəstəxanadadır”

Bakının Bülbülə, Əmircan qəsəbələrinin əhalisi arasında 2023-cü ilin sonlarından etibarən Hepatit A virusu xəstəliyi yayılıb. El içində “sarılıq” kimi tanınan xəstəliyin yoluxuculuğundan ehtiyatlanan sakinlərin çoxu uşaqları məktəbə göndərmir.

Qəsəbədə bəziləri ehtiyat tədbiri olaraq maskadan istifadə edir. Qəsəbə sakinləri deyir ki, Bülbülə dəmiryolu xətti ərazisindən keçən istismar müddəti bitmiş kanalzasiya borusundan axan çirkab suları içməli suya qarışır.

Həmin sulardan içən əhali də Hepatit A virusuna yoluxur. Bülbülə qəsəbəsinin Əzizbəyov küçəsində az qala hər ailədə virusa yoluxanlar var. Hepatit A virusu əsasən yeniyetmələr və gənclər arasında yayılıb. Xəstə yaxınları virusun yayılmasıyla bağlı araşdırılma aparılmasını tələb edirlər. Qəsəbə sakinləri virusun sudan yayıldığını ehtimal etsə də, “Azərsu” ASC-dən bildirilib ki, içməli su şəbəkəsində hər hansı bir problem aşkarlanmayıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayaraq bildirib ki, su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb.

“Azərsu” ASC-nin açıqlaması isə hər səhər sudan kəskin qoxu gəldiyinə şahid olan qəsəbə sakinlərini inandıra bilmir. Bəziləri suyu pulla alır, buna gücü çatmayan ev şəraitində suyu təmizləməyə çalışırlar. Mütəxəssislər bildirir ki, Hepatit A virusunun əsas mənbələri çirkli su və ya qida, yoluxmuş insanlarla təmasdır.

TƏBİB-in verdiyi məlumata görə, 2023-cü ilin noyabr ayından etibarən tibb müəssisələrinə Hepatit A diaqnozu ilə xəstələr daxil olmağa başlayıb. Yoluxma daha çox Bakı şəhəri üzrə Suraxanı və Sabunçu rayonu ərazisində yaşayanlar arasında müşahidə olunur. Səhiyyə Nazirliyi və TƏBİB ölkə üzrə nə qədər şəxsin son aylarda Hepatit A virusuna yoluxduğu ilə bağlı sualımıza cavab verməyib.

Həmçinin oxuyun

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir?

“Pilot-16” MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa …